AZƏRBAYCAN BEYNƏLXALQ HÜQUQU VƏ ƏDALƏTİ TƏMİN EDİR

Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma qurumun keçmiş “liderləri” və yüksək rütbəli şəxslərinin məhkəməsinin başlanması ilk növbədə beynəlxalq hüququn təmin olunması baxımından vacib addımdır. Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərləri  Qarabağdakı qanunsuz rejimin rəhbər şəxsləri kimi Azərbaycan ərazilərinin işğalına və qanunsuz hərbi hərəkətlərə başçılıq ediblər. Bu şəxslərin məsuliyyətə cəlb olunması və barələrində başlanan məhkəmə prosesi Ermənistanın 30 il davam edən işğalının ağır nəticələrinin aradan qaldırılması və ədalətin bərpası baxımından da zəruridir. Bakıda başlayan “Nürnberq prosesi”nin əsas məqsədi təkcə cinayətkarları məsuliyyətə cəlb etmək deyil, həm də Ermənistan dövlətinin çoxsaylı cinayətlərdə daşıdığı məsuliyyətin təsbit olunmasıdır. Çünki mühakimə olunan cinayətkarlar Azərbaycan xalqına qarşı etnik təmizləmə apararkən, Azərbaycan ərazilərinin bir hissəsini işğal edərkən bunu öz qüvvələri ilə etməyiblər. Bu prosesdə Ermənistan ideoloji, hərbi-siyasi baxımından aparıcı rol oynayıb. Ona görə də uzun illərdən sonra Bakının beynəlxalq cinayətkarları mühakimə etməklə bağlı həyata keçirdiyi  “Nürnberq prosesi”ni alqışlamaq lazımdır.

Nürnberq məhkəmələri İkinci Dünya Müharibəsindən sonra alman faşizminin başçılarını, hərbi cinayətkarları və digər müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxsləri cəzalandıran hüquqi proses kimi tarixə düşüb. Bu məhkəmələr müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin və soyqırımın qarşısının alınması və təqsirkarların cəzalandırılması üçün bir hüquqi təməl qoyub. Ona görə də eyni prinsipin Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində törətdiyi cinayətlərə də  tətbiq olunması təsadüfi deyil. Çünki Ermənistanın “Dağlıq Qarabağ”dakı qanunsuz fəaliyyətləri və mülki əhaliyə qarşı törətdiyi zorakılıqlar Nürnberq prosesində mühakimə edilən cinayətlərlə tam bənzərlik təşkil edir. Ermənistanın yüksək rəhbərliyi, həmçinin qanunsuz separatçı qurumun təmsilçiləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə birbaşa iştirak ediblər. Məsələn, Azərbaycan mülki vətəndaşlarının öldürülməsi, mülki obyektlərin, xüsusən də məktəblərin, xəstəxanaların hədəf alınması, etnik təmizləmə siyasətinin həyata keçirilməsi və digər qeyri-insani davranışlar beynəlxalq hüquq qarşısında ciddi mühakimə faktı yaradır. Bu baxımdan Bakının başlatdığı proses beynəlxalq hüququn və ədalətin təmin olunması üçün təqdirəlayiq hadisədir.

Nəzərə almalıyıq ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər ən çox da soyqırım səviyyəsində qeyri-qanuni fəaliyyətləri əhatə edir. Ermənistanın dəstəyi ilə 1991-ci ildə işğal edilən Azərbaycan ərazilərində yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası” adından qanunsuz fəaliyyət göstərən şəxslər hazırda ona görə mühakimə olunurlar ki, onlar on minlərlə azərbaycanlının həyatını itirməsinə, mülki əhalinin qaçqın düşməsinə və böyük maddi zərərə uğramasına səbəb olublar. Ermənistan dövləti isə bu qanunsuz quruma hərtərəfli dəstək verməklə Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasında və ölkənin  suverenliyini pozulmasında əsas rolu oynayıb. Ona görə də Ermənistan dövlətinin bu cinayətlərə görə məsuliyyətini təsbit etmək yalnız hüquqi baxımdan deyil, həm də ədalət və beynəlxalq sülhün qorunması baxımından vacibdir. Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər üçün cəzaların verilməsi yalnız təqsirkarları cəzalandırmaqla kifayətlənməməli, həm də gələcəkdə belə cinayətlərin qarşısını almağa xidmət etməlidir. Nürnberq prosesində olduğu kimi, beynəlxalq ictimaiyyət, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə qarşı da ciddi reaksiya verməli, məsuliyyətin şərh edilməsi və cəzaların verilməsi üçün səmərəli hüquqi mexanizmlər hazırlamalıdır. Digər tərəfdən cinayətkarların məsuliyyətə cəlb edilməsi və ədalətin təmin edilməsi, bölgədə davamlı sülh və sabitlik üçün vacibdir.

MTM Analitik Qrup