AZƏRBAYCAN AVRASİYANIN RƏQƏMSAL QOVŞAQ MƏRKƏZİNƏ ÇEVRİLİR

Avropa ilə Asiya arasında əlaqələri və məlumat mübadiləsini daha intensiv hala gətirəcək “Rəqəmsal İpək Yolu” layihəsi bu gün dünya miqyasında xüsusi diqqət mərkəzində yer alır. Sözügedən layihə Azərbaycan vasitəsilə iki qitə arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutur, yüksək texnologiyalar sahəsində həm yeni səhifə açır, həm də bu müstəvidə rəqabəti artırır. “Rəqəmsal İpək Yolu” layihəsinin reallaşmasında Azərbaycana gəlincə, ölkəmiz təkcə coğrafi mövqeyi yox, digər parametrlər baxımından da burada mühüm rol oynayan tərəflərdən biridir.

“Rəqəmsal İpək Yolu” inkişaf etməkdə olan bazarlar və iqtisadiyyatlar arasında informasiya mübadiləsini və rəqəmsal əməkdaşlığı genişləndirmək üçün Çin tərəfindən irəli sürülən təşəbbüsüdür. Rəqabətqabiliyyətli olması qeyd edildiyi kimi onun əsas cəhətlərindən biridir. Çünki burada tərəfdaşlara təklif olunan Çin texnologiyaları digərləri ilə müqayisədə xeyli ucuzdur ki, bu da rəqib mövqedə olanların ciddi narahatlığına səbəb olur.  Tərəfdaşları ilə birlikdə “Rəqəmsal İpək Yolu”nu inkişaf etdirən Çin ilk növbədə iştirakçı ölkələrin ehtiyaclarına diqqət yetirir və onlara aşağıdakıları təmin edir: 5G texnologiyası, məlumat mərkəzləri və serverlər, elektron ticarət imkanları, süni intellektə əsaslanan məhsullara çıxış, izləmə və üz tanıma texnologiyaları, peyk naviqasiya sistemləri, ağıllı şəhər və kənd texnologiyaları, robotlar və sair.  Bütün bunlar Azərbaycanın da diqqətini cəlb edir.

O da nəzərə alınmalıdır ki, Azərbaycan və Çin arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Sözügedən kontekstdə Azərbaycan Çindən müasir texnolgiyaların idxalında, intensiv məlumat mübadiləsində maraqlıdır.  “Rəqəmsal İpək Yolu” bunun üçün əlverişli şərait yaradır. Bəllidir ki, müasir texnologiyalardan geniş istifadə hazırkı dördüncü sənaye inqilabı şəraitində Azərbaycanın inkişaf dinamikasını daha da sürətləndirməyə imkan verir. Məhz bu kontekstdə Azərbaycan rəqəmsal iqtisadiyyatının yüksəlişini gələcək inkişafın əsas amili kimi qəbul edir.  Qeyd etmək lazımdır ki, bu inkişaf kursu dördüncü sənaye inqilabı şəraitində xüsusilə mühüm rol oynayır. Çünki artıq bütün dünya boyu texnoloji amil dövlətin iqtisadi inkişafına bilavasitə təsir edir. Azərbaycan tərəqqisində bütün bu faktorları nəzərə alır. Eyni zamanda bunlara paralel olaraq, Azərbaycan dünyanın rəqəmsal gələcəyini, inkişafdakı müasir tendensiyaları nəzərə alaraq, “Rəqəmsal İpək Yolu” modelini də xüsusi diqqət mərkəzində saxlayır.

“Rəqəmsal İpək Yolu”  Çinin dövlətlərarası infrastruktur layihələrini əhatə edən “Bir kəmər, bir yol” təşəbbüsünün bir qolu kimi meydana çıxıb.  Lakin sonradan bir sıra özəl şirkətlər paralel “Rəqəmsal İpək Yolu”  təşəbbüsünü irəli sürdülər, bu çərçivədə  yüksək texnologiyaların perspektivli sahəsi əsas diqqət mərkəzinə gəldi. On il əvvəl, “Rəqəmsal İpək Yolu”  bir çox cəhətdən beynəlxalq miqyasda o qədər maraq  doğurmurdu. Hətta ABŞ-nin  texnoloji nəhəngləri bu layihəyə diqqət yetirməyi belə lüzumsuz sayırdılar.  Amma “Rəqəmsal İpək Yolu”nun inkişafı istiqamətində son on ildə görülən işlər indi meydana tamam fərqli mənzərə çıxarıb. Layihə çərçivəsində Çin texnologiyalarının beynəlxalq bazarda özünə geniş yer eləməsi rəqiblərin ciddi narahatlıq predmetinə çevrilib. Çin texnologiyalarından istifadə etməklə tərəfdaş ölkələrdə informasiya infrastrukturunun,  gələcək tərəfdaşlıq üçün tədris mərkəzlərinin yaradılması və elmi proqramların maliyyələşdirilməsi, tərəfdaş ölkələrə telekommunikasiya sektorunun inkişafı məqsədilə kreditlərin verilməsi,  digər belə addımlar “Rəqəmsal İpək Yolu”nun iştirakçılarına çoxsaylı üstünlüklər qazandırır. Çin texnologiyaları isə çox sayda ölkəni, ilk növbədə inkişaf etməkdə olanları maraqlandırır. İndi dünyanın 60-dan çox ölkəsi Çinin Rəqəmsal İpək Yolu təşəbbüsündə iştirak edir. Bunlara misal olaraq müxtəlif qitələrdə təmsil olunan Azərbaycanı, Misiri, Macarıstanı, Qazaxıstanı, Pakistanı, Polşanı, Səudiyyə Ərəbistanı, Serbiyanı, Cənubi Koreyanı, Türkiyəni, Sinqapuru, Venesuelanı və başqalarını göstərmək olar. Ümumiyyətlə, Afrika, Yaxın Şərq, Avropa, Cənub-Şərqi Asiya və Latın Amerikası ölkələri öz rəqəmsal infrastrukturlarını qurmaq üçün Çinin ən qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıq edirlər. Azərbaycan da Çinin texnologiya nəhəngləri ilə əməkdaşlığını sürətlə genişləndirir.

