AZƏRBAYCAN DİASPORU İSVEÇRƏ PARLAMENTİNƏ BƏYANAT ÜNVANLAYIB

İsveçrə Federal Məclisinin bir qrup deputatı tərəfindən İsveçrə hökumətinə ünvanlanan və məzmunca Azərbaycana qarşı qərəzli xarakter daşıyan sorğu İsveçrədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən etirazla qarşılanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, İsveçrədəki Azərbaycan diaspor təşkilatları İsveçrə parlamentinə bununla əlaqədar bəyanatlar ünvanlayıblar. Bəyanatlarda hər iki dövlətin qarşılıqlı əlaqələrinin önəmi vurğulanıb. Cənubi Qafqazda sülhün əleyhinə olan qüvvələrin COP29-dan istifadə edərək öz məqsədlərinə çatmaq cəhdləri diqqətə çatdırılıb.

Cari ilin noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP) qlobal ekoloji problemlərin həlli istiqamətində töhfəsi ilə yanaşı, regionda sülhün təminatı baxımından da vacibliyi qeyd olunub.

İsveçrə parlamentində səslənən “soyqırımı” və “etnik təmizləmə” ittihamlarının reallığı əks etdirmədiyi vurğulanıb, bu tip ifadələrin İsveçrənin dövlət qurumlarında müzakirəsinin narahatlıq doğurduğu bildirilib.

COP29-un xarici manipulyasiya üçün deyil, əsas iqlim məsələlərini həll etmək üçün vacib platforma olduğu xatırladılıb. İsveçrə parlamentinin üzvləri məsuliyyətli yanaşma nümayiş etməyə çağırılıb.