AZƏRBAYCAN AFRİKADA DAHA GÜCLÜ MÖVQE SAHİBİNƏ ÇEVRİLİR, QİTƏ ÖLKƏLƏRİ BAKI İLƏ ƏMƏKDAŞLIĞA XÜSUSİ DİQQƏT EDİRLƏR

Azərbaycanın dünyanın geosiyasi, geoiqtisadi müstəvisində artan rolu Afrikada da diqqətlə izlənilməkdə, bu kontekstdə sözügedən qitədə yerləşən müxtəlif dövlətlərin ölkəmizlə əməkdaşlıq münasibətlərinin inkişafı özünün daha dinamik mərhələsinə qədəm qoymaqdadır. Afrika ölkələrinin Azərbaycanla əlaqələrinə getdikcə daha çox diqqət etməsini şərtləndirən kifayət qədər səbəblər mövcuddur. Bunun uzun tarixi olsa da, son illər ərzində prosesi sürətləndirən mühüm məqamlardan biri Azərbaycanın beynəlxalq xarakterli bir çox məsələlərdə aktiv  rol almasından qaynaqlanır.
Hələ Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan bu təşkilata üzv ölkələrin, o cümlədən Afrika dövlətlərinin üzləşdiyi problemləri fəal bir şəkildə dünya gündəminə gətirdi. Buna paralel olaraq, həmin problemlərin həlli istiqamətində də Azərbaycan konkret təşəbbüslər irəli sürdü, çözüm yollarını göstərdi. Eyni zamanda Azərbaycan öz imkanları daxilində Afrika ölkələrinə müxtəlif yardımlar etdi və proses indi də davam edir. Xatırlatmaq yerinə düşərdi ki, koronavirus pandemiyasının tüğyan etdiyi vaxtlarda Azərbaycan on minlərlə doza COVID-19 peyvəndini Afrika ölkələrinə göndərib, digər formalarda yardımlar edib. Beynəlxalq ictimaiyyətin diqqətinin Afrikada çətin vəziyyətdə olan ölkələrə yönəlməsində də Azərbaycan müstəsna rol oynayıb.
Bunlarla yanaşı, Azərbaycan Afrikada müstəmləkəçilik və onun yaratdığı fəsadların da dünya gündəminə gətirilməsində olduqca önəmli fəaliyyət həyata keçirib və keçirməkdədir. Bakı Təşəbbüs Qrupunun bu səpkidə gördüyü işlər təkcə Afrika yox, müstəmləkəçilikdən əziyyət çəkən digər xalqlar, ümumən isə dünya ictimaiyyəti tərəfindən təqdirlə qarşılanır. Amma Azərbaycan hələ Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdən də bu məsələyə xüsusi diqqət edilməsinə nail olub. Bakı Təşəbbüs Qrupu isə sözügedən istiqamətdə daha böyük nəticələr qazanılmasında həlledici rol oynayıb. Elə o səbəbdəndir ki, müstəmləkəçiliklə mübarizədə fəal tərəf olaraq Bakı Təşəbbüs Qrupu Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyasına da  dəvət alıb. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, dekolonizasiya prosesinə verdiyi mühüm töhfələr müstəmləkə siyasəti yürüdən ölkələrdə artıq ciddi narahatlığa yol açıb. Bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov təsdiq edir və bildirir ki, Qrupa, onun üzvlərinə, müstəmləkələrdə yaşayan və müstəqillik tərəfdarları olan şəxslərə müəyyən təzyiqlər göstərilir:  “Bu, əslində, təbiidir, çünki indiyə kimi, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə qədər dünya ictimaiyyəti bu müstəmləkələrin mövcudluğundan xəbərsiz idilər və bu regionlarda həyata keçirilən çirkin müstəmləkəçilik fəaliyyətləri haqqında geniş məlumat əldə edə bilmirdilər. Qrupun BMT-də keçirdiyi beynəlxalq konfranslardan, aidiyyəti qurumlara müvafiq hesabatlar təqdim etməsindən sonra bu cür informasiyalar daha geniş formada dünya ictimaiyyətinin diqqətinə çatdırıldı”.
Afrikanın inkişaf etməkdə olan ölkələrinin iqlim böhranından çəkdiyi əziyyətin aradan qaldırılmasında da yenə Azərbaycanın fəaliyyəti qitə dövlətləri üçün böyük önəm kəsb edir. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) digər ölkələrlə yanaşı, Afrika dövlətlərinin də iqlim dəyişmələri nəticəsində üzləşdikləri fəsadlar xüsusi diqqət mərkəzində yer aldı. Qeyd olunmalıdır ki, qlobal istixana qazı emissiyalarının 4 faizindən azına malik olan, lakin iqlimlə bağlı nəticələrin əsas ağırlığını daşıyan Afrikaya ədalətli yanaşmanın sərgilənməsinin təmin olunması COP29 toplantısı zamanı  Azərbaycanın əsas məqsədlərindən biri olub. Bu mənfi təsirlərin aradan qaldırılması üçün Afrika ölkələrinə adekvat maliyyələşdirmənin təmin edilməsi də COP29-da əsas müzakirə predmetlərindən birini təşkil etdi.  Artıq Afrika ölkələri COP29-un nəticələrindən biri kimi iqlim böhranına qarşı mübarizədə artıq daha çox maliyyə əldə edəcəklər. 
Şübhəsiz ki, qitə ölkələri COP29 konfransında maliyyə məsələləri ilə yanaşı, qabaqcıl texnologiyaların təmin edilməsi, yaşıl enerji mənbələri və karbonsuzlaşdırma sahəsində inkişaf etmiş ölkələrin maksimum yardımına nail olunması  məsələsində də mühüm nailiyyətlər əldə edə bildilər. Tədbirə ev sahibliyi və sədrlik edən ölkə kimi Azərbaycan prosesdə həlledici rol oynadı.
Bütün bunlar və digər məqamlar təbii olaraq Afrika ölkələrinin Azərbaycana maraq və diqqətini əhəmiyyətli dərəcədə artırır. Afrika təmsilçilərinin Azərbaycana intensivləşən səfərlərini şərtləndirən səbəblərdən biri də budur. Həmin səfərlər zamanı qaldırılan məsələlər Afrika ölkələrinin Azərbaycanla ən müxtəlif sahələr üzrə əməkdaşlığa böyük maraq göstərdiyini üzə çıxarır. Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri kontekstində bunu bir daha görmək mümkündür. Karlos Pinto Pereira neft və mədənçilik, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, təbii ehtiyatların işlənməsi və dövlət xidmətlərinin təmini üzrə təcrübə mübadiləsi, habelə təhsil və təlimlərin təşkili, “ASAN xidmət” modelinin ölkəsində tətbiqi və digər sahələr üzrə əməkdaşlığa maraