
Azərbaycan sayəsində Cənubi Qafqazda fundamental qeyri-sabitliyin mənbəyi aradan qalxıb. Belə ki, Ermənistanın işğal siyasətinə son qoyulub, ölkə ərazi bütövlüyünü bərpa edib. Bu, Cənubi Qafqazda uzun illər davam edən qeyri-müəyyənliyə son qoydu və regionda yeni siyasi nizam formalaşdırdı. Azərbaycanın qətiyyətli mövqeyi göstərdi ki, sülh və təhlükəsizlik yalnız beynəlxalq hüququn prinsiplərinə əsaslanmaqla mümkündür. Bu, bölgədə yeni inteqrasiya və əməkdaşlıq imkanlarının açılmasına yol açdı. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar kontekstində indi Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri ön plana çıxıb. Elə bu da dünyanın Cənubi Qafqaza maraq və diqqətini daha da artırır. Qlobal miqyasda nəzərə alınır ki, regionda hərbi əməliyyatların başlanması və onların genişmiqyaslı müharibəyə çevrilməsi ilə bağlı təhlükə yoxdur, Azərbaycan-Ermənistan sərhədində gərginlik demək olar ki, sıfıra enib.
Bütün bunlara Azərbycan sayəsində nail olunmasını Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bir daha dünyanın diqqətinə çatdırdı, sülh istiqamətində ölkəmizin fəaliyyətindən geniş şəkildə bəhs etdi: “Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.
Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi. Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir”.
Hazırda regionda tamamilə yeni vəziyyət yaranıb və nəticədə Cənubi Qafqaz təhlükəsiz və sabit bir məkana çevrilir. Potensial risklər, əlbəttə ki, qalır, lakin onların həyata keçirilməsi asan deyil. İlk növbədə o baxımdan ki, regionun lider ölkəsi kimi Azərbaycan bütün bunları önləyir. Əsas amil həm də odur ki, region dövlətlərinin heç biri bir-biri ilə yeni müharibədə maraqlı deyil. Azərbaycan Ermənistan ərazisinə iddia etmir, Ermənistan Azərbaycan ərazisinə iddialarından imtina edib. Düzdür, belə iddia hələ də Ermənistan Konstitusiyasında mövcuddur. Amma bu iddianın gələn il ərzində sözügedən qanunvericilik aktından çıxarılması gözlənilir. Hələlik Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədləri açılmayıb, lakin bu ikitərəfli məsələlər region miqyasında problem təşkil etmir. Cənubi Qafqaz indi de-yure olmasa, de-fakto sülhün hökm sürdüyü regiona çevrilir. Bu nailiyyətə Azərbaycan, onun lideri nail olub. Sözügedən reallıq dünya miqyasında açıq mətnlə bəyan edilir. Məsələn, Albaniya Prezidenti Bayram Beqay BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı bildirib: “Ermənistanla əldə edilmiş tarixi sülhə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu, onu göstərir ki, ən dərin münaqişələr belə, dialoq və əzmkarlıqla, barışıq və davamlı sülhə inanan ABŞ kimi tərəfdaşların dəstəyi ilə həll edilə bilər”.
Belə şəraitdə dünya Cənubi Qafqaz regionu, burada lider mövqedə dayanan Azərbaycanla əməkdaşlığa daha çox diqqət edir. Qeyd edilməlidir ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri Cənubi Qafqaza əvvəldən beynəlxalq diqqəti artıran əsas amillərdən biridir. Həmin layihələr Azərbaycanın təşəbbüskarlığı nəticəsində Cənubi Qafqazın dünya enerji xəritəsində ön plana çıxmasına səbəb olub. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat layihələri də Cənubi Qafqaza marağı artıran mühüm amillərdəndir. Bakı–Tiflis–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Şərq ilə Qərb arasında yükdaşımaların səmərəliliyini təmin edir. Xüsusilə Orta Dəhliz Azərbaycan vasitəsilə Çindən Avropaya qısa və təhlükəsiz marşrut təqdim edir. Bu dəhliz qlobal ticarət şəbəkəsində Cənubi Qafqazın əhəmiyyətini artıraraq böyük dövlətlərin diqqətini buraya yönəldir. Burada o da xüsusi qeyd olunamlıdır ki, Azərbaycan təklif və maliyyə gözləməkdənsə, öz potensialını fəal şəkildə inkişaf etdirir. Nəticədə, hazırda ölkə ərazisindən iki qlobal logistik marşrut keçir: Şimal-Cənub və Şərq-Qərb dəhlizləri. Özü də Bakı öz öhdəliklərini tam və vaxtından əvvəl yerinə yetirir, məsələn, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi artıq tikilib və onun tam gücü ilə işə salınması yalnız İranın gecikmələri səbəbindən ləngiyir. Şərq-Qərb istiqamətində Azərbaycan Orta Dəhliz layihəsini inkişaf etdirir, onun fəal hissəsi Bakı-Tiflis-Qars dəmir yoludur. Yaxın tezlikdə işə salınacaq Zəngəzur dəhlizi layihəsinin Azərbaycan hissəsinin gələn ilin ilk yarısında başa çatdırılması planlaşdırılır.
