
Enerji təhlükəsizliyi günümüzdə hər bir dövlətin milli təhlükəsizlik strategiyalarında əsas yer tutur. Hətta o da inkaredilməz həqiqətdir ki, enerji resurslarına davamlı, əlçatan və sərfəli çıxış iqtisadi inkişafın, sosial sabitliyin, hətta siyasi müstəqilliyin mühüm şərtidir. Bütün bunlar kontekstində Cənubi Qafqaz regionunda Ermənistan üçün enerji təhlükəsizliyi xüsusilə həssas məsələdir. Məhdud daxili resurslar, regional kommunikasiyalardan kənarda qalma və yüksək idxal asılılığı bu ölkənin enerji sistemini risklərə açıq edir. Bu fonda Azərbaycanın Ermənistanın enerji təhlükəsizliyində mümkün rolu İrəvanda getdikcə daha böyük maraq doğurur. Çünki Azərbaycanla sözügedən müstəvidə əməkdaşlıq Ermənistan üçün tamamilə yeni perspektivlər açır.
Qeyd edilməlidir ki, Ermənistanın enerji təminatı əsasən üç mənbəyə söykənir: “Metsamor” Atom Elektrik Stansiyası, idxal olunan təbii qaz və bərpa olunan enerji mənbələri. Təbii qaz idxalı demək olar ki, əsasən Rusiyadan, qismən də İrandan həyata keçirilir. Atom elektrik stansiyası isə istismar müddətini xeyli aşmış texnologiyaya malikdir və həm təhlükəsizlik, həm də davamlılıq baxımından ciddi narahatlıqlara səbəb olur. Bərpa edilən mənbələrdən enerji təminatı isə az bir paya sahibdir. Ölkənin benzin və dizel yanacağına tələbatı da idxal hesabına həyata keçirilir. Mövcud durumda Ermənistanın enerji təhlükəsizliyi diversifikasiya və regional əməkdaşlıq olmadan uzunmüddətli perspektivdə təmin edilə bilməz. İrəvanda da nəzərə alınır ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş enerji infrastrukturlarına və regional enerji layihələrində aparıcı rola malik dövlətdir. Qeyd olunan kontekstdə Azərbaycanla enerji müstəvisində əməkdaşlıq Ermənistan üçün çoxsaylı üstünlüklər yaratmaq iqtidarındadır. Bunun əyani nümunəsi qismində Gürcüstan çıxış edir. Məhz Azərbaycanla enerji sferasında da sıx işbirliyi Gürcüstanın çox böyük əhəmiyyətə malik dividendlər əldə etməsinə səbəb olub. Analoji dividendlərdən Ermənistan da yararlana bilər və bunun üçün əlverişli zəmin də formalaşır.
Azərbaycan öz ərazisindən Ermənistana yönəlik tranzit embarqosunu ləğv etdikdən sonra neft və neft məhsullarının da bu ölkəyə göndərilməsi ilə bağlı müzakirələr aparılır, müəyyən addımlar atılır. Məlumdur ki, Azərbaycanın Ermənistana neft və neft məhsulları göndərməsi ilə bağlı danışıqlar iki tərəf arasında Qəbələdə müzakirə olunub. Ermənistan baş nazirin müavini Mher Qriqoryan təsdiqləyib ki, Azərbaycandan ölkəsinə neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda Qəbələdə həmkarı Şahin Mustafayevlə müzakirə olunub: “Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var”. Mher Qriqoryan Azərbaycandan yanacaq idxalının hansı həcmdə olduğu, hansı erməni şirkətlərinin bu nefti almaq niyyətində olduğu, Azərbaycanın Ermənistana neft və neft məhsullarını hansı qiymətə satmağa hazır olduğu və Rusiyadan idxal edilən yanacaqla rəqabətədavamlı olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb: “Yanacaqla bağlı gələcək fəaliyyət artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsindədir və mümkün əməliyyatların şərtləri bazar əsaslı olacaq”. Ermənistan və Azərbaycan Azərbaycan yanacağının idxalından başqa, qarşılıqlı ticarətin hansı digər sahələrini nəzərdən keçirirlər? Mher Qriqoryan bu suala konkret cavab verməyib və qeyd edib ki, digər məhsullarla bağlı müzakirələr hələ də davam edir.
