
Dünya iqtisadiyyatında yaranan mövcud mürəkkəb konfiqurasiya, ticarət müharibələrinin kəskinləşməsi fonunda ölkələr üçün qarşıda duran mühüm vəzifələrdən biri də öz ixrac qabilyyətini qoruyub saxlamaqdır. Qeyd edilən məqsədlə ölkələr müxtəlif addımlar atırlar, yeni tərəfdaşlıq münasibətləri qururlar. Sözügedən müstəvidə dünyanın ən böyük ixracatçı ölkəsi olan Çin üçün də ixrac imkanlarını ən azından sabit səviyyədə saxlamaq ümdə önəm kəsb edir və bu məsələdə adıçəkilən ölkənin Azərbaycanla əməkdaşlığa getdikcə daha çox diqqət etməsi özünü qabarıq şəkildə büruzə verir.
Artıq Çinin müxtəlif əyalətlərindən Azərbaycana yön alan yük qatarlarının sayı sürətlə artır. Elə bu müstəvidə Çindən Orta Dəhliz vasitəsilə Avropaya yeni yük qatarı marşrutu açılıb. Çinin qərbindəki ən iri 2 şəhəri olan Çendu və Çonçindən yükləri götürən ultraekspres blok qatarı Sincan Uyğur Muxtar Rayonundakı Horqos terminalından Qazaxıstana keçərək, buradan Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən yükləri Avropa ölkələrinə çatdıracaq. İçərisində ümumi çəkisi 1159 ton olan fotovoltaik batareya dəstləri olan 50 standart konteynerdən ibarət qatar Çinin Jongding logistika mərkəzindən yola düşüb. Çin öz fotovoltaik modullarını Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələrinə tədarük etməyi planlaşdırır. Bu, son 10 gün ərzində Çindən Orta Dəhliz vasitəsilə Avropaya açılan ikinci yük qatarı marşrutudur. İyunun 30-da paytaxt Pekindən Avropaya ilk yük qatarı yola salınıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz üzrə hərəkət edən qatarın yola düşəndən 15 gün sonra Bakıya çatması gözlənilir. Qatar ənənəvi dəniz yolu ilə müqayisədə yükləri Bakıya 30 gün daha tez çatdıracaq.
Beləliklə, Çinin getdikcə daha çox əyaləti öz yüklərini Azərbaycan üzərindən Avropa bazarlarına nəql edir. Qeyd olunmalıdır ki, 2024-cü il ərzində Çindən Azərbaycan istiqamətinə 300 konteyner blok qatarı yola salınıb. Cari il üçün blok qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır. Amma bu sayın dünya iqtisadiyyatında baş verən proseslər fonunda daha da artması istisna edilmir. Xüsusən də qlobal ticarət sistemində baş verən dəyişikliklər, eləcə də Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürməsi nəticəsində dünya üzrə nəqliyyat və logistika əlaqələri genişlənməkdədir. Bu prosesdə Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi ölkəmizin Çinin ixrac imkanlarının artmasında mühüm rol oynamasına səbəb olub. Orta Dəhliz çərçivəsində Azərbaycan Çin məhsullarının Avropa və Yaxın Şərq bazarlarına daha sürətli və təhlükəsiz çatdırılmasında strateji bir ölkəyə çevrilib.
Faktdır ki, Azərbaycanın yerləşdiyi region Şərq ilə Qərb, Şimal ilə Cənub arasında kəsişmə nöqtəsi olmaqla yanaşı, tarixi İpək Yolunun bərpası layihəsində xüsusi əhəmiyyətə malikdir. Çin “Bir kəmər, bir yol” təşəbbüsü ilə həm Avropa bazarlarına çıxışını genişləndirmək, həm də Asiya daxilində ticarət dövriyyəsini artırmaq niyyətindədir. Bu baxımdan Orta Dəhliz Çinin ixrac strategiyasında əsas tranzit yollarından biri kimi çıxış edir. Azərbaycan son illərdə nəqliyyat infrastrukturuna böyük sərmayələr qoyub. Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası kimi layihələr regionda multimodal daşımaların mərkəzinə çevrilib. Bu imkanlar Çin şirkətlərinə mallarını daha qısa müddətdə və rəqabətədavamlı qiymətlərlə Avropa və digər bazarlara çıxarmağa şərait yaradır.
O da nəzərə alınmalıdır ki, Azərbaycan-Çin münasibətləri təkcə nəqliyyat sahəsində deyil, iqtisadi və diplomatik sahələrdə də inkişaf edir. Azərbaycan Çinin təşəbbüslərini dəstəkləyən ilk ölkələrdən biri olub və “Bir kəmər, bir yol” layihəsində fəal iştirak edir. Bu da qarşılıqlı etimadın artmasına və yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olur. Azərbaycan ərazisində fəaliyyət göstərən logistika və ticarət mərkəzləri bu kontekstdə Çin şirkətləri üçün əlverişli platforma rolunu oynayır.
Azərbaycan həm də enerji resursları və sənaye məhsullarının tədarükçüsü kimi Çin üçün mühüm tərəfdaşdır. Enerji sahəsində əməkdaşlıq da bu əlaqələrin güclənməsinə töhfə verir. Bu iqtisadi əməkdaşlıq nəticəsində iki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artır və qarşılıqlı investisiya layihələrinin sayı çoxalır. Hazırda isə Azərbaycan Çinin qlobal ticarət strategiyasında mühüm tranzit və əməkdaşlıq tərəfdaşı kimi çıxış edir. Orta Dəhliz və digər nəqliyyat layihələri, Azərbaycanı Çin ixracatçılarının diqqət mərkəzinə çevirib. Bu əlaqələrin inkişafı təkcə Çinin ixrac imkanlarını artırmaqla kifayətlənmir, eyni zamanda Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi prosesini də sürətləndirir.
O da xüsusi qeyd edilməlidir ki, təkcə Çindən Azərbaycana yox, əks istiqamətdə də ixrac həyata keçirilir. Ötən il noyabr ayında Azərbaycan – Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmir yolu nəqliyyatı ilə Çinə yola salınıb. Bu, iki ölkə arasındakı iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoyması hesab olunur, eyni zamanda Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirməsinə gətirib çıxarır. Orta Dəhliz ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsinə paralel olaraq, ölkəmizdən Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır.
Onu da xatırlatmaq lazım gəlir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Sənəd Azərbaycan və Çin münasibətlərinin inkişafında yeni səhifə açmaqla yanaşı, tərəflərin hər birinin maraqlarının təmin olunmasında da “yol xəritəsi” hesab edilir. Bundan sonra Prezident İlham Əliyevin Çinə dövlət səfəri qarşılıqlı münasibətlərin daha da dərinləşməsində yeni mərhələ açıb.
MTM Analitik Qrup