
Milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində ardıcıl, məqsədyönlü şəkildə xarici siyasət yürüdən Azərbaycanın sözügedən müstəvidə əldə etdiyi nailiyyətlər bu gün dünya miqyasında əsl uğur nümunəsi kimi qiymətləndirilir. Bunun daha bir konkret təzahürü Prezident İlham Əliyev ABŞ-yə səfəri, Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşü, imzalanan sənədlər oldu. Eyni zamanda Vaşinqtonda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin görüşü, əldə olunan razılıqlar Azərbaycan diplomatiya tarixinə yenə qızıl hərflərlə yazıldı.
Heç şübhəsiz ki, qazanılan uğurlarda lider faktoru müstəsna əhəmiyyət kəsb edir. Birmənalı həqiqətdir ki, 2003-cü ildən ölkə Prezidenti olan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm regional, həm də qlobal miqyasda mühüm diplomatik nailiyyətlər əldə edib. Dövlət başçısının strateji baxışları, balanslaşdırılmış xarici siyasəti və şəxsi diplomatik fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində həlledici rol oynayıb və oynamaqdadır. Prezidentin xarici siyasət fəlsəfəsi milli maraqların hər şeydən üstün olması prinsipi üzərində qurulub. Digər tərəfdən Azərbaycan eyni vaxtda müxtəlif beynəlxalq aktorlarla qarşılıqlı faydalı münasibətlər saxlayaraq geosiyasi rəqabətdə daha güclü mövqe sahibinə, həmçinin, bu rəqabətin əsas aparıcı subyektlərindən birinə çevrilib. Bu yanaşma ölkəyə müxtəlif tərəfdaşlardan dəstək almaq, riskləri minimuma endirmək və beynəlxalq təzyiqlərə qarşı dayanıqlılıq qazanmaq imkanı da verib.
O da xüsusi qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin ən mühüm diplomatik nailiyyətlərindən biri Qarabağ məsələsində Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə ardıcıl şəkildə çatdırılması olub. Onun çıxışları, beynəlxalq tribunalar vasitəsilə Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqe təqdimatı Azərbaycanın diplomatik zəfərinə zəmin yaratdı. 2020-ci ildə Vətən müharibəsində əldə edilən hərbi qələbə həm də uzun illər aparılan siyasi-diplomatik fəaliyyətin nəticəsi oldu. Müharibədən sonra imzalanmış sənədlərlə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, regionda yeni geosiyasi reallıq formalaşdı. Bütün bu uğurlar ABŞ-da davam etdirildi.
Konkret Ermənistanla bağlı Azərbaycan burada bir neçə möhtəşəm nailiyyətə imza atıb. Əvvəla, Ermənistan sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri olan ATƏT-in Minsk qrupunun buraxılmasına indidən razılıq verdi. Buna qədər rəsmi İrəvan təkid edirdi ki, Minsk qrupunun buraxılması üçün müvafiq müraciət sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda olsun. Amma Vaşinqtonda Ermənistan Azərbaycanın yanaşmasını qəbul etdi. Burada Prezident İlham Əliyevin ABŞ-dən olan həmkarı Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflamaqla yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar. Beləliklə, artıq ATƏT-in Minsk qrupunun buraxılması prosesinə start verilib.
Bununla yanaşı, üç ölkə liderinin imza atdığı Birgə Bəyannamə əsasında başqa adla olsa da Zəngəzur dəhlizi açılır. Birgə Bəyannamənin dördüncü bəndində bu xüsusda qeyd olunur: “Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”. Yenə həmin sənədin üçüncü bəndində açıq şəkildə qeyd edilir ki, sözügedən marşrut Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək. Beləliklə, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı da yekun məqsədinə çatır.
Birgə Bəyannamədə Azərbaycan üçün digər önəmli uğur Ermənistanda revanşist mövqeyə vurulan zərbədir. Sənədin beşinci bəndində bu kontekstdə qeyd olunur ki, münaqişədən sonra beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılıb: “Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik”.
Əldə edilən nailiyyətlərdən sonra indi əsas diqqət Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına yönəlib. Bunun üçün indi yeganə maneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldıırlmasıdır. Bu məsələyə yenidən toxunan Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müsahibəsində qeyd edib: “Konstitusiyada Ermənistanın nə vaxt dəyişiklik edəcəyi barədə heç nə deyə bilmərəm, belə ki, bu həmin ölkənin öz işidir. Amma bu hadisə nə qədər tez baş versə, bir o qədər yaxşı olar və Ermənistanın Konstitusiyasında Azərbaycan torpaqlarına qarşı iddia aradan qaldırılar. Sülh sazişi mətninin ABŞ-də paraflanması deməyə əsas verir ki, bu hadisə baş verəcək, əks halda bu ABŞ-yə qarşı hörmətsizlik olar”.
Beləliklə, proseslərin gedişi Ermənistanla sülh prosesinin yenə Azərbaycanın istədiyi və diqtə etdiyi şərtlər əsasında irəlilədiyini göstərir. Ancaq təbii ki, Prezident İlham Əliyevin ABŞ səfərinin uğurları təkcə bununla məhdudlaşmır. Azərbaycana qarşı 33 il əvvəl tətbiq olunan “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən ləğvi ölkəmizin, onun liderinin daha bir möhtəşəm nailiyyətidir. Bundan əlavə, ABŞ ilə münasibətlərin starteyi tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində atılan addımlar Azərbaycana yeni üstünlüklər qazandırır. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması bu istiqamətində tezliklə müvafiq nəticələrin əldə ediləcəyini göstərir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə daha güclü mövqe sahibinə çevrilir, regional lider statusunu gücləndirir, milli maraqlarını qətiyyətlə müdafiə edir. Enerji, hərbi-siyasi, humanitar, nəqliyyat və digər sahələrdə əldə olunan nailiyyətlər göstərir ki, beynəlxalq aləmdə Azərbaycan faktoruna diqqət və maraq bundan sonra da artmaqda davam edəcək.
MTM Analitik Qrup