
Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin olunması istiqamətində yeni təşəbbüs gündəmə gəlib. Bir neçə ölkə Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətindədir. Hazırda bu qüvvələrin tərkibi və mandatı ilə bağlı danışıqlar davam etsə də, heç bir ölkə üzərinə konkret öhdəlik götürməyib. Bununla belə, diplomatik mənbələr Azərbaycanın, İndoneziyanın və Pakistanın məsələyə xüsusi maraq göstərdiyini bildirir. Bu təşəbbüsün mərkəzində ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi 20 maddəlik sülh planı dayanır. Planın əsas hədəfi Qəzzada davamlı atəşkəsə nail olmaq, Fələstin ərazilərində inzibati sabitliyi bərpa etmək və regionda beynəlxalq etimadı möhkəmləndirməkdir. ABŞ-ın təklifinə əsasən, bu sabitlik qüvvələri ərəb və müsəlman tərəfdaşlarla əməkdaşlıq şəklində fəaliyyət göstərəcək, lakin ABŞ qoşunları birbaşa missiyada iştirak etməyəcək. Bunun əvəzində amerikalı müşavirlər və təlimatçılar Qəzzada fəaliyyət göstərəcək Fələstin polis qüvvələrinə hazırlıq dəstəyi verəcəklər.
Qəzza zolağında sabitlik qüvvələrinin yerləşdirilməsi həm regional, həm də qlobal siyasət baxımından mürəkkəb məsələdir. İsrail, Fələstin, Misir və ABŞ arasında hələlik missiyanın mandatı və səlahiyyətləri ilə bağlı yekdil razılıq yoxdur. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasında belə bir missiyanın legitimliyi və nəzarət mexanizmləri barədə müzakirələr davam edir. Azərbaycan, İndoneziya və Pakistanın isə bu təşəbbüsə maraq göstərməsi təsadüfi deyil. Hər üç ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və fələstinlilərin legitim hüquqlarının müdafiəsini öz xarici siyasətlərinin vacib istiqamətlərindən biri hesab edir. Xüsusən də Azərbaycanın bu prosesdə adının çəkilməsi onun beynəlxalq sülhməramlı təcrübəsi, balanslı diplomatik mövqeyi, İsraillə yanaşı, Fələstinlə də dost münasibətlər saxlaması ilə bağlıdır. Onu da qeyd edək ki, Azərbaycan beynəlxalq sülhməramlı fəaliyyət sahəsində artıq ciddi təcrübə toplayıb. 1999-cu ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri müxtəlif beynəlxalq əməliyyatlarda iştirak edib. 1999-2008-ci illərdə Azərbaycan sülhməramlı kontingenti NATO-nun rəhbərlik etdiyi KFOR missiyasına daxil idi. Missiyanın məqsədi Kosovo etnik toqquşmaların qarşısını almaq və sabitliyi bərpa etmək idi. 2003-2008-ci illərdə Azərbaycanın 150 nəfərlik hərbi birliyi ABŞ koalisiyasının tərkibində İraqın Kərbəla bölgəsində xidmət göstərib. Azərbaycan kontingenti dini abidələrin, xüsusən də İmam Hüseyn türbəsinin qorunmasında mühüm rol oynayıb. Bundan əlavə, 2002-2021-ci illərdə Azərbaycan NATO-nun ISAF və daha sonra “Qətiyyətli dəstək” missiyalarında iştirak edərək Əfqanıstanda həm təhlükəsizlik, həm də humanitar dəstək funksiyalarını yerinə yetirib. Bu təcrübələr göstərir ki, Azərbaycan sülhməramlı əməliyyatlarda həm dini, həm etnik, həm də geosiyasi cəhətdən həssas bölgələrdə etimadlı tərəfdaş kimi çıxış edir. Qəzzada sabitlik qüvvələrinin yaradılması ideyasında Azərbaycanın iştirakı da bu baxımdan önəmlidir. Birincisi, Azərbaycan həm İsraillə, həm də Fələstinlə diplomatik münasibətlərə malik nadir müsəlman ölkələrindəndir. Bu fakt Bakını mümkün vasitəçi və balanslı oyunçuya çevirir. İkincisi də Azərbaycan sülhməramlıları yalnız təhlükəsizlik təminatı deyil, eyni zamanda yerli əhali ilə mədəni-humanitar əlaqələrin qurulmasında da təcrübə qazanıblar. Digər tərəfdən Azərbaycan son illərdə İslam dünyasında mədəni dialoq və tolerantlıq nümunəsi kimi çıxış edir. Qəzzada sabitlik missiyasında iştirak bu mövqeni daha da gücləndirə bilər. Əlbəttə ki, belə bir missiyada iştirak Azərbaycanın beynəlxalq imicinə də əlavə diplomatik dəyər qazandırar, onun qlobal sülh proseslərində fəal aktor kimi tanınmasını möhkəmləndirər. Bu baxımdan Qəzzada sabitlik qüvvələrinin yaradılması təşəbbüsü Yaxın Şərqdə uzunmüddətli sülhə aparan yolun ilk addımı ola bilər. Bu prosesdə Azərbaycanın adının çəkilməsi onun beynəlxalq sülh və təhlükəsizlik sahəsində etibarlı tərəfdaş kimi tanındığını göstərir. Əgər danışıqlar uğurla nəticələnərsə, Azərbaycan təkcə hərbi kontingentlə deyil, həm də humanitar diplomatiya sahəsindəki potensialı ilə bu missiyaya dəyər qatacaq.
MTM Analitik Qrup