
İkinci Dünya Müharibəsi nəticəsində yaranmış Birləşmiş Millətlər Təşkilatının (BMT) unikal cəhəti bütün dünya ölkələrinin bərabərhüquqlu əsaslarla bu qurumun işlərində iştirak etmək imkanına malik olması oldu. Təşkilat çərçivəsində ölkələr siyasi, sosial-iqtisadi maraqlarına, milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə birbaşa təsir edən təşəbbüslər irəli sürmək imkanı qazandılar. Ölkələr üçün dünya birliyinə inteqrasiyaya və BMT çərçivəsində milli maraqların təşviqinə sözügedən təşkilatın ixtisaslaşmış qurumları, proqramları və fondları ilə əməkdaşlıq əhəmiyyətli dərəcədə kömək edirdi.
Bu və digər cəhətlərinə görə, BMT sələfi olan Millətlər Liqasından əhəmiyyətli dərəcədə fərqlənirdi. Əslində, BMT yaradılarkən Millətlər Liqasının mənfi xarakterli təcrübəsinin təkrarlanmaması da xüsusi olaraq nəzərə alınmışdı. Qarşıya qoyulan vəzifələrin – sülhün qorunması, təcavüzə qarşı mübarizə, beynəlxalq hüquq normalarına riayət edilməsinin oxşarlığına baxmayaraq, BMT Millətlər Liqasından əhəmiyyətli dərəcədə fərqlənir. Bu, ilk növbədə, təcavüzkar ölkəyə qarşı tətbiq edilən hərbi, siyasi və iqtisadi sanksiyalar sistemi şəklində təcavüzün qarşısının alınması mexanizmlərinə malik olmasıdır.
Millətlər Liqasının əsas çatışmazlığı ondan ibarət idi ki, o, təcavüzkar dövlətə təsir göstərmək üçün yalnız mənəvi-psixoloji tədbirlər görə bilirdi, lakin ona real təsir göstərə bilmirdi. Daha doğrusu, təcavüzkara qarşı iqtisadi, siyasi və hətta hərbi sanksiyalar nəzərdə tutulurdu, lakin qurumun nizamnaməsi hər bir dövlətə sanksiyalarda iştirak edib-etməmək barədə sərbəst qərar vermək imkanı verirdi. Beləliklə də, sanksiyalarda iştirak könüllü idi ki, bu da demək olar, onların tətbiqini mümkünsüz edirdi. Halbuki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyalar bu təşkilata üzv olan bütün dövlətlər üçün məcburidir. Nəhayət, Millətlər Liqasının başqa bir əsas çatışmazlığı və eyni zamanda BMT-dən fərqi ondan ibarət idi ki, onun nizamnaməsi mübahisələrin həlli yolu kimi müharibəni qadağan etmirdi.
BMT yaradılarkən qeyd edilən bu və digər çatışmazlıqlar aradan qaldırıldı, amma təəssüf ki, sonradan sözügedən təşkilat da sələfi kimi aciz bir quruma çevrildi və bu hal indi də davam edir. Elə o səbəbdən son illər BMT-də islahatların aparılması məsələsi aktuallaşıb və bu, çoxsaylı ölkələr, o cümlədən Azərbaycan tərəfindən gündəmə gətirilir. Lakin bu islahatlar BMT-ni belə demək olarsa, inhisarında saxlamaq istəyən ölkələr tərəfindən əngəllənir. Söhbət ilk növbədə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən gedir. Düzdür, həmin ölkələr özləri də islahatların vacibliyindən bəhs edirlər, lakin sonradan tamam fərqli mövqe sərgiləyirlər. Belə şəraitdə digər ölkələrin BMT ilə münasibətlərini yenidən nəzərdən keçirməsi, milli maraqlarının təşkilatla əlaqələrdə daha yüksək səviyyədə təmini üçün müvafiq addımlar atması zərurətə çevrilir. Azərbaycan artıq qeyd olunan istiqamətdə əməli fəaliyyət nümayiş etdirir.
