AZƏRBAYCAN COP29 ÇƏRÇİVƏSİNDƏ QLOBAL CƏNUB VƏ QLOBAL ŞİMAL ARASINDA İQLİM ÜZRƏ ƏMƏKDAŞLIĞA MÜHÜM TÖHFƏLƏR VERİR

İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra dünya tarixində ölkələrin sülh içində yaşamaları və genişmiqyaslı əməkdaşlıq münasibətləri qurmaları üçün yeni bir mərhələ başlandı. Bu fürsətdən istifadə olunması təkcə müharibənin nəticələrini uğurla aradan qaldırmağa xidmət etmədi, həm də bir çox xalqların  müstəmləkə əsarətindən xilas olaraq azadlıqlarına, suverenliklərinə qovuşması ilə nəticələndi. Birgə əməkdaşlıq sayəsində 1950-1960-cı illərdə Avropanın və Asiyanın müharibədən sonrakı bərpası, 1970-1980-ci illərdə Şərqi Asiya möcüzəsi uğurla həyata keçdi, digər önəmli dəyişikliklər mümkün oldu.  

Ancaq hadisələrin sonrakı inkişaf axarı yaşanan transformasiyaların bəzi ölkələr, xüsusən də  SSRİ-nin dağılması ilə yaranan və nisbətən sabit qaydalara əsaslanan dünya nizamına rəhbərlik edən ABŞ-ın, həmçinin bir sıra Avropa ölkələrinin maraqlarına, mənafelərinə uyğun gəlmədi. Fransa kimi ölkələrin neokolonializmə əsaslanan siyasətinə qarşı artan etirazlar da Qərbdə ciddi müqavimətlə qarşılandı. Daha bir mühüm məqam bir sıra Qərb ölkələrinin dominant mövqelərini dünyaya təqlin etməyə çalışması, bu xüsusda siyasət yürütmələri, hətta müharibə aparmaları, müxtəlif qəbuledilməz metodlardan, o cümlədən rəngli inqilablardan istifadə edərək başqa dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri oldu. Özünü digərlərindən yüksəkdə görən belə ölkələrin siyasəti Şərq-Qərb bölünməsi ilə nəticələndi. Məsələyə daha geniş rakursdan yanaşılması fonunda isə bu bölünməyə Qlobal Cənub və Qlobal Şimal anlayışları ilə yanaşılır. İnkişaf və rifah göstəriciləri arasında fərqlər və bunun başlıca səbəblərindən birinin müəyyən Qərb ölkələrinin siyasəti olması tərəflərin artıq bir çox məsələlərdə ziddiyyətli mövqe sərgiləməsinə gətirib çıxarıb. Halbuki, belə ziddiyyətlər bütün bəşəriyyət üçün ciddi təhdid mənbəyidir və ortaya çıxan, həlli üçün kollektiv səy tələb olunan qlobal xarakterli problemlərin həllini əngəlləyir.

Hazırda dünyada yalnız birgə fəaliyyətlə həlli mümkün olan problemlərin sayı heç də az deyil. Beynəlxalq hüququn qeyri-işlək vəziyyətə düşməsi, sayları artan və coğrafiyası genişlənən münaqişələr, beynəlxalq nizamda yaşanan problemlər, iqlim dəyişmələrinin mənfi fəsadları bunun bir neçə nümunəsidir. Belə məsələlərin həlli beynəlxalq ictimaiyyətdən işbirliyi, Qlobal Cənub və Qlobal Şimal arasında əməkdaşlıq tələb edir. Əslində, bu cür əməkdaşlıq üçün artıq əlverişli zəmin yaranmaqdadır və prosesdə əsas rol oynayan ölkələrdən biri də Azərbaycandır.

COP29 kimi beynəlxalq bir tədbirə ev sahibliyi etməyə hazırlaşan Azərbaycanın dünya üçün də müstəsna önəmə malik ən böyük uğurlarından biri  Qlobal Cənub və Qlobal Şimal arasında dialoqun və əməkdaşlığın qurulması üçün göstərdiyi, artıq müsbət nəticələrə gətirib çıxaran fəaliyyətidir.  Rusiyanın Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı bu məqama toxunan Prezident İlham Əliyev qeyd edib: “Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.

İqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırılmasında, preventiv tədbirlərin görülməsində Qlobal Şimal və Qlobal Cənub arasında əməkdaşlıq artıq həyati əhəmiyyət daşıyır. Çünki bu hal iqlim dəyişikliyi ilə bağlı qlobal problemləri həll etmək üçün ölkələr, təşkilatlar və vətəndaş cəmiyyətləri arasında qarşılıqlı fəaliyyət prosesini mümkün edir. O, karbon emissiyalarını azaltmaq, iqlim dəyişikliyinə uyğunlaşmaq və “yaşıl iqtisadiyyat”a keçid üçün səyləri uyğunlaşdırmaq məqsədi daşıyır. Günümüzdə iqlim əməkdaşlığı beynəlxalq siyasətin ayrılmaz hissəsinə və iqlim dəyişikliyi ilə mübarizə strategiyasının mühüm elementinə çevrilməkdədir. Bu da səbəbsiz deyil.

Bəllidir ki, iqlim dəyişikliyi qlobal təhlükədir və onun təsirləri dünyanın bütün regionlarında özünü göstərir, biomüxtəlifliyi, insan sağlamlığını, iqtisadi sabitliyi və təhlükəsizliyi təhdid edir. İqlim dəyişikliyi milli sərhədləri aşdıqca, birgə qlobal reaksiya tələb edir. Buna görə də iqlim sahəsində əməkdaşlıq təkcə zərurət deyil, həm də davamlı və möhkəm gələcəyə nail olmaq üçün bir yoldur. Vahid reaksiya olmadan, istixana qazı emissiyalarının azaldılması, bərpa olunan enerji texnologiyalarının tətbiqi və iqlim təsirlərinə davamlılığın artırılması səyləri parçalanır və daha az effektiv olur. Ölkələr birlikdə işləyərkən daha geniş miqyasda davamlı həllərin həyata keçirilməsi üçün lazım olan məsuliyyəti, resursları və innovasiyaları bölüşürlər.

Əldə edilmiş irəliləyişlərə baxmayaraq, iqlim sahəsində əməkdaşlıq məsələsində problemlər də az deyil. Əsas maneələrdən biri ölkələrin iqtisadi maraqlarının fərqli olmasıdır. İnkişaf etməkdə olan bəzi ölkələr bəyan edirlər ki, karbon emissiyalarına əsas tarixi töhfə verənlər kimi inkişaf etmiş ölkələr çıxış edir. Bu səbəbdən də məhz onlar iqlim yükünün daha böyük hissəsini daşımalıdırlar. Bunun əksinə olaraq, zəngin dövlətlər bəzi hallarda iqlim məsələlərinin həlli üçün maliyyə öhdəliklərini yerinə yetriməkdən yayınırlar.  Bu qeyri-bərabərlik iqlim danışıqlarında gərginlik yaradır və çox vaxt qərar qəbul etmə prosesinə mane olur. COP29-un əsas məqsədlərindən biri də bu ziddiyyətlərin aradan qalxmasına nail olmaqdır.

Siyasi qeyri-sabitlik və milli prioritetlərin dəyişməsi də əməkdaşlığa mane olur. Məsələn, ABŞ-ın bir administrasiya Paris İqlim Sazişinin şərtlərini yerinə yetirməyə çalışdığı halda, digər asanlıqla əks mövqe sərgiləyir. Bu dəyişikliklər uzunmüddətli iqlim məqsədləri üçün tələb olunan davamlılığı pozur. Digər tərəfdən iqlim sahəsində əməkdaşlıq üçün texniki və maliyyə maneələri var. Bir çox inkişaf etməkdə olan ölkələr təsirlərin azaldılması və uyğunlaşma səyləri üçün lazım olan texnologiyalara və maliyyə vəsaitlərinə çıxışda çətinliklərlə üzləşirlər. Dialoq və əməkdaşlıq şəraitində Azərbaycan bütün bu ziddiyyətlərin aradan qaldırılması üçün COP-29-a ev sahibliyi edən ölkə kimi zəruri addımlar atır. Artıq indidən əldə olunan nailiyyətlər bu addımların daha uğurlu nəticələrə gətirib çıxaracağını deməyə əsas verir.

MTM Analitik Qrup