
Azərbaycan həyata keçirdiyi siyasi, iqtisadi və hərbi islahatlar nəticəsində Cənubi Qafqazda lider mövqeyini daha güclü hala gətirə bilib. Eyni zamanda ölkəmizin mövqeyi, siyasəti ilə artıq sözügedən regionun sərhədlərindən kənarda da hesablaşırlar. Cənubi Qafqaza gəlincə, burada cərəyan edən proseslərin inkişaf axarını məhz Azərbaycan müəyyən edir və bu fakt artıq beynəlxalq miqyasda da qəbul edilir. Hadisələr göstərir ki, Azərbaycan həm də Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas təminatçılarından biri kimi çıxış edir. Xüsusilə də müasir ordu quruculuğu istiqamətində atılan addımlar və Silahlı Qüvvələrin yüksək səviyyədə modernləşdirilməsi Azərbaycanın təkcə öz milli təhlükəsizliyini deyil, həm də regional sabitliyi təmin etməkdə rolunu əhəmiyyətli dərəcədə artırır.
Qeyd edilənlər kontekstində ölkəmizin müdafiə və təhlükəsizlik sahəsinə xüsusi diqqət yetriməsi, bu istiqamətdə xərclərini artırması da tamamilə təbii xarakter daşıyır. Xatırlatmaq lazım gəlir ki, ölkəmizdə 2026‑cı ildə müdafiə və təhlükəsizlik sahəsinə 8 milyard 714,8 milyon manat vəsait ayırılması nəzərdə tutulur. Bu, Maliyyə Nazirliyinin “2026-cıilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində öz əksini tapıb. Sənədə əsasən, ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri məhz müdafiə və təhlükəsizlik sahəsini ehtiva edir. Vurğulanır ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən ölkə sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri sırasında yer alır.
Gələn il üçün büdcə qəbul olunarkən müdafiə və təhlükəsizlik xərclərində dəyişiklik edilməzsə, bu, son illər ərzində Azərbaycanın tarixində sözügedən sferaya ayrılan ən yüksək məbləğ olacaq. Bütün bunların konkret səbəbləri var və göstərilən xüsusda cari ilin avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinə köçən sakinlərlə görüşündə konkret fikirlər səsləndirib: “Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək… Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik… Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq… Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük – dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.
Reallıq göstərir ki, artıq Azərbaycana qarşı təhdidlər Cənubi Qafqaz regionu daxilində deyil, onun sərhədlərindən kənarda formalaşa bilər. Ölkəmiz isə bütün bunlara qarşı bəri başdan yüksək səviyyədə hazırlıq görür. Bundan əlavə, nəzərə alınmalıdır ki, Cənubi Qafqazda nə Gürcüstan, nə də Ermənistan Azərbaycan qədər güclü hərbi qüvvələrə malik deyil. Məhz bu durumda Azərbaycanın Silahlı Qüvvələrinin həm də regional təhlükəsizlik təminatçısı kimi çıxış etməsi Gürcüstan və Ermənistanın da maraqlarına cavab verir. Daha bir mühüm nüans odur ki, Cənubi Qafqazdan mühüm enerji və nəqliyyat marşrutları keçir. Onların da təhlükəsizliyini regionda təmin edə biləcək ölkə yenə Azərbaycandır. Bunu həm regonda, həm də dünyada nəzərə alırlar.
Uzun illər ərzində həyata keçirilən silahlanma proqramları, müasir texnologiyaların alınması, hərbi təlimlərin intensivləşdirilməsi nəticəsində Azərbaycan döyüş gücünü davamlı şəkildə artırır. Ən müasir pilotsuz uçuş aparatlarının, zirehli texnikaların, raket və artilleriya sistemlərinin ordunun arsenalına daxil edilməsi Azərbaycanın döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Bütün bunlar Silahlı Qüvvələrin yalnız müdafiə qüvvəsi deyil, həm də regional təhlükəsizlik sisteminin əsas dayaqlarından biri kimi fəaliyyət göstərməsinə şərait yaradıb. Elə 2020-ci il Vətən müharibəsi Azərbaycanın hərbi gücünü və Silahlı Qüvvələrinin döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusu müasir hərb tarixində nadir rast gəlinən sürətli əməliyyatlarla torpaqlarını işğaldan azad etdi. Bu qələbə təkcə ölkənin ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda yeni geosiyasi reallıq yaratdı.
Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi güc qonşu dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımınca qiymətləndirilir. Qazanılmış qələbə nəticəsində Azərbaycan regional güc balansını dəyişdi və özünü təhlükəsizlik qarantı kimi təsdiqlədi. Müharibədən sonra həyata keçirilən postmünaqişə dövrü siyasəti isə ordunun rolunu daha da gücləndirdi. Təbii ki, Azərbaycan Ordusunun güclənməsi yalnız hərbi məqsədlərə xidmət etmir. Ölkəmiz uzun illərdir ki, regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edir. Zəngəzur dəhlizi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri kimi layihələrin reallaşdırılması regionun strateji əhəmiyyətini artırır. Bu infrastruktur layihələrinin təhlükəsizliyini təmin etməkdə Azərbaycanın rolu böyükdür.
Bundan əlavə, Azərbaycan müxtəlif beynəlxalq hərbi əməkdaşlıq çərçivələrində də aktivdir. NATO ilə tərəfdaşlıq, Türkiyə ilə hərbi ittifaq və digər dövlətlərlə müdafiə sahəsində imzalanan razılaşmalar Silahlı Qüvvələrin regional sabitlik missiyasını gücləndirir. Müntəzəm keçirilən birgə hərbi təlimlər isə ordunun döyüş hazırlığını və müasir təhdidlərə cavab vermə imkanlarını yüksəldir.
Onu da xatırlatmaq lazım gəlir ki, Azərbaycan Silahlı Qüvvələri yalnız hərbi gücü ilə deyil, həm də humanitar və sülhməramlı fəaliyyətləri ilə seçilir. Azərbaycan hərbçiləri müxtəlif beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edib, digər regionlarda sülhün qorunmasına töhfə verib. Yəni, bu istiqamətdədə ölkəmiz zəruri təcrübəyə malikdir. Beləliklə, reallıqlar bir daha göstərir ki, Azərbaycanın Silahlı Qüvvələri regionda sülh və sabitliyin qorunması üçün mühüm təminatdır. Ordumuz yalnız ölkənin suverenliyini və ərazi bütövlüyünü müdafiə etmir, həm də regional əməkdaşlıq layihələrinin təhlükəsizliyini təmin edir. Şübhəsiz ki, gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin daha da modernləşdirilməsi, hərbi-sənaye kompleksinin inkişafı, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ordumuzun regional təhlükəsizlikdəki rolunu artıracaq.
MTM Analitik Qrup