
Azərbaycanın müdafiə sənayesində son illər müşahidə edilən dinamik inkişaf meyilləri ölkənin milli təhlükəsizliyinə, hərbi-siyasi mövqeyinin möhkəmlənməsinə və regional güc mərkəzinə çevrilməsi prosesinə xidmət edən strateji xəttin tərkib hissəsidir. Bu proses təkcə istehsal və texniki modernləşdirmə istiqamətləri ilə məhdudlaşmır, eyni zamanda, ölkəmizin hərbi diplomatiya sahəsində nüfuzunun artmasına, beynəlxalq hərbi-texniki əməkdaşlıqda iştirak imkanlarının genişlənməsinə təkan verir.
Müdafiə sənayesinin təşəkkülü və dinamik mərhələyə qədəm qoyması Prezident İlham Əliyevin bu sahəyə yönəlmiş siyasi iradəsi, ordu quruculuğuna verilən prioritet yanaşma və təhlükəsizlik sahəsində strateji planların reallaşdırılması nəticəsində mümkün olub. Son 20 ildə Azərbaycan Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin və onlara tabe olan şirkətlərin beynəlxalq sərgilərdə nümayiş etdirdikləri fəallıq bu sahəni ixracyönümlü sənayenin mühüm qoluna çevirib.
Xüsusi vurğulamaq lazımdır ki, bu günlərdə Türkiyədə keçirilən və dünyanın ən nüfuzlu hərbi sənaye tədbirlərindən biri olan “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi ölkəmiz üçün hərbi, siyasi və iqtisadi baxımdan vacib əhəmiyyətə malikdir. Sərgi çərçivəsində Türkiyə və Azərbaycanın müdafiə nazirləri arasında keçirilən görüş, imzalanan “Qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə dair Anlaşma Memorandumu” strateji müttəfiq ölkələrimiz arasında hərbi əməkdaşlığın dərinləşdiyini bir daha təsdiqləyir. Türkiyənin müdafiə sənayesi sahəsindəki nailiyyətləri və rəqabətə davamlı məhsullar istehsal etmək bacarığı Azərbaycan üçün həm təcrübə mübadiləsi, həm də texnologiya transferi baxımından mühüm imkanlar açır. Bu mənada, Müdafiə Sənayesi Nazirliyinin, “Azərsilah Holdinq” və “Miraslı Holdinq” kimi şirkətlərin nümayəndə heyətlərinin, qeyd edilən sərgidə iştirakı, Türkiyənin “Baykar” şirkəti ilə imzalanan “Logistika Dəstəyi və Satış Müqaviləsi” Azərbaycanın müasir döyüş sistemləri ilə təchizatı istiqamətində növbəti vacib addımlardır. Bu tipli müqavilələr yalnız birbaşa hərbi texnika alışını deyil, eyni zamanda müştərək istehsal imkanlarını, texniki qulluq və servis təminatını da əhatə edir.
Azərbaycan müdafiə sənayesinin dinamik inkişafı fonunda ölkəmizin beynəlxalq sərgilərdə iştirakı da səmərəli nəticələr verir. “IDEF”, “IDEX”, “SOFEX”, “DSA”, “EURONAVAL”, “DUBAI AIRSHOW”, “ARMY” və digər beynəlxalq müdafiə sənayesi sərgilərində iştirak edən Azərbaycan bu platformalarda öz məhsullarını təqdim etməklə yanaşı, müxtəlif ölkələrlə təcrübə və informasiya mübadiləsi imkanları da qazanır. Bu sərgilər dünyada hərbi texnologiyalarda baş verən yeniliklərin izlənilməsi, bazar tendensiyalarının öyrənilməsi, yeni tərəfdaşlıq formatlarının qurulması baxımından strateji əhəmiyyətə malikdir. “Made in Azerbaijan” brendi ilə təqdim olunan məhsullar bir çox beynəlxalq tədbirlərdə diqqət mərkəzindədir.
Azərbaycanın müdafiə sənayesi kompleksinin formalaşmasında kadr bazası ilə yanaşı, elmi-tədqiqat fəaliyyətinin təşviqi də xüsusi rol oynayır. “IDEF-2025” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin görüşü də diqqəti xüsusilə cəlb edir. Tədbirdə ortaq tədqiqat proqramları, texnoloji biliklərin paylaşılması, qarşılıqlı istehsal və mühəndis hazırlığı kimi istiqamətlərə diqqətin çəkilməsi bu sahədə gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir.
Hazırkı geosiyasi reallıqlar fonunda Ermənistanın Fransa, Hindistan və İran kimi ölkələrlə silah alqı-satqısı müqavilələri imzalaması, beynəlxalq öhdəliklərə əməl etməməsi, sülh sazişini qəsdən yubadaraq regionda qeyri-sabitlik yaratmaq cəhdləri Azərbaycanın hərbi hazırlıq səviyyəsinin yüksəldilməsini, müdafiə potensialının gücləndirilməsini zəruri edir. Ermənistanın silahlanması ümumilikdə Cənubi Qafqaz regionunda təhlükəsizlik balansına təhdid yaradan amildir. Belə bir şəraitdə Azərbaycanın müdafiə sənayesini gücləndirməsi, Ordusunu yalnız idxal məhsulları ilə deyil, yerli istehsal hesabına təchiz etməsi suverenlik və milli təhlükəsizlik baxımından da həyati əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkəmizin müdafiə sənayesi artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahə ixracyönümlü sənaye istiqamətinə çevrilməkdədir və yaxın illərdə ölkəmiz yüz milyonlarla dollar həcmində hərbi təyinatlı məhsul ixrac edə biləcək. Bu, Azərbaycanın yalnız istehsalçı deyil, həm də innovator bir ölkə kimi beynəlxalq silah bazarında yer alacağına işarədir. Prezidentin bu istiqamətdə verdiyi göstərişlər nəticəsində müdafiə sənayesində həm elmi-tədqiqat bazası gücləndirilir, həm də müasir istehsal zənciri qurulur. Bundan əlavə, Azərbaycanda keçirilən “ADEX” beynəlxalq sərgisi kimi tədbirlər ölkənin müdafiə məhsullarının beynəlxalq auditoriyaya təqdimatı, yeni partnyorların cəlb edilməsi baxımından mühüm platforma rolunu oynayır.
Hazırda Rusiya və İsrail kimi dünya silah bazarının böyük oyunçuları daha çox öz ehtiyaclarını qarşılamaq üçün daxili resurslara yönəliblər. Nəticədə, qlobal silah bazarında təklif daralır, tələbat artmaqda davam edir. Bu həm məhsul çatışmazlığı, həm də qiymət artımı ilə müşayiət olunur. Belə bir şəraitdə Azərbaycan, daxili ehtiyacları qarşılamaqla yanaşı, ixracyönümlü müdafiə sənayesi qurmaq və silah bazarının etibarlı iştirakçısına çevrilmək əzmini nümayiş etdirir.
Müstəqilliyini və ərazi bütövlüyünü təmin edən Azərbaycan müdafiə qüdrətini də artırır. Strateji müttəfiq Türkiyə ilə qurulan dərin hərbi-texniki münasibətlər, türk dünyası çərçivəsində planlaşdırılan ortaq layihələr, beynəlxalq sərgilərdə nümayiş olunan məhsullar Azərbaycanın müdafiə sənayesinin qlobal təhlükəsizlik sisteminə inteqrasiya etdiyini göstərir.
MTM Analitik Qrup