
Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan iki əsas transkontinental nəqliyyat marşrutunun – Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin reallaşmasında mühüm rol oynayır. Bu dəhlizlər ölkənin geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, regional iqtisadi inteqrasiyaya, enerji təhlükəsizliyinə və davamlı inkişafa müstəsna töhfələr verir. Eyni zamanda diqqət çəkən məqamlardan biri də odur ki, sözügedən dəhlizlər beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini daha güclü hala gətirir.
Hazırda dəhlizlərlə əlaqədar Azərbaycanla əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinə qlobal miqyasda xüsusi diqqət yetirilir. Bunun ən bariz nümunələri Prezident İlham Əliyevin Çinə səfəri, eləcə də İran dövlət başçısı Məsud Pezeşkianın ölkəmizə səfəri kontekstində bir daha özünü qabarıq şəkildə büruzə verdi. Qeyd olunan səfərlər əsnasında liderlərin əsas müzakirə predmetlərindən biri məhz Şimal-Cənub və Şərq-Qərb dəhlizləri oldu. Hər iki dəhlizin effektiv fəaliyyət göstərməsində Azərbaycanın mövqeyi, coğrafiyası, infrastukturu mühüm əhəmiyyətə malikdir və bu, tərəfdaş ölkələr tərəfindən də qəbul olunur.
Qeyd olunmalıdır ki, Şimal-Cənub dəhlizi Şimal və Cənub yarımkürələri arasında daha sürətli ticarət marşrutlarının yaradılmasında böyük rol oynayır. Multimodal şəbəkə xarakterinə malik bu dəhliz dəmir yolu, avtomobil və dəniz marşrutlarını əhatə edir. Azərbaycan bu dəhlizin qərb qolunun mərkəzində yerləşir, şimalda Rusiya və cənubda İranı birləşdirir. Dəhlizin Azərbaycan hissəsində müasir tələblərə uyğun avtomobil və dəmir yolu infrastrukturu yaradılıb. İran və Azərbaycanın eyniadlı şəhərlərini birləşdirən Astara-Astara dəmir yolu kimi əsas layihələr yüklərin sürətli tranzitini asanlaşdırmaq üçün tamamlanıb. Dəhliz üzərindən daha çox həcmdə yük nəqli İran ərazisində Rəşt-Astara dəmir yolunun tamamlanmasından sonra baş tutacaq. Hələ 2023-cü ildə Rusiya ilə İran arasında Şimal-Cənub layihəsi çərçivəsində Azərbaycanla İran arasında Fars körfəzinin limanlarına dəmir yolu xəttinin çıxışını təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. İndi həmin sazişin icrası istiqamətində müvafiq addımlar atılır. 2028-ci ilə qədər tamamlanması planlaşdırılan Rəşt–Astara dəmir yolu regionda logistika və ticarət əməliyyatlarının səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. O da məlum həqiqətdir ki, Şimal-Cənub dəhlizinin Süveyş kanalı vasitəsilə ənənəvi dəniz marşrutları ilə müqayisədə daşıma vaxtını və xərcləri azaldacaq. Hər il artan yüklərin həcmi ilə Azərbaycan Rusiya, İran, Hindistan və Avropa bazarlarını birləşdirən logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.
Bununla yanaşı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz olaraq da adlandırılan Şərq-Qərb dəhlizi qədim İpək Yolunun müasir təcəssümüdür. O, Çin və Mərkəzi Asiyanı Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya bağlayır. Azərbaycan yenə müasir infrastrukturu və fəal beynəlxalq tərəfdaşlığı ilə bu dəhlizdə mühüm rol oynayır. 2017-ci ildən istismara verilən Bakı-Tbilisi -Qars dəmir yolu Şərq-Qərb dəhlizinin təməl daşlarından biri hesab edilir. O, strateji xarakterli alternativ marşrut hesab olunur, Çindən Avropaya birbaşa dəmir yolu ilə yüklərinn daşınmasına şərait yaradır. Eyni zamanda Bakı Limanı hər il milyonlarla ton yükün daşındığı bu dəhlizdə mərkəzi rol oynayır. Limanın Ələt Azad İqtisadi Zonasında yerləşməsi sadələşdirilmiş gömrük prosedurları, vergi güzəştləri və səmərəli multimodal əlaqə təklif etməklə onun rəqabət qabiliyyətini artırır.
