
Azərbaycan beynəlxalq arenada öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirərək, təkcə yerləşdiyi coğrafiyada yox, onun sərhədlərindən kənarda, hətta bəzi dünya miqyaslı proseslərin inkişaf axarının müəyyən olunmasında həlledici rol oynamaqdadır. Ölkənin iqtisadi, siyasi və hərbi sahələrdə əldə etdiyi uğurlar, İkinci Qarabağ müharibəsi nəticəsində qazandığı möhtəşəm Zəfər, regionda yaratdığı yeni reallıqlar, həmçinin fəal xarici siyasəti onun beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayıb və oynamaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və milli maraqlara əsaslanan siyasət Azərbaycanın regionda və beynəlxalq müstəvidə mühüm aktor kimi çıxış etməsinə gətirib çıxarıb.
Bu gün Azərbaycanın enerji resursları, logistik və tranzit imkanları, coğrafi mövqeyi istər Qərb, istərsə də Şərq üçün həyati əhəmiyyət kəsb edir. Faktdır ki, ölkəmizdə neft və qaz ehtiyatlarının səmərəli idarə olunması, transmilli enerji layihələrinin icrası bu gün Qərbin enerji təhlükəsizliyində mühüm rol oynamasına şərait yaradıb. Bakı-Tiflis-Ceyhan, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Azərbaycanın Avropa bazarlarına neft-qaz ixracını təmin edərək, onu Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirib. Yaxın perspektivdə Avropanın yaşıl enerji ilə təminatında da Azərbaycan həlledici rol oynayacaq. Bütün bunlar Azərbaycanın beynəlxalq tərəfdaşları ilə münasibətlərini daha da gücləndirir və ölkənin strateji əhəmiyyətini artırır.
Siyasi sahədə də Azərbaycan çoxsaylı uğurlar əldə edib. Ölkə balanslaşdırılmış və çoxşaxəli xarici siyasət yürüdərək həm Qərb, həm də Şərq dövlətləri ilə məhsuldar əməkdaşlıq qurub. Azərbaycanın Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrliyi, bu təşkilat çərçivəsində irəli sürdüyü təşəbbüslər, humanitar və sağlamlıq sahəsində atdığı addımlar, xüsusilə pandemiya dövründə üzv ölkələrə dəstəyi onun beynəlxalq nüfuzunu xeyli artırıb. Eyni zamanda BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq davam etdirilir. Bu kontekstdə Azərbaycanın son günlərdə imza atdığı uğurlar da xüsusi qeyd edilməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi məlumatına əsasən, son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan, onun vətəndaşlarının namizəd olduğu 6 seçkinin hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə artan etimadın bariz göstəricisidir. Xarici İşlər Nazirliyi həmin seçkilər, onların keçirildiyi qurumların siyahısını da təqdim edib: BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə, BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə), UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə), BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə), BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi.
Bütün bu seçkilərdə qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq nüfuzunun artan göstəricisi, ölkəmizə dünyada göstərilən etimadın yüksələn xətt üzrə inkişaf etməsinin nəticəsidir. Qeyd edilməlidir ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra xarici siyasətinin əsas istiqamətlərindən biri beynəlxalq təşkilatlarla əməkdaşlıq olub. Bu əməkdaşlıq həm ölkənin beynəlxalq nüfuzunun artırılması, həm də regional və qlobal məsələlərdə fəal iştirakının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda üzv kimi fəaliyyəti, onun qlobal problemlərin həllinə verdiyi töhfəni və beynəlxalq ictimaiyyətin etimadını əks etdirir.
Xatırlatmaq lazım gəlir ki, Azərbaycan ilk növbədə Birləşmiş Millətlər Təşkilatının fəal üzvüdür. Ölkəmiz BMT-yə qəbul olunduqdan sonra ölkə bu təşkilat çərçivəsində sülh, təhlükəsizlik, davamlı inkişaf və insan hüquqları kimi məsələlərdə təşəbbüslərlə çıxış edib. 2012–2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və bu dövrdə müxtəlif qlobal çağırışlarla bağlı mövqeyini ifadə edib, o cümlədən regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində çağırışlar edib. Bu fakt Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləmiş oldu. Elə BMT çərçivəsində keçirilən bir sıra son seçkilərdə Azərbaycanın qalib olması da bunun təzahürüdür.
Ölkəmiz üçün digər əhəmiyyətli beynəlxalq qurumlardan biri Qoşulmama Hərəkatıdır. Azərbaycan həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də fəal rol oynayır. Ölkə İslam dünyasının problemlərinin həlli, islamofobiyaya qarşı mübarizə və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində mühüm töhfələr verir. Azərbaycan ATƏT ilə də əməkdaşlıq edir, eyni zamanda Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində də önəmli rol oynayır. Bu təşkilat türkdilli ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsinə xidmət edir. Azərbaycanın təşəbbüsü ilə təşkilatın fəaliyyəti genişləndirilib, əməkdaşlıq formatları artırılıb. Azərbaycan həmçinin UNESCO, ISESCO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, GUAM, İƏT və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bu qurumlarla əməkdaşlıq ölkənin beynəlxalq əlaqələrinin şaxələnməsinə, inkişaf layihələrinin həyata keçirilməsinə və mədəni irsin qorunmasına şərait yaradır.
Beləliklə, Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirak edərək qlobal və regional məsələlərin həllində mühüm mövqe nümayiş etdirir. Bu fəaliyyət ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, milli maraqların qorunması və beynəlxalq hüququn üstünlüyünün təmin olunmasına da xidmət edir.
Mədəniyyət və humanitar sahədə də Azərbaycan beynəlxalq səviyyədə fəallığını artırır. 2008-ci ildən etibarən keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq və digər tədbirlər ölkəni tolerantlıq və multikulturalizm mərkəzinə çevirib. BMT, UNESCO və ISESCO kimi qurumlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın mədəni irsi dünya ictimaiyyətinə təqdim olunur, mədəniyyətlərarası dialoqun inkişafına töhfə verilir. İdman sahəsində də ölkə ciddi uğurlar əldə edib. Bir sıra beynəlxalq yarışlara ev sahibliyi etmiş Azərbaycan, xüsusilə Bakı 2015 Avropa Oyunları, “Formula 1” yarışları, İslam Həmrəyliyi Oyunları və UEFA oyunları ilə beynəlxalq aləmdə tanınmış idman ölkəsinə çevrilib. Ümumiyyətlə isə Azərbaycanın milli maraqlara söykənən, prinsipial və ardıcıl siyasəti nəticəsində beynəlxalq münasibətlər sistemində nüfuzu artır, strateji tərəfdaşlıqlar genişlənir, yeni siyasi və iqtisadi imkanlar yaranır. Bütün bunlar onu göstərir ki, Azərbaycan yalnız regionda deyil, eyni zamanda qlobal səviyyədə də əhəmiyyətli aktora çevrilib.
MTM Analitik Qrup