
Beynəlxalq Enerji Agentliyinin (IEA) qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçirilib.
Toplantıda dünyanın iqlim və enerji liderləri iştirak edib. Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev təmsil edib.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol tədbiri açaraq, onun məqsədləri haqqında məlumat verib. COP28 və COP29 haqqında danışaraq, bu gün dünyanın gözünün Azərbaycanda olduğunu vurğulayıb. Bildirib ki, toplantının əsas məqsədləri arasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Konsensusunun sürətli, tam və effektiv həyata keçirilməsini təmin etmək, o cümlədən enerji keçidində hökumətlər, sənaye sahələri və digər aktorlar tərəfindən görülməli olan prioritet tədbirlərin müəyyən edilməsi və BƏƏ Konsensusunun həyata keçirilməsini səmərəli şəkildə dəstəkləmək, iqlim təsirinin azaldılmasına uyğunlaşdırılmış enerji keçidinə uyğun qlobal ambisiyaları və ədalətli enerji nəticələri əldə edilməsinə nail olunmaq üçün atılacaq praktiki addımlar da yer alıb.
ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Jon Kerry, Fransa COP21-in sədri Loran Fabius, Bakı COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, eləcə də BMT, Braziliya, Danimarka, Almaniyanın iqlim üzrə nümayəndələri çıxış ediblər.
Bakı COP29-un baş danışıqçısı Yalçın Rəfiyev çıxış edərək bildirib ki, dünyanın tanınmış multikulturalizmin mərkəzlərindən biri kimi, eləcə də Şimal və Cənub arasında qlobal körpülərin qurulmasında özünün sübut olunmuş strateji rolundan istifadə edərək, Azərbaycan COP29-da iqlim danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə etmək üçün inklüziv danışıqları asanlaşdırmaq üçün ideal məkandır. O, iqlim dəyişikliyi sahəsində məqsədlərə nail olmaq üçün beynəlxalq ictimaiyyətin bütün üzvlərinin BMT və digər beynəlxalq aktorlarla birgə əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Bildirib ki, yalnız inklüziv COP vasitəsilə doğru yolu inkişaf etdirmək olar və bu Azərbaycanın əsas rəhbər prinsiplərindən biridir.
“Bu əməkdaşlığın tərkib hissəsi olaraq, iqlimyönümlü, ədalətli və davamlı gələcək təmin etmək üçün Troyka sədrliyində BƏƏ və Braziliya ilə əl-ələ verərək birgə işləyəcəyik. COP29 üçün əsas mövzularımızdan biri maliyyələşdirmə olacaq. Səylərimizi mühüm əhəmiyyət kəsb edən maliyyənin uyğunlaşdırılmasına sərf edəcəyik. Bunun üçün ölkələrin, beynəlxalq təşkilatların və özəl sektorun birgə səyləri lazımdır”,- deyə Y.Rəfiyev diqqətə çatdırıb. O, həmçinin Beynəlxalq Enerji Agentliyinin qlobal enerji qayda və standartlarının yaradılmasındakı əvəzolunmaz rolunu vurğulayaraq bu agentliklə əməkdaşlığın vacibliyini bildirib.
Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa dünya ölkələrinin iqlim və enerji liderlərinin çıxışları ilə davam edib.