
Ən müxtəlif sahələrdə dinamik uğurları ilə tanınan Azərbaycan hazırda idman və olimpiya hərəkatındakı nəzərəçarpacaq nailiyyətləri ilə dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarına qatılaraq layiqli nəticələr göstərirlər. İdmançılarımızın beynəlxalq səviyyəli yarışlarda, eləcə də Olimpiya oyunlarında qazandıqları yüksək nəticələr ölkəmizin dünyada özünü güclü idman ölkəsi kimi təsdiqləməsinin əyani sübutudur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli Olimpiya Komitəsində ənənəvi olaraq keçirilən, idman ilinin yekunlarına həsr olunan ənənəvi tədbirlər ölkəmizdə idman və gənclər siyasətinin səmərəliliyini, düzgün strategiya əsasında reallaşdırıldığını göstərir. Yüksək nəticələri olan idmançıların iştirakı ilə keçirilən bu görüşlər, bir tərəfdən hesabat ilinin nəticələrinin təhlili, uğurlarla yanaşı, qarşıdakı əlamətdar yarışlara hazırlığın təmini, bu məqsədlə dəqiq hədəflərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Dövlət başçısı İlham Əliyev 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirdə bu məqama diqqət çəkməklə yanaşı, əldə olunan nəticələri xüsusi qeyd edib: “Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.
Şübhəsiz, iqtisadi cəhətdən güclü olmayan ölkənin nüfuzlu yarışlarda yaxşı nəticələr göstərməsi, eləcə də mühüm idman tədbirlərinə layiqincə ev sahibliyi etməsi mümkün deyil. Son 20 ildə bir çox beynəlxalq səviyyəli idman tədbirlərinin Azərbaycanda keçirilməsi ölkəmizin bu sahədəki təşkilatçılıq təcrübəsinin, eləcə də idman imicinin dünya miqyasında dəyərləndirildiyinə dəlalət edir. Respublikamız müxtəlif idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilməklə yanaşı, bu sahədə geniş potensiala malik olduğunu nümayiş etdirir.
Xatırlatmaq yerinə düşər ki, 1997-ci ildə Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkədə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2003-cü ildən Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı idmanın müxtəlif növlərinin yeniyetmə və gənclər arasında populyarlaşmasını təmin edib. “Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı” Dövlət Proqramının qəbulu bu sahənin inkişafına geniş imkanlar açıb. Ötən 22 ildə paytaxtda və regionlarda 56-dək olimpiya kompleksinin, müasir idman qurğularının istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynayıb. İdmançıların uğurlu nəticələr əldə etməsi üçün əvvəlcədən müəyyənləşdirilmiş mükafatların yüksək məbləği də bu sahəyə yüksək diqqətin əyani təzahürü kimi qiymətləndirilməlidir. İdman xadimlərinin sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər praktik nəticələrini göstərir.
Hazırda olimpiyaçı adına layiq görülmüş idmançı və onların məşqçiləri Milli Olimpiya Komitəsinin xüsusi təqaüdlərini alır. Gənclər və İdman Nazirliyi, müxtəlif idman növləri üzrə federasiyalar tərəfindən idmançılarımıza lazımi qayğı göstərilir. Hər ilin yekunlarına görə, 20-dən çox idmançıya mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük yardımlar göstərilir. Dövlət başçısı İlham Əliyev idmana yüksək qayğı nümunəsi kimi idmançılarımız üçün “Prezident təqaüdü” də təsis edib.
Yola saldığımız 2025-ci il idman uğurları baxımından əlamətdar mərhələ kimi dəyərləndirilə bilər. İlk dəfə olaraq Azərbaycanda və onun regionlarında yüksək səviyyədə təşkil edilən III MDB Oyunları ölkəmizdə yüksək səviyyədə keçirilməklə yanaşı, idmançılarımız üçün də qənaətbəxş nəticələrlə yadda qalıb. Ölkəmizin bu Oyunlar zamanı 33-ü qızıl, 56-sı gümüş, 95-i bürünc olmaqla, 184 medal əldə edərək ikinci yerdə qərarlaşması idmana göstərilən diqqət və qayğının bariz təzahürüdür. Bu yarışlar göstərdi ki, Azərbaycan mötəbər yarışları təkcə paytaxt Bakı şəhərində deyil, bölgələrdə də keçirmək üçün zəruri infrastruktuta və təcrübəyə malikdir.
İdman yalnız nəticələr və medallarla məhdudlaşmır, o, eyni zamanda xalqlar arasında ünsiyyətin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın mühüm vasitəsidir. Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi də bu baxımdan son dərəcə mühüm hadisədir. Bu status Azərbaycanda idman sahəsində görülən işlərə beynəlxalq səviyyədə verilən yüksək qiymətin ifadəsidir.
Ümumilikdə, Prezident İlham Əliyevin hər ilin sonunda idmançılarla səmimi görüşü, dəyərli tövsiyə və arzularını bildirməsi onların mənəvi cəhətdən ruhlandırılması, yeni qələbələrə həvəsləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu bir daha göstərir ki, Prezident İlham Əliyev MOK rəhbəri kimi ölkə idmanının inkişafı, idmançılarımızın hərtərəfli dövlət dəstəyi ilə əhatə olunmaları üçün bütün zəruri tədbirləri görür.
MTM Analitik Qrup