Bütün bunlar fonunda dünya qəbul edir ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin təmin olunmasında əsas oyunçudur. Ölkənin balanslaşdırılmış xarici siyasəti müxtəlif güclərlə əməkdaşlığa imkan yaradır. Bu da dünyanın böyük dövlətlərini regionla bağlı qərarlarında Azərbaycanın mövqeyini nəzərə almağa məcbur edir. Xüsusilə terrorizmə qarşı mübarizə və sərhəd təhlükəsizliyi məsələlərində Azərbaycan beynəlxalq tərəfdaş kimi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın iqtisadi inkişaf modeli, qeyri-neft sektorunun genişlənməsi və xarici sərmayələrin cəlb olunması ölkəni Cənubi Qafqazda iqtisadi mərkəzə çevirib. Xarici investorlar da region bazarına çıxış üçün Bakını əsas platforma kimi seçirlər. Azərbaycan beynəlxalq humanitar tədbirlər, mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə də dünya miqyasında nüfuz qazanıb. Bu da Cənubi Qafqazla bağlı diplomatik təşəbbüslərdə Azərbaycanın mövqeyini daha da vacib edir. Dünya dövlətləri və beynəlxalq təşkilatlar artıq qəbul edirlər ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq Azərbaycanla əməkdaşlıqdan keçir. Azərbaycanın enerji, nəqliyyat, təhlükəsizlik və diplomatik sahələrdə yaratdığı reallıqlar regionun gələcəyini müəyyənləşdirir. Buna görə də beynəlxalq güclər regionla bağlı siyasətlərini qurarkən mütləq şəkildə Azərbaycanın mövqeyini nəzərə alırlar.
Azərbaycan bu gün yalnız regional deyil, qlobal səviyyədə də strateji tərəfdaş kimi qəbul olunur və dünyanın Cənubi Qafqaz siyasətinin mərkəzində dayanır. Yenə ölkəmzi sayəsində Cənubi Qafqaz regionunda tarixi xarakerli transformasiya prosesi baş verir. Bu kontekstdə Azərbaycan üçün başlıca məqsəd regionun dünya geosiyasəti və geoiqtisadiyyatında rolunun daha da artmasına nail olmaqdır. Ölkəmiz bu istiqamətdə üzərinə düşən missiyaları layiqincə yerinə yetririr, müvafiq təşəbbüslərlə çıxış edir. Bəllidir ki, hələ İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz region dövlətləri arasında qarşılıqlı münasibətlərin yeni mərhələsinin başlanması məqsədilə Azərbaycan-Gürcüstan-Ermənistan üçlüyündən ibarət olacaq vahid müzakirə platformasının yaradılması təşəbbüsünü irəli sürüb. Gürcüstan Azərbaycanın bu yanaşmasını dəstəkləsə də, Ermənistan müvafiq addımlar atmır. Bunun səbəblərindən biri də Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ləngitməsidir. Bu hal Cənubi Qafqazda vahid müzakirə platformasının yaradılması təşəbbüsünün reallaşmasına mənfi təsir edir. Amma Azərbaycanın sülhpərvər siyasəti Ermənistanın da mövqeyinin tədricən dəyişməsinə təsir edir. Barəsində bəhs olunan vahid müzakirə platforması perspektivdə region ölkələri arasında daha sıx münasibətlərin qurulmasında özül rolunu oynaya, yeni əməkdaşlıq formatının qurulması yolunda əsas ola bilər. Bu halda Cənubi Qafqazın dünyanın siyasi və iqtsadi arenasında daha güclü mövqe sahibinə çevrilməsi də qaçılmaz proses hesab olunur.
MTM Analitik Qrup