
Cənubi Qafqazda Azərbaycan tərəfindən yaradılan yeni reallıqlar dünya miqyasında bu regiona marağın daha da artmasına gətirib çıxarıb. Eyni zamanda yenə Azərbaycanın atdığı addımlar sayəsində regionun Avrasiyada mühüm nəqliyyat qovşağına çevrilməsi Cənubi Qafqazı getdikcə daha çox diqqət mərkəzinə gətirir. Bu mənada dünyanın ən güclü hərbi bloku hesab edilən NATO-nun da regionda proseslərə əvvəlkindən daha çox maraq göstərməsi təəccüblü deyil.
Qeyd edilməlidir ki, NATO-nun Cənubi Qafqaza marağı müasir beynəlxalq münasibətlər sistemində geosiyasi, təhlükəsizlik, nəqliyyat və enerji amillərinin kəsişməsində formalaşır. Hazırda Cənubi Qafqaz NATO üçün birbaşa üzv olmayan, lakin strateji əhəmiyyət daşıyan bölgələrdən biri kimi çıxış edir. Regionun Avropa ilə Asiyanı birləşdirən tranzit mövqeyi, təhlükəsizlik mühiti və böyük güclərin maraqlarının kəsişdiyi məkan olması NATO-nun marağını şərtləndirən əsas səbəblərdəndir.
Cənubi Qafqazın NATO üçün əhəmiyyətini artıran əsas amillərdən biri enerji təhlükəsizliyidir. Xəzər hövzəsinin enerji resursları və bu ehtiyatların Avropa bazarlarına nəqli üçün istifadə olunan boru kəmərləri regionu Avropanın enerji şaxələndirmə siyasətində mühüm həlqəyə çevirir. NATO birbaşa enerji ittifaqı olmasa da, üzv dövlətlərin enerji təhlükəsizliyi alyansın ümumi təhlükəsizlik gündəminin tərkib hissəsidir. Bu baxımdan Cənubi Qafqazda enerji infrastrukturlarının təhlükəsizliyi NATO-nun strateji maraqları ilə üst-üstə düşür. Enerji layihələrinin mərkəzində Azərbaycanın yer alması isə NATO-nun Azərbaycanla münasibətlərinə xüsusi diqqət etməsini şərtləndirir.
O da faktdır ki, NATO-nun Cənubi Qafqaza marağı bir üzvlük perspektivindən çox, təhlükəsizlik, sabitlik və əməkdaşlıq kontekstində formalaşır. Regionun geosiyasi mövqeyi, enerji əhəmiyyəti və təhlükəsizlik çağırışları NATO-nu Cənubi Qafqazda aktiv tərəfdaşlıq siyasəti yürütməyə sövq edir. Ancaq bu xüsusda alyans üçün regionun lider ölkəsi olan Azərbaycanla əməkdaşlıq xüsusi önəm kəsb edir. Həm də region ölkələri arasında məhz Azərbaycan ən güclü və NATO standartlarına uyğun orduya malik olduğundan qurumun daha çox diqqət mərkəzində yer alır. Bunu NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov da təsdiq edir. Onun sözlərinə görə, Azərbaycan alyans üçün sadiq tərəfdaşdır və NATO müttəfiqləri, digər tərəfdaş ölkələrlə təhlükəsizlik, müdafiə islahatları, kibermüdafiə, terrorizmlə mübarizə daxil olmaqla bir çox sahələrdə əməkdaşlıq edir. Aleksandr Vinnikov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının və Alyansla interoperabelliyinin artırılması NATO-nun Azərbaycanla tərəfdaşlığında əsas istiqamətlərdən biridir: “Azərbaycanın 1994-cü ildən etibarən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirakı NATO-ya və ayrı-ayrı müttəfiqlərə birgə əməliyyatları artırmaq məqsədilə seçilmiş bölmələrin inkişafında Azərbaycana dəstək verməyə imkan yaradıb. Proqram çərçivəsində Azərbaycan NATO standartlarına uyğun bölmələr formalaşdırır, NATO rəhbərliyi altında sülhməramlı əməliyyatlara qüvvə töhfələri hazırlayır və gələcəkdə Azərbaycanın iştirak etməyi qərara ala biləcəyi potensial missiyalar üçün digər imkanları inkişaf etdirir. Aleksandr Vinnikov xatırladıb ki, Azərbaycan Kosovo və Əfqanıstanda NATO rəhbərliyi altında keçirilən missiya və əməliyyatlara artıq əhəmiyyətli töhfələr verib, həmçinin Tərəfdaşlıq üzrə Qərargah Vəzifələri təşəbbüsü vasitəsilə NATO-nun hərbi strukturlarında nəzərəçarpacaq mövcudluğunu qoruyur: “Azərbaycan, eyni zamanda, minalardan təmizləmə və kritik enerji infrastrukturunun, o cümlədən terror aktlarından qorunması sahəsində əməkdaşlıqda uzunmüddətli maraq nümayiş etdirir”. Bununla yanaşı, o bildirir ki, Azərbaycan alyansın tərəfdaşlıq alətlərindən geniş istifadə edir və əməkdaşlığın daha da dərinləşdirilməsinə davamlı maraq göstərir. Bu kontekstdə Azərbaycan artıq regional təhlükəsizlik mühitində mühüm rol oynayır.