Hazırda ölkəmizlə BMT arasında əməkdaşlıqda yeni bir mərhələnin başlandığı müşahidə olunur. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi artıq qurumun diqqətinə çatdırılıb. Xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonla görüşü zamanı apardığı müzakirələr, irəli sürülən fikirlər də bunların ifadəsidir. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüş zamanı Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin icrası istiqamətində əməkdaşlığın müxtəlif aspektləri, eləcə də bu əməkdaşlığın yeni dövrün reallıqlarına və Azərbaycanın dayanıqlı inkişaf sahəsində milli prioritetlərinə uyğunlaşdırılaraq daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bununla yanaşı, ərazilərimizin işğaldan azad edilməsi və son illərdə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi tərəqqinin sosial profilli layihələrin icrasında ölkənin öz daxili resurs və imkanlarına arxalanmağa şərait yaratdığı, Azərbaycanın bir sıra BMT qurumları vasitəsilə bir çox ölkələrə donorluq fəaliyyəti göstərdiyi xüsusilə qeyd olunub. Qeyd olunanlarla əlaqədar, Azərbaycanın BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb. Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi digər tərəfin diqqətinə çatdırılıb. Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi ilə əlaqədar, dövrün tələblərinə uyğun olaraq, BMT ilə əməkdaşlıqda BMT-nin Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər aidiyyəti qurumlar ilə əməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə də gələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcəyi qeyd olunub.
Qeyd etmək lazımdır ki, BMT-nin strukturu kifayət qədər mürəkkəbdir və çoxlu sayda müxtəlif təşkilati bölmələri – komitələri, departamentləri və digərlərini özündə birləşdirir. Əsas struktur bölmələri Baş Assambleya, Təhlükəsizlik Şurası, Beynəlxalq Məhkəmə, İqtisadi və Sosial Şuradır. Səlahiyyət səviyyəsi baxımından ən mühümləri Baş Assambleya və BMT Təhlükəsizlik Şurasıdır. BMT Baş Assambleyası təşkilata üzv olan bütün dövlətləri birləşdirir və öz iclaslarında müasir beynəlxalq münasibətlərin ən mühüm və aktual məsələlərinə baxır. Məhz onun qətnamələr şəklində qəbul etdiyi qərarlar dünya ictimai rəyinin konkret məsələ ilə bağlı mövqeyini əks etdirir və BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin əsasını təşkil edir. Bununla belə, qeyd etmək vacibdir ki, Baş Assambleyanın qərarları tövsiyə xarakteri daşıyır, yəni icra üçün məcburi deyil. Məhz bu hal onun dünyada vəziyyətin inkişafına təsirini ciddi şəkildə məhdudlaşdırır. BMT Təhlükəsizlik Şurası isə 15 dövlətdən ibarətdir. Bu qurum təşkilatda ən vacib orqandır, çünki onun qəbul etdiyi qərarlar məcburidir. BMT Nizamnaməsinin 24-cü maddəsinə əsasən, Təhlükəsizlik Şurası “beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət daşıyır”. BMT Nizamnaməsinə görə, dünyanın heç bir dövləti BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan başqa dövlətə qarşı hərbi əməliyyatlar keçirə bilməz. Lakin ötən dövr Təhlükəsizlik Şurasının öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyini konkret nümunələr qismində göstərib. Elə Azərbaycanın ərazilərinin 30 ilə yaxın işğal altında qalmasının əsas səbəblərindən biri BMT Təhlükəsizlik Şurasının öz missiyasını layiqincə yerinə yetirə bilməməsi, ikili standartlardan çıxış etməsi olub.
Bundan başqa, bəzi dünya dövlətləri, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının üzvləri bu qurumun razılığı olmadan silahlı qüvvələrdən başqalarına qarşı istifadə edir, özləri BMT-nin Nizamnaməsini pozur. Problem təkcə bunlarla məhdudlaşmır. BMT-nin müəyyən qurumları da təşkilatın dəyər və prinsiplərinə zidd fəaliyyət göstərirlər. Məsələn, BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO Azərbaycana və bəzi digər ölkələrə qarşı ikili standart siyasətinə görə tənqid hədəfinə çevrilib. Bütün bunlar fonunda Azərbaycanın BMT qurumları ilə əməkdaşlığında yeni siyasətə və fərqli formada münasibətlər qurmağa başlaması zərurətdir, təbii xarakterə malikdir.
MTM Analitik Qrup