AZƏRBAYCAN ERMƏNİSTANI FAKT QARŞISINDA QOYDU

Azərbaycanın 2025-ci ildə hərbi xərcləri 468.0 milyon manat (275.2 milyon dollar) azalacaq. Ermənistanın sürətlə silahlanması fonunda Bakı bu addımı ataraq Ermənistanı və onu silahlandıranları fakt qarşısında qoyub. Lakin bu qərarın qəbul olunmasında digər amillər də mühüm rol oynayıb. Belə ki, Bakı bu addımı atarkən iqtisadi strategiyaları, təhlükəsizlik şəraitini, regiondakı geopolitik dəyişiklikləri, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan genişmiqyaslı quruculuq işlərini də diqqət mərkəzində saxlayıb.

Ermənistan uzun müddətdir ki, Azərbaycanın hərbi gücü və büdcəsi ilə rəqabət aparmaqda çətinlik çəkir. Azərbaycanın hərbi xərclərinin azalması Ermənistanı müəyyən qədər rahatlaşdıra bilər, çünki hərbi təhdid səviyyəsi avtomatik aşağı enir. Lakin bu, o demək deyil ki, Azərbaycan hərbi sahədə rəqabət qabiliyyətini itirəcək. Çünki onun hərbi arsenalında yer alan silahlar Ermənistanın bütün təhlükələrini dəf etməyə qadirdir.

Azərbaycanın hərbi büdcəsini azaltması beynəlxalq arenada nəzərə alınması vacib olan faktdır. Bu həmlə Ermənistan üzərində müəyyən diplomatik təzyiq yarada bilər. Çünki Azərbaycanın bu addımı regionda gərginliyi azaltmaq üçün olduqca müsbət addım kimi qiymətləndirilməlidir. Bakının bu həmləsi qarşısında Ermənistan hərbi xərclərini artırmağa davam edərsə, bu, ikitərəfli və regional sülh təşəbbüslərinə mənfi təsir göstərə bilər.

Azərbaycanın hərbi xərclərini azaltmaqla iqtisadiyyata və sosial sahələrə daha çox sərmayə yatırması Ermənistan üçün çağırışdır. Bu, həm də rəsmi Bakının himayəsi altında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların intensivləşdirilməsi, sülh qoruculuğu prosesinin dönməz xarakter alması, sülh təşəbbüslərinin daha çox Bakıda formalaşması təəssüratını gücləndirəcək. Ermənistan bu təşəbbüslərə adekvat reaksiya verməsə o zaman rəqabət qabiliyyətini daha da itirəcək.

Azərbaycan hərbi xərclərini azaldarkən Ermənistanın bu vəziyyətə necə reaksiya verəcəyi maraqlıdır. Təbii ki, Ermənistanın hərbi xərclərini artırmağa davam etməsi ölkənin digər sektorlarda inkişaf imkanlarını məhdudlaşdıracaq. Bu isə, Ermənistanı hərbi cəhətdən güclənmək, yoxsa iqtisadi və sosial sahələrə daha çox istiqamətlənmək kimi ciddi strateji seçimlər qarşısında qoyur.

MTM Analitik Qrup