Artıq o da məlum olub ki, hazırda Azərbaycan yanacağını idxal etməkdə maraqlı olan konkret Ermənistan şirkətləri ölkəmizlə danışıqlara başlayıblar. Məlumatı təsdiq edən Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ticarət sirlərinə istinad edərək bu şirkətlərin adlarını açıqlamaq istəməyib: “Deyə bilmərəm ki, bu mərhələdə bunu demək çox problemlidir, yəni onlar bunu bəyan etməlidirlər, bu, onların ticarət sirridir”. Azərbaycan yanacağının Ermənistan bazarında rəqabətədavamlı olub-olmadığı soruşulduqda, Papoyan bu suala iş adamları tərəfindən cavab verilməli olduğunu bildirib: “Əgər rəqabətədavamlıdırsa, bazara daxil olacaq. Dövlətin işi rəqabətə təsir etmək deyil, dövlətin işi mümkün qədər çox imkan yaratmaqdır. Qalanı özəl sektorun danışıqlar aparması, danışmasıdır. Bunlar yalnız biznes icmasının cavab verə biləcəyi suallardır”.
Bir neçə şirkət Ermənistanın yanacaq bazarında, xüsusən də benzin bazarında liderdir. Onlardan biri iş adamı Aşot Salazaryana məxsus “CPS Energy Group”dur. İkinci ən böyük şirkət iş adamı Barseq Beqlarayana məxsus “Flash”dır. Benzin və dizel yanacağı idxal edən “Max Oil” şirkəti də Ermənistan yanaca bazarında böyük paya sahibdir. Belə şirkətlər arasında hakim partiyadan olan millət vəkili Xaçatur Sukiasyanın ailəsinə məxsus “Sil Capital” şirkətinin bir hissəsi olan “Mega Trade” də var.
Rəsmi məlumatlara görə, Ermənistan ötən il 490 min ton yanacaq idxal edib ki, bunun da 300 mini və ya 62 faizi Rusiyadan gəlib. Benzin və dizel yanacağının idxalı üçün Azərbaycan tərəfi ilə danışıqlara erməni şirkətləri tərəfindən kimin başladığı dəqiq məlum deyil. Ermənistanın “Past” qəzeti isə belə bir məqama diqqət yönəldir ki, Azərbaycan benzininin Ermənistanda ümumi benzinin qiymətinə necə təsir göstərəcəyi çox maarqlıdır. Çünki Azərbaycanda benzinin 1 litri 0,6 dollara, Ermənistanda isə 1,36 dollara satılır. Erməni iqtisadçı Suren Parsyan isə vurğulayır ki, Azərbaycanın SOCAR şirkətinin Gürcüstanda öz şəbəkəsi var və bu şəbəkə Gürcüstan bazarına rəqabətli qiymətlər təklif edir. Perspektivdə eyni enerji siyasəti Ermənistan üçün də keçərli ola bilər. Artıq o da bəllidir ki, Gürcüstan ilk dəfə üçün Azərbaycan yanacağının Ermənistana dəmir yolu ilə pulsuz daşınacağını bildirib.
İstənilən halda Azərbaycanın Ermənistanın enerji təhlükəsizliyində rol oynaması üçün yeni şərtlər mövcuddur. Perspektivdə təbii qaz, elektrikenerjisinin ixrac və idxalı istiqamətlərində də əməkdaşlıq istisna olunmur. Uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi, işğal siyasəti və nəqliyyat-kommunikasiya xətlərinin bloklanması belə bir əməkdaşlığı mümkünsüz edib. Azərbaycanın dəfələrlə vurğuladığı kimi, regional layihələrdə iştirak sülh, beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanmalıdır. Ermənistanın bu istiqamətdə Azərbaycanın yanaşmasını qəbul etməsi enerji sahəsində də əməkdaşlığın açarı ola bilər. Eyni zamanda, Azərbaycanın bu prosesdə rolu yalnız iqtisadi deyil, strateji və diplomatik xarakter daşıyır. Enerji əməkdaşlığı Ermənistanı regional izolyasiyadan çıxara, Cənubi Qafqazda qarşılıqlı asılılığa əsaslanan yeni təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verə bilər. Bu isə region üçün uzunmüddətli sabitlik və inkişaf perspektivləri yaradar.
MTM Analitik Qrup
