Son illərdə bir sıra mühüm beynəlxalq tədbirlərin Bakı şəhərində keçirilməsi ilə bağlı qəbul olunan qərarlar respublikamızın dünya miqyasında ilbəil artan siyasi və iqtisadi nüfuzu, regiondakı sabitləşdirici rolu ilə yanaşı, həm də dünyada sülhü, əməkdaşlığı və təhlükəsizliyi təşviq edən təşəbbüsləri ilə şərtlənir. Qlobal problemlərin müzakirə yollarının tapılmasına, birgə qərarların qəbuluna xidmət edən tədbirlər, konfrans və forumlar əlverişli dialoq mühiti yaradır, nəzəri-praktiki bilik mübadiləsinə yol açır.
Azərbaycan sədrlik etdiyi COP29-a həm də zəif inkişaf etmiş kiçik ada dövlətlərinin ekoloji problemlərinin həllinə beynəlxalq dəstək mexanizmlərinin müzakirə olunacağı platforma kimi yanaşır. Prezident İlham Əliyevin humanist təşəbbüsləri sayəsində respublikamız son illərdə inkişaf etməkdə olan ölkələrin fəal himayədarlarından biri kimi tanınır. Xatırlatmaq lazımdır ki, Azərbaycan hələ Qoşulmama Hərəkatına sədrliyi dövründə quruma üzv və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına beynəlxalq diqqəti artırmağa nail olub. Rəsmi bakı peyvənd millətçiliyinə qarşı çıxış edərək, bununla bağlı irəli sürdüyü qətnamənin BMT-də qəbuluna nail olub, habelə bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib. Pandemiya zamanı respublikamız, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın inkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün qlobal çağırış etməsi də xüsusi qeyd olunmalıdır. Dövlət başçısı bu çağırışla beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün inkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət edib. Respublikamız bu məqsədlə maliyyə vəsaiti ayıran ilk ölkə olub.
Azərbaycan COP29-un sədri qismində dünyada sülhü təşviq etməklə yanaşı, təzahürlərinə XXI əsrdə geniş rast gəlinən müstəmləkəçilik və kolonializm siyasətinə qarşı barışmaz mövqeyini ifadə edir. Rəsmi Bakı xüsusilə Fransanın kolonializm siyasətinin qlobal sülhə, təhlükəsizliyə ciddi təhdid olduğunu, ekoloji tarazlığı pozduğunu, kiçik ada dövlətlərini müstəmləkəçiliyə məruz qoyduğunu kəskin formada pisləyir. Məqsəd həm də bəzi dövlətlərin imperalizm və müstəmləkəçilik siyasətinin iqlim dəyişmələrinə qarşı kollegial mübarizəyə neqativ təsirlərini dünyanın diqqətinə çatdırmaqdır. Kolonializm siyasəti kiçik ada dövlətlərinin zəngin təbii sərvətlərinin talanmasına, qeyri-qanuni yolla mənimsənilməsinə hesablanıb ki, bu da qlobal iqlim problemlərinə rəvac verən əsas amillər sırasındadır.
Bundan əlavə, qlobal istiləşmə ilə əlaqədar buzlaqların sürətlə əriməsi okeanın və dənizlərin səviyyəsinin qalxmasına, paralel olaraq kiçik ada dövlətlərinin məhdud ərazilərinin daşqınkar altında qalmasına, sahilə yaxın ərazilərinin itirilməsinə gətirib çıxarır. Bu proses insanların məcburi köç etməsinə, sahil boyu kənd təsərrüfatı üçün yararlı olan torpaqların sahəsinin azalmasına səbəb olur. Qeyd olunan problemlər onların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olur.
Azərbaycan kiçik ada dövlətlərinin iqlim müzakirələrində səs hüququna malik olmasına çalışır. Bu dövlətlərin üzləşdiyi əsas problemlərin həllinə beynəlxalq ictimaiyyətin mümkün dəstəyi də COP29 ərəfəsində aparılan əsas müzakirələr sırasındadır. Məhz bu baxımdan Azərbaycan COP29-a sədrliyi çərçivəsində kiçik ada dövlətlərində ekoloji problemlərin həllinə dəstək verilməsi və maliyyə ayrılması təşəbbüsləri ilə çıxış edir. Qlobal tədbir zamanı inkişaf etməkdə olan bu dövlətlərin Zirvə toplantısının keçirilməsinin təşəbbüskarı da məhz respublikamızdır. Rəsmi Bakı həmin dövlətlərin səslərinin daha yüksək və aydın eşidilməsini təmin etmək üçün mümkün bütün tədbirləri reallaşdıracağını bəyan edib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz inkişaf etməkdə olan bir sıra ada dövlətlərində qasırğaların, zəlzələlərin, daşqınların və digər təbii fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılmasına dəstək verir. Eyni zamanda, inkişaf etməkdə olan 33 ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə reallaşdırılan texniki yardım proqramlarına maliyyə dəstəyi göstərir.
COP29-un icraçı rəhbərliyi bu ilin may ayında Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində keçirilən kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransında iştirak edərək, iqlim dəyişməsinə qarşı həssas olan kiçik ada dövlətlərinin problemlərinin diqqətdə saxlanılması vacibliyini bəyan edib. Tədbir çərçivəsində Barbadosa səfər zamanı kiçik ada ölkələrində su qıtlığının aradan qaldırılması, habelə dəniz və quruda təbii sərvətlərin dayanıqlı şəkildə idarə olunması ilə bağlı mühüm məsələlər ətrafında müzakirələr aparılıb.
Bütün bunlar göstərir ki, COP29 iqlim tədbiri olmaqla yanaşı, bu sahədə mövcud problemlərin əsl səbəblərinin araşdırılmasına və aradan qaldırılmasına yönəlmiş ideyaları önə çəkir. Bu xüsusda rəsmi Bakının irəli sürdüyü təşəbbüslər nəcib və humanist xarakteri ilə Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsini təmin edir.
MTM Analitik Qrup