AZƏRBAYCAN ALİMİNİN LAYİHƏSİ ALMANİYA ARXEOLOGİYA İNSTİTUTUNUN TƏQAÜD PROQRAMININ QALİBİ OLUB

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Xəqani Alməmmədovun “Qarabağın Neolit dövrü abidələrinin mütləq və nisbi xronologiyası” mövzusunda layihəsi Almaniya Arxeologiya İnstitutu tərəfindən elan edilmiş təqaüd proqramının qalibi olub.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, azərbaycanlı alim Berlində Almaniya Arxeologiya İnstitutunun Avrasiya Departamentinin arxeoloqları ilə birgə elmi tədqiqatlar aparıb. Layihəyə uyğun olaraq Qarabağ ərazisində arxeoloji tədqiqata cəlb edilmiş Neolit dövrü abidələrindən götürülmüş nümunələr əsasında aparılmış radiokarbon analizlərin nəticələri və onlardan aşkar edilmiş maddi-mədəniyyət nümunələrin tədqiqindən əldə edilmiş məlumatların kompleks təhlili aparılıb, Qarabağ ərazisində neolitləşmə prosesi, onun yayılma istiqamətləri, bu prosesin nisbi və mütləq xronologiyası haqqında ümumiləşdirilmiş tədqiqat işləri çap üçün hazırlanıb. Bununla yanaşı, “Qarabağın Leylatəpə fenomeni” layihəsi çərçivəsində 2022-ci ildə Leylatəpə və Canavartəpə yaşayış məskənlərində aparılmış çöl-tədqiqat işlərindən əldə edilmiş materialların kameral işlənilməsi başa çatdırılıb və layihənin ilkin nəticələri haqqında qısa hesabat çap üçün hazırlanıb.

Bu il dekabrın əvvəlində Almaniya Arxeologiya İnstitutunun Avrasiya Departamentində “Qarabağ neoliti: nə yenilik var?” mövzusunda məruzə dinlənilib. Həmçinin layihə müddətində AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu tərəfindən birgə həyata keçirilən “Qarabağın arxeoloji abidələrinin arxeoloji tədqiqi” (LKREP) layihəsi əsasında növbəti çöl-tədqiqat mövsümündə aparılacaq arxeoloji tədqiqatların ilkin planları da tərtib edilib.