AZƏRBAYCAN DÜNYA SİLAH BAZARINDA MÜHÜM İXRACATÇIYA ÇEVRİLMƏYƏ İDDİALIDIR

Azərbaycanda təşkil olunan, eləcə də ölkəmizin iştirak etdiyi hərbi təyinatlı sərgi və forumlar, toplantılar, ilk növbədə, ölkəmizin müdafiə sənayesi potensialının, bu sahədə müasir trendləri öyrənərək tətbiq etmək əzminin dünya ölkələrinə nümayişi baxımından əhəmiyyətlidir. Beynəlxalq müdafiə sərgiləri Ordumuzun modernləşdirilməsi prosesində müasir müdafiə sənayesi məhsullarının mühüm yer tutduğunu bir daha təsdiqləyir.

Yerli hərbi sənaye kompleksi müasir dövrdə hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. Hazırda dünya silah-sursat bazarında xüsusi çəkisi və yeri olan Rusiya, İsrail kimi dövlətlərin diqqəti daha çox daxili tələbatı ödəməyə, müəyyən ehtiyat tədbirlərinə yönəlib. Bu isə dünya silah bazarında müəyən qıtlıq yaradır, qiymət artımına səbəb olur. Belə müərəkkəb şəraitdə Azərbaycan dünya silah bazarında önəmli ixracatçıya çevrilmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin VII çağırış parlamentin ilk iclasında bununla əladəar deyib: “Digər amil ondan ibarətdir ki, bu gün dünya silah bazarında aparıcı rol oynayan ölkələrin başı öz işlərinə qarışıb. Onlar daha çox öz daxili tələbatını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarında təbii olaraq qıtlıq yaranıbdır. Biz bunu da nəzərə almalıyıq. Eyni zamanda, bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək”.

Beynəlxalq müdafiə sənayesi sərgiləri dünya hərb sənətinin ən son yeniliklərinin mənimsənilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, zəruri hərbi texnika və silahların alınmasına dair dövlətlərarası müqavilələrin imzalanması baxımından mühüm platforma rolunu oynayır. Son 10 ildə ABŞ, İngiltərə, Çin, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələrin qabaqcıl firma və şirkətlərinin təmsil olunduqları 50-dək beynəlxalq sərgidə Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullar nümayiş etdirilib və maraqla qarşılanıb. Ölkəmizin təşkilatçılığı ilə 2014-cü ildən etibarən “ADEX” adı ilə keçirilən beynəlxalq müdafiə sərgiləri isə beynəlxalq miqyasda böyük populyarlıq qazanıb.

Paytaxda yenidən təşkil edilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi, habelə 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi ölkəmizin bu sahədəki nailiyyətlərinin, reallaşdırdığı layihələrin nümayişi baxımından yaxşı imkanlar açır. “ADEX” müxtəlif ölkələrin müdafiə və müdafiə sənayesi sahələrini gücləndirmələri, istehsal imkanlarını artırmaları, müasir və innovativ vasitələri tətbiq etmələri və təcrübə mübadiləsi aparmaları baxımından önəmli tədbirdir. Bu sərgilər bir tərəfdən ölkəmizin müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlığı, digər tərəfdən ölkəmizdə istehsal olunan hərbi təyinatlı məhsulların təqdimatı, satış bazarlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Yubiley sərgisində daha çox – dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkətin iştirakı tədbirin əhəmiyyətini daha da artırır. Bu həm də ölkəmizin hərbi sənaye potensialının dünyada yüksək dəyərləndirildiyinə dəlalət edir.

Ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi ilbəil artır. Hazırda ölkəmizdə 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyi Silahlı Qüvvələrimiz üçün zəruri silah-sursat, hərbi və xüsusi texnikanın istehsalına xüsusi diqqət yetirir. Nazirliyin “İqlim” Elmi İstehsalat, “Telemexanika”, “Peyk”, “Azon”, “Alov”, “Elektron Hesablayıcı Maşınlar və Radioquraşdırma” , “Dalğa”, “Araz” , “Avia-Aqreqat”, “Sənayecihaz” kimi müəssisə və zavodlarında müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsulların istehsalı üçün hər cür şərait mövcuddur. “ADEX” sərgisi ölkəmizin bu sahədəki gücünü və qüdrətini, innovativ yeniliklərə açıq olmasını göstərir;

Azərbaycanın ötən il sentyabrın 19-20-də həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı fövqəlgüc dövlətlərin arsenalında olan müasir, “beşinci nəsil” yüksəkdəqiqli hərbi texnika və silah-sursatdan istifadə edərək, hərbi qüdrətini dünyaya nümayiş etdirib. Silahlı Qüvvələrimizin çevik, minimal itkiyə hədəflənən, mülki əhalini hədəf seçməyən hərbi əməliyyatları hərbi ekspertlər tərəfindən yeni intellektual yanaşma və çevik döyüş taktikası kimi yüksək qiymət alıb.

Ölkə rəhbərliyi əldə edilən nəticələrlə arxayınlaşmır, ən müasir silah-sursat və hərbi texnikanı Ordumuzun arsenalına daxil edir, bununla əlaqədar beynəlxalq əməkdaşlığı genişləndirir. Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir JF-17C (Block-III) təyyarələrinin təqdim olunması da bunun növbəti əyani göstəricisidir.

MTM Analitik Qrup