AZƏRBAYCAN ERMƏNİ LOBBİSİ ÜZƏRİNDƏ NÖVBƏTİ MÖHTƏŞƏM QƏLƏBƏYƏ İMZA ATIR, TARİXİ ƏDALƏTSİZLİK ARADAN QALDIRILIR

Erməni lobbisinin təşəbbüsü və xüsusi fəallığı nəticəsində ABŞ Konqresi tərəfindən 1992-ci ildə  qəbul edilən “Azadlığa Dəstək Aktı”na əlavə olunan 907-ci düzəlişin yaxın tezlikdə brdəfəlik “tarixin zibilliyi”nə atılması gözlənilir. Bu, həm Azərbaycana qarşı illərdir davam edən ədalətsizliyin aradan qaldırılması, həm də ölkəmizin erməni lobbisi üzərində növbəti mühüm qələbəsi olacaq.

Xatırlatmaq lazım gəlir ki, ABŞ Konqresinin 33 il öncə qəbul etdiyi “Azadlığa Dəstək Aktı” postsovet məkanında müstəqillik əldə etmiş dövlətlərə siyasi, iqtisadi və humanitar yardım göstərilməsini nəzərdə tuturdu. Lakin bu sənədə edilən və yalnız Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəliş aktın ruhuna və beynəlxalq ədalət prinsiplərinə zidd bir yanaşma kimi tarixə düşdü. Sözügedən düzəlişə əsasən, ABŞ hökumətinə Azərbaycan dövlətinə birbaşa yardım göstərmək qadağan edilir, bu qadağa isə ölkəmizin guya Ermənistana qarşı “blokada” tətbiq etməsi iddiası ilə əsaslandırılırdı.

O da bəllidir ki, 907-ci düzəlişin qəbul edildiyi dövrdə Azərbaycan ağır siyasi və iqtisadi böhran yaşayırdə, eyni zamanda Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərinin təxminən 20 faizi işğal altında idi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Belə bir şəraitdə təcavüzə məruz qalan tərəfin cəzalandırılması beynəlxalq hüququn və ədalətin açıq şəkildə pozulması idi. Qeyd olunduğu kimi düzəlişin arxasında erməni lobbisinin ABŞ Konqresində apardığı sistemli və məqsədli fəaliyyət dayanırdı və bu faktor sənədin obyektivlikdən uzaq olduğunu bir daha sübut edir. Zaman keçdikcə 907-ci düzəlişin əsassızlığı daha aydın şəkildə ortaya çıxdı. ABŞ-ın öz maraqları baxımından belə bu düzəliş regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etmirdi. Elə bu kontekstdə 2001-ci il 11 sentyabr terror aktlarından sonra ABŞ administrasiyası milli təhlükəsizlik maraqlarını əsas gətirərək 907-ci düzəlişin icrasını hər il müvəqqəti dayandırmaq məcburiyyətində qaldı. Bu faktın özü belə düzəlişin artıq faktiki olaraq işlək olmadığını və formal xarakter daşıdığını göstərirdi. Düzdür, sonradan Bayden administrasiyası yenə ermənipərəst mövqe nümayiş etdirərək, sözügedən düzəlişin icrasını təmin etdi. Bu, Azərbaycana qarşı ədalətsizliyin təzarühü oldu, ancaq ABŞ-da hakimiyyət dəyişikliyindən sonra proses yenidən ölkəmizin lehinə, özü də daha sürətlə inkişaf etməyə başladı.

Cari ilin avqustun 8-də Prezident İlham Əliyevlə görüşən ABŞ lideri 907-ci düzəlişin icrasının ləğvi ilə bağlı müvafiq sənəd imzaladı. Eyni zamanda düzəlişin birdəfəlik ləğvi məsələsi üçün məsələ Konqresin də gündəminə gətirilib.  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edir ki, 907-ci düzəlişin tamamilə aradan qaldırılması üçün münbit şərait var. Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri fonunda 2025-ci il çox müsbət və zəngin il olub: “Vaşinqton görüşündə 907-ci düzəlişin dayandırılması barədə sənəd imzalanıb. Bu, mühüm addımdır. O sənədin qəbulu ölkəmizə qarşı ədalətsizlik idi və bu, əsassız addım olub. Azərbaycan 907-ci düzəlişin qüvvədə saxlanılmasını məntiqsiz sayır”. Ceyhun Bayramov bu kontekstdə ABŞ-dakı mürəkkəb hüquqi sistemin mövcudluğunu xatırladıb: “Bildiyimə görə, 907-ci düzəlişinin tamamilə ləğvi ilə bağlı təşəbbüs irəli sürülüb. Güman edirik ki, buna nail olunacaq. Çünki bunun üçün hazırda münbit şərait var. Əgər düzəliş tamamilə aradan qaldırılarsa, bu, ABŞ-Azərbaycan münasibətlərinə, həmçinin regiondakı dəyişikliklərə çox yaxşı təsir edəcək”.

Qeyd olunmalıdır ki, ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib. Onun müəllifi Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Luna Anna Paulinadır. Layihədə bir daha diqqətə çatdırılır ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi  gündən indiyədək ABŞ və onun tərəfdaşları üçün etibarlı müttəfiq olaraq qalıb, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirib. Eyni zamanda  vurğulanır ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu açıq şəkildə nümayiş etdirib və müvafiq sərhədlər, ərazi bütövlüyü Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə təsbit olunub. Qanun layihəsinə əsasən, “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılır. Rumıniyanın təhlükəsizlik məsələləri üzrə tanınmış eksperti Vasile Simileanu isə Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar fonunda 907-ci düzəlişin artıq məntiqi və siyasi əsasını itirdiyini bildirir: “Hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin davam etməsi, kommunikasiyaların açılması məsələsinin gündəmdə olması, ticarət və iqtisadi əlaqələrin bərpası istiqamətində real müzakirələrin aparılması regionda keyfiyyətcə yeni vəziyyət yaradıb. Belə bir şəraitdə, iddia edilən blokadanın mövcud olmadığı açıq şəkildə göründüyü halda, 907-ci düzəlişin qüvvədə saxlanılması ziddiyyətli və əsassız təsir bağışlayır. Beynəlxalq hüquq və ədalət prinsipləri baxımından bu düzəlişin saxlanılması ikili standart təsiri yaradır. Mövcud reallıqlar isə regional əməkdaşlığı təşviq edən, tərəflər arasında balansı qoruyan və sülh prosesini gücləndirən yeni siyasi qərarların qəbulunu tələb edir”.

ABŞ onu da nəzərə alır ki, Azərbaycan regionda kommunikasiyaların açılması, nəqliyyat və iqtisadi əlaqələrin bərpası təşəbbüsləri ilə çıxış edir. Bu kontekstdə 907-ci düzəliş köhnəlmiş, reallıqdan uzaq və sülh prosesinə zidd bir sənəddən başqa bir şey deyil.  ABŞ kimi qlobal güc üçün bir ölkəyə qarşı ayrı-seçkilik yaradan hüquqi mexanizmi qoruyub saxlamaq onun beynəlxalq imicinə də müsbət təsir göstərmir.

Digər tərəfdən 907-ci düzəlişin tam ləğvi üçün atılan addımlar göstərir ki, lobbiçilik fəaliyyəti uzunmüddətli perspektivdə dövlət maraqları və geosiyasi reallıqlar qarşısında aciz qalır. Azərbaycan gücünü yalnız hərbi və iqtisadi sahədə deyil, eyni zamanda informasiya və diplomatik müstəvidə də ortaya qoydu. ABŞ siyasi dairələrində balanslı mövqenin formalaşması məhz bu ardıcıl fəaliyyətin nəticəsidir və erməni lobbisinə vurulan ağır zərbədir. Bu hal bir daha sübut edir ki, həqiqətə söykənən siyasət və güclü dövlət mövqeyi istənilən lobbi təsirini neytrallaşdıra bilir. Azərbaycan bir daha bunun əyani nümunəsini ortaya qoyur.

MTM Analitik Qrup