“AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-NİN TİBB MÜƏSSİSƏLƏRİ AİDİYYƏTİ DÖVLƏT ORQANLARININ TABELİYİNƏ VƏ SƏRƏNCAMINA VERİLİB

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibb müəssisələri aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilib.

Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli stansiyası ünvanında olan Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləşdiyi əmlak kompleksi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilib.

Sənədə görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci və 2-ci hissələri icra olunduqdan sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin qanunvericiliyə uyğun olaraq ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görməli və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti isə bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.

Qərarın 1-ci və 2-ci hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 2025-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanarkən bu Qərardan irəli gələn maliyyələşdirmə məsələlərini nəzərə almaq tapşırılıb.