Müasir dünya reallığında Orta Dəhliz geosiyasi dəyişikliklər, Avropa və Asiyanın ticarət yollarını şaxələndirmək üçün artan səyləri sayəsində daha da ön plana çıxır. Ənənəvi logistika zəncirlərinin pozulması bu dəhlizin əhəmiyyətini artırıb. Azərbaycan bu gün də tərədaşları ilə birlikdə Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafı istiqamətində genişmqiyaslı fəaliyyət həyata keçirir. Ölkəmiz Cənubi Qafqazda bu dəhlzilərlə bağlı qərar verən əsas tərəfdir. Elə bu səbəbdəndir ki, 30 ilə yaxın Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan həmin dəhlzilərdən kənarda qalıb. İkinci Qarabağ müharibəsindən sonra isə Ermənistanın bu və digər transmilli layihələrdə iştirakı üçün imkanlar yaranıb. Ancaq bunun üçün rəsmi İrəvan ölkəmizlə sülh müqaviləsi imzalamalı, münasibətlərini normallaşdırmalıdır. Əks halda Ermənistan yenə regional layihələrin üzünə həsrət qalacaq.
Ermənistanın öz imkanları sayəsində regional layihələrə, o cümlədən çoxdan arzusunda olduğu Şimal-Cənub dəhlizinə qoşulması isə mümkün deyil. Bundan irəli gəlir ki, Ermənistan hakimiyyəti Şimal-Cənub dəhlizinin ərazisindən keçən hissəsinin tikintisini başa çatdırmağı daha iki il müddətinə təxirə salıb. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi etiraf edir ki, Şimal-Cənub dəhlizinə aid edilən Sisian-Qacaran avtomobil yolunun İran sərhədinə qədər 60 kilometrlik hissəsinin tikintisini həyata keçirən ölkənin yol inşaatçıları qrafikdən xeyli geri qalıb və magistralın tamamlanması üçün yeni tarix müəyyənləşdiriblər. Nazirliyin təmsilçisi David Xudatyan bildirib ki, magistral 2033-cü ilin noyabrında hazır olacaq. Halbuki, bundan əvvəl səlahiyyətlilər layihənin 2031-ci ilin sonuna qədər tamamlanacağını bildirirdilər.
Ermənistanın artıq bir neçə dəfə Şimal-Cənub dəhlizi ilə bağlı ərazisində müvafiq layihələrin inşasını təxirə salması təsadüfi deyil. Məsələ burasındadır ki, Rəşt–Astara dəmir yolunun tikintisi ilə bağlı görülən işlər fonunda İrəvanın İran sərhəddinə gedən yolun tamamlanmasını 2033-cü ilə qədər təxirə salması reallıqlardan qaynaqlanır. Əsas səbəb Şimal-Cənub dəhlizinin “Ermənistan marşrutunun” prinsipial olaraq həyata keçirilməsinin səmərəsizliyidir. Ermənistan hakimiyyəti başa düşür ki, Rusiya və İran bu yolda heç vaxt elə həcmdə yük daşımayacaqlar ki, o səmərəli olsun. Digər tərəfdən Şimal-Cənub layihəsinin əsas məqsədlərindən biri Rusiyadan İrana irimiqyaslı yüklərin daşınması üçün səmərəli şərait yaratmaqdır. Cənubi Qafqazda Azərbaycan vasitəsilə İranı Rusiyaya bağlayan dəmir yolu artıq mövcuddur. Rəşt–Astara dəmir yolunun işə düşməsindən sonra yüklər əsasən bu dəmir yolu ilə daşınacaq. Ermənistanın isə hətta nəzəri cəhətdən Azərbaycan marşrutu ilə müqayisə oluna bilən şərtləri belə yoxdur. Bundan başqa Ermənistanın Rusiya ilə sərhədi yoxdur və ölkələr arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Eyni zamanda, Gürcüstan Rusiya ilə yalnız bir quru yolu ilə – Gürcüstan Hərbi Yolu ilə birləşir, o da təbii şəraitdən asılı olaraq fəaliyyət göstərir. O yol heç vaxt Şimal-Cənub üçün ciddi şəkildə nəzərdən keçirilməyib.
Şimal-Cənub iştirakçılarını ən çox dəmir yolu ilə yükdaşıma maraqlandırır, lakin Rusiyadan Ermənistana yeganə dəmir yolu Qara dəniz sahili ilə, yəni Abxaziya ərazisindən keçir və Gürcüstan ərazi bütövlüyünə dair məlum iddialardan əl çəkməyincə, onun açılmasına razı olmayacaq. Bunlardan irəli gəlir ki, Ermənistan hakimiyyəti Şimal-Cənub layihəsində iştirakla bağlı müraciətini rəsmi olaraq geri götürməsə də, yolun tikintisinə tələsmir. İrəvanda başa düşürlər ki, bu yola ehtiyac yoxdur, o, hətta Ermənistanın özünə də lazım deyil, çünki artıq Azərbaycanda hazır marşrut var. Azərbaycandan keçən marşrutdan istifadə edə bilmək üçün Ermənistanın şansı var. Amma bu şansdan yalnız ölkəmizlə sülh müqaviləsi imzalandığı, barış və münasibətlərin normallaşması üçün digər şərtləri yerinə yetirdiyi halda Ermənistan istifadə edə bilər.
MTM Analitik Qrup