AZƏRBAYCAN ARXEOLOQLARININ BEYNƏLXALQ QAZINTILARININ NƏTİCƏLƏRİ AVROPA NƏŞRLƏRİNDƏ YER ALIB

Cənubi Qafqaz Boru Kəmərinin Genişlənməsi (CQBKG) layihəsi üzrə “CQBKG-də arxeoloji qazıntılar, Azərbaycan” adlı icmal hesabat tamamlanaraq York Universitetinin Arxeologiya departamentinin “İinternet arxeologiya” jurnalında yerləşdirilib.

AMEA-dan bildirilib ki, arxeoloji proqramı əhatə edən CQBKG layihəsi milli və beynəlxalq arxeoloqlardan ibarət komandanın köməyi ilə 48 yerdə həyata keçirilib. İcmal hesabat Azərbaycan arxeoloqları ilə birgə CQBKG marşrutu üzrə arxeoloji ekspedisiyaların tərkibində iştirak edən britaniyalı arxeoloq Devid Meynard tərəfindən hazırlanıb.

Hesabat Azərbaycandakı CQBKG arxeoloji ərazilərinin əsas aspektlərini əhatə edir. Arxeoloji qazıntılar zamanı Poylu, Xocaxan və Ağılı Dərədə Xalkolit dövrünə aid artefaktlar tapılıb, Soyuqbulaq və Tovuzçaydakı dəfnlərlə Son Tunc-İlk Dəmir dövrünün dəfn adətləri müəyyən edilib. Son Tunc-Erkən Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyəti II Tovuzçayda tapılmış qəbiristanlıq və Borsunlu düşərgəsindəki kurqanlarla təmsil olunur. Yevlax ərazisində Əmirarx, Bəyimsarov, Səmədabad və Yəldilidə Antik dövrə aid küp qəbir qəbiristanlıqları da aşkar edilib.

Layihə üzrə əsas tağıntı Kərpiclitəpədə orta əsrlərə aid qalanın üzə çıxması olub. Bu, hər küncündə bürcləri olan və monqol istilası ilə başa çatan işğalın sübutu olan düzbucaqlı bir feodal qəsri idi.