Beləliklə, NATO-da hesab edilir ki, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu artan xətt üzrə inkişaf edir. Bu hal xüsusən ölkəmzin ərazi bütövlüyünü bərpa etməsindən sonra özünü daha qabarıq şəkildə nümayiş etdirir. NATO da qəbul edir ki, Azərbaycanın yürütdüyü siyasət regional sabitliyin formalaşmasında həlledici təsir göstərir. Xüsusilə son illərdə baş verən proseslər Azərbaycanın təkcə milli deyil, eyni zamanda regional təhlükəsizlik sistemində artan rolunu ön plana çıxarır.
Faktdır ki, Azərbaycanın təhlükəsizlik sahəsindəki rolunun əsasını ərazi bütövlüyü və suverenlik prinsipinə əsaslanan dövlət siyasəti təşkil edir. Uzun müddət davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqazda qeyri-sabitliyin əsas mənbələrindən biri olub. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə regionda yeni geosiyasi reallıq yaradıb. Bu proses hərbi müstəvidə başa çatsa da, onun nəticələri regional təhlükəsizliyin yenidən formalaşmasına birbaşa təsir göstərir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycanın Cənubi Qafqazda təhlükəsizliyin təminindəki rolunu artıran əsas amillərdən biri də onun enerji və nəqliyyat təhlükəsizliyinə verdiyi töhfədir. Xəzər hövzəsinin zəngin enerji resurslarının Avropa bazarlarına təhlükəsiz şəkildə çatdırılması Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan strateji layihələr vasitəsilə mümkün olub.
Azərbaycanın balanslaşdırılmış xarici siyasəti də regional təhlükəsizliyə mühüm töhfə verir. Ölkə həm Qərb institutları, həm də Rusiya, Türkiyə, Çin və İran kimi regional güclərlə praqmatik münasibətlər qurub. Bu yanaşma Azərbaycanın qarşıdurma yox, dialoq və əməkdaşlıq platforması kimi çıxış etməsinə şərait yaradır və ölkəmizin mövqeyi bütün Cənubi Qafqaza təsir edir.
Digər tərəfdən postmünaqişə dövründə Azərbaycanın sülh gündəliyi regionda uzunmüddətli təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və regional əməkdaşlıq təşəbbüsləri təhlükəsizliyin yalnız hərbi deyil, sosial-iqtisadi əsaslar üzərində qurulmasına yönəlib. Azərbaycan regionda davamlı sülhün yalnız qarşılıqlı etimad və əməkdaşlıq yolu ilə mümkün olduğunu vurğulayaraq konstruktiv mövqe nümayiş etdirir. Bu fonda NATO da qəbul edir ki, Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında aparıcı və formalaşdırıcı rol oynayır. Onun hərbi-siyasi imkanları, enerji və nəqliyyat layihələri, balanslı diplomatiyası və sülh təşəbbüsləri regionda sabitliyin möhkəmlənməsinə real töhfələr verir. Azərbaycanın rolu təkcə milli maraqların qorunması ilə məhdudlaşmır, eyni zamanda Cənubi Qafqazın daha təhlükəsiz və proqnozlaşdırıla bilən gələcəyinin qurulmasına xidmət edir. Elə bu da NATO-nun regiona maraq və diqqətini daha da artırır. Münaqişə risklərinin azalması və postmünaqişə dövründə sülh təşəbbüslərinin irəli sürülməsi Cənubi Qafqazı daha proqnozlaşdırıla bilən məkana çevirir ki, bu da NATO-nun maraqlarına uyğundur. O səbəbdən qarşıdakı dövr ərzində NATO-nun Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi ilə proseslərin inkişaf axarında daha aktiv rol oynayacağı proqnozlaşdırılır.
MTM Analitik Qrup
