AZƏRBAYCAN COP29 ÇƏRÇİVƏSİNDƏ ƏSAS TƏŞƏBBÜSLƏRİN MÜƏLLİFİ OLDU

Azərbaycan COP29 sammiti çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizədə və dayanıqlı inkişaf hədəflərinin reallaşdırılmasında bir sıra əhəmiyyətli təşəbbüslərlə çıxış etdi. Azərbaycan “Bakı qlobal iqlim şəffaflıq platforması”nı təqdim etməklə ölkələrə Paris Sazişi çərçivəsində şəffaflıq hesabatlarının hazırlanmasında və təqdim edilməsində dəstək göstərməyi hədəfləyir. Platforma xüsusilə inkişaf etməkdə olan ölkələrin hesabatlılıq potensialını artırmaq üçün seminarlar və təlimlər təşkil etməyi planlaşdırır. Bundan əlavə, iqlim layihələrini dəstəkləmək və dayanıqlı enerji təşəbbüslərinə investisiyalar cəlb etmək üçün İqlim Maliyyəsi Fəaliyyət Fondunun yaradılması təşəbbüsü də xüsusi qeyd edilməlidir. Bu fondun əsas məqsədi yaşıl maliyyə alətlərinin tətbiqi və karbon emissiyasının azaldılmasıdır.

COP29 zamanı Azərbaycan bərpa olunan enerji layihələrinin artırılması, Xəzər regionunda yaşıl enerji dəhlizlərinin yaradılması və karbon neytrallığına doğru irəliləyişlə bağlı planlarını vurğulayıb. Bu təşəbbüslər ölkənin enerji təhlükəsizliyini artırmaq və qlobal iqlim məqsədlərinə töhfə vermək baxımından əhəmiyyətlidir. Orta Dəhlizin yaşıl ticarət yolu kimi inkişaf etdirilməsi də Azərbaycanın təqdim etdiyi maraqlı təşəbbüslərdən biridir. Bu layihə enerji effektivliyinin artırılması və ekoloji nəqliyyat həllərinin tətbiqi ilə regionda iqtisadi və ekoloji davamlılığın yaradılmasını hədəfləyir. Bu təşəbbüslər Azərbaycanın beynəlxalq səviyyədə iqlim liderliyini nümayiş etdirir və iqlim dəyişiklikləri ilə mübarizədə qlobal əməkdaşlığa töhfə verir. COP29 çərçivəsində irəli sürülən bu addımlar, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli model rolunu oynaya bilər.

Əsas diqqət çəkən məqamlardan biri də Azərbaycanın kiçik ada dövlətlərinin dəstəklənməsi ilə bağlı fəaliyyətidir. Azərbaycan sammit çərçivəsində bu mövzuda xüsusi konfransın keçirilməsinə nail oldu. Azərbaycan Prezidenti kiçik ada dövlətlərində iqlim dəyişikliklərinə səbəb olan Fransa və Niderlandın fəaliyyətini kəskin tənqid etdi. Onu da bildirdi ki, rəsmi Bakı bundan sonra da kiçik ada dövlətlərinə hərtərəfli dəstəyini davam etdirəcək.

Ümumiyyətlə, COP29 sammitinin nəticələrini təhlil edəndə məlum olur ki, Bakının ev sahibliyi etdiyi bu tədbir iqlim dəyişikliyinə qarşı mübarizədə bir sıra irəliləyişlərə nail oldu. Məsələn, COP29 çərçivəsində ölkələr beynəlxalq karbon kredit sistemləri üçün standartlar qəbul etdilər. Bu, inkişaf etməkdə olan ölkələrə maliyyə axınlarının artırılmasına imkan verəcək və illik təxminən 250 milyard dollar qənaət etməyə kömək edəcək yeni mexanizmlərdir. Proqnozlaşdırılır ki, bu qərar karbon bazarlarının əməliyyatlarını sadələşdirəcək və iqlim planlarının həyata keçirilməsini sürətləndirəcək. Bununla yanaşı, Azərbaycan, ABŞ və Çin metan emissiyalarının azaldılmasına dair yeni təşəbbüsləri dəstəkləyən COP29 deklarasiyasını təqdim etdilər. Bu təşəbbüs tullantılardan yaranan metan qazının azaldılmasına və 2030-cu ilədək konkret hədəflərə nail olunmasına yönəlib. Sammit zamanı 2025-ci ildən fəaliyyətə başlayacaq “İtkilər və Zərərlər Fondu”nun təməli qoyuldu. Bu fond iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrə birbaşa maliyyə yardımı məqsədi daşıyır.

COP29-da iştirak edən ölkələr, xüsusilə inkişaf etmiş ölkələr maliyyə yardımlarını artırmağa və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə adaptasiyasını dəstəkləməyə söz verdilər. Bu yanaşma, iqlim maliyyəsinin “xeyriyyəçilik”dən çox strateji investisiya kimi qəbul olunmasını təşviq edir. Bununla yanaşı, bir çox ölkələr öz milli iqlim planlarını yeniləməklə daha cəsarətli emissiya azaldılması hədəfləri qoydu. Braziliya və Böyük Britaniya kimi ölkələr növbəti onillikdə daha sərt hədəflər elan etdilər. Beləliklə, COP29  göstərdi ki, beynəlxalq əməkdaşlıq və çevik yanaşmalar vasitəsilə iqlim böhranına qarşı effektiv tədbirlər həyata keçirmək mümkündür.

MTM Analitik Qrup