
Qlobal nizamın sürətlə dəyişdiyi müasir dövrdə Azərbaycan və Çin arasındakı əlaqələr qarşılıqlı maraqlar, bir-birini tamamlayan məqsədlər və ümumi inkişaf baxışı əsasında qurulan strateji tərəfdaşlığın uğur nümunəsi hesab olunur. 1990-cı illərdən başlayaraq, Azərbaycan-Çin əlaqələri siyasi dialoq, iqtisadi əməkdaşlıq, mədəni mübadilə və digər mühüm istiqamətlərdə əhəmiyyətli dərəcədə genişlənib. Prezident İlham Əliyevin Çinə dövlət səfəri qarşılıqlı münasibətlərin yüksəlişində yeni bir mərhələ açır. Səfər əsnasında imzalanan sənədlər də bunun real təzahürüdür.
Sözügedən sənədlər sırasında Prezident İlham Əliyev və Sədr Si Cinpin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” gələcək münasibətlərin xarakterini müəyyənləşdirir. Bu, ən müxtəlif istiqamətlərdə əlaqələrin strateji səviyyəyə yüksəlməsinin zəminidir və əldə edilən razılıq tam şəkildə hər iki ölkənin maraqlarına cavab verir.
Sözügedən sənədə əsasən, hər iki ölkə bir-biri üçün prioritet təşkil edən məsələlərdə qarşılıqlı siyasi etimadı və dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər. Bundan başqa, tərəflər hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verdiklərini də burada diqqətə çatdırıblar.
Bəyanatda bir daha vurğulanır ki, Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. O da qeyd edilir ki, Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.
Birgə Bəyanat ticari-iqtisadi əməkdaşlıq, sənaye, nəqliyyat, təhsil sahəsində işbirliyi, enerji keçidi, terrorizm, separatizm və ekstremizmə qarşı birgə mübarizəni və digər mühüm sahələri də əhatə edir. İmzalanan digər sənədlər, onların məzmunu Azərbaycanla Çin arasında əməkdaşlıq əlaqələrinin miqyasının həm də regional xarakterli olacağını deməyə əsas verir. Qeyd edilməlidir ki, son illərdə Azərbaycan-Çin münasibətlərinin ən mühüm amillərindən biri iqtisadi əməkdaşlıq, xüsusən də Çinin “Kəmər və Yol” təşəbbüsü çərçivəsində həyata keçirilən birgə fəaliyyətdir. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın strateji coğrafi mövqeyi onu “Kəmər və Yol” təşəbbüsünün quru və dəniz marşrutlarında mühüm oyunçusuna çevirir. Prezident İlham Əliyevin səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Kəmər və yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı”, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş” sözügedən istiqamətdə ölkəmizlə Çin arasında birgə fəaliyyətin miqyasının daah da genişlənməsinə səbəb olacaq.
Daha bir mühüm məqam enerji sferasında əməkdaşlıqla bağlıdır. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair Anlaşma Memorandumu”nun imzalanması bu mənada böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın böyük perspektivləri var. Bu çərçivədə Azərbaycan Çindən yüksək texnologiyaların idxalını genişləndirəcək, həmçinin böyük həcmdə Çin sərmayəsini bu istiqamətə cəlb edəcək. Artıq Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində ölkəmizin Energetika Nazirliyi ilə Çin şirkətləri arasında bu müstəvidə bir sıra sənədlər imzalanıb. İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında Azərbaycan Respublikasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən Günəş Elektrik Stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 160 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi”, Azərbaycan Energetika Nazirliyi ilə Çin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında “Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu” yer alıb.
Bütün bunlar alternativ və bərpaolunan energetika sahəsində Azərbaycanın Çinlə əməkdaşlıq sayəsində daha böyük nailiyyətlərə imza atacağını təsdiq edir. Həmçinin, bu hal Azərbaycanda yaşıl enerji istehsalının həcminin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycan həm öz tələbatının mühüm bir hissəsini yaşıl enerji hesabına ödəyəcək, həm də bu məhsulun ixrac həcmini artıra biləcək. Özü də təkcə Avropa istiqamətində yox. Perspektivdə ölkəmizdə hasil edilən yaşıl enerjinin Çinin özünə də ixracı mümkündür. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə imzalanan müqavilə buna imkan yaradacaq. Ümumiyyətlə, Azərbaycan və Çin arasında iqtisadi əlaqələr bir-birini tamamlayır, davamlı nailiyyətlərə böyük töhfələr verir. Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması bu nailiyyətlərin miqyasını daha da genişləndirir.
MTM Analitik Qrup