“Rəqəmsal İpək Yolu” süni intellekt və robototexnika sahəsinə çıxış üçün də əlavə üstünlüklər vəd edir. Bu gün müxtəlif robotlar hazırlayan dünyanın 15 aparıcı şirkətinin siyahısına 7 Çin şirkəti daxildir. Süni intellektə gəlincə, burada da Çin texnologiyaları Qərb texnologiyalarından heç də geri qalmır. Çinin “DeepSeek” şəbəkəsinin qlobal rəqəmsal bazarda peyda olması bir neçə ildir ki, bu sahədə lider mövqeyini qoruyub saxlayan ABŞ-nin mövqeyini sarsıdıb. Öz süni intellektini yaratmaq  Çinə “Rəqəmsal İpək Yolu” çərçivəsində Qərb analoqlarından daha ucuz və daha sərfəli şərtlərlə təmin edilən yeni məhsullar və həllər yaratmaq imkanı verib.  Tərəfdaş ölkələrin də bundan istifadəsi onlara əlavə üstünlüklər qazandırır.

Ölkəmiz onu da nəzərə alır ki, “Rəqəmsal İpək Yolu”  həm də qlobal rəqəmsal texnologiya bazarlarına çıxış vasitəsidir. Bu kontekstdə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması, özəl sektorun fəal iştirakı ilə reallaşan “Azerbaijan Digital Hub” proqramı ölkəmizə mühüm üstünlüklər vəd edir. Həmin proqramın əsas məqsədi telekommunikasiya sferasında ən qabaqcıl dünya standartlarının ölkəmizdə tətbiqi, internet alışında xarici asılılığın minimal hədd endirilməsi, Azərbaycanın regionda internet satışında mərkəzi ölkəyə çevrilməsi, rəqəmsal xidmətlərin ixracatçısı olmasıdır. Ümumiyyətlə, ölkəmzin yaxın gələcəkdə Qafqazdan tutmuş Yaxın Şərq, Mərkəzi və Cənubu Asiyaya kimi geniş coğrafi məkanda rəqəmsal mərkəzə çevrilməsi gözlənilir. “Rəqəmsal İpək Yolu” layihəsinin reallaşması sözügedən prosesə böyük töhfələr verəcək.

“Rəqəmsal İpək Yolu” layihəsinin reallaşması çərçivəsində artıq Qazaxıstan-Azərbaycan marşrutu üzrə Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilişi istiqamətində zəruri addımlar atılır. Sözügedən layihə Xəzər dənizinin dibi ilə 380 kilometr uzunluğunda fiber-optik kabel xəttinin tikintisini nəzərdə tutur. Bu xətt Azərbaycanın Sumqayıt və Qazaxıstanın Aktau şəhərlərini birləşdirəcək, yüksəkhəcmli məlumatların ötürülməsini və saniyədə 400 terabitə qədər yüksəksürətli internet bağlantısını təmin edəcək. Nəticədə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan daxil olmaqla bir sıra ölkələrdən keçən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması mümkün olacaq. “Turkcell Global Bilgi” şirkətinin Biznesin İnkişafı və Müştəri İdarəetməsi üzrə baş direktor müavini Hande Zop Erol qeyd edir ki, “Rəqəmsal İpək Yolu” Azərbaycan nişanlarının qlobal miqyasda tanınması üçün fürsətdir: “Bu, həm də Azərbaycan üçün önəmli bir yoldur. Azərbaycanı bu rəqəmsal səyahətdə tam dəstəkləyir, bu sahədə daha da güclənərək regional mərkəzə çevrilməsini istəyirik”. Proseslərin gedişi göstərir ki, Azərbaycan  artıq Avrasiyada telekommunikasiya dəhlizində mərkəzi mövqe sahiblərindən birinə çevrilir.

MTM Analitik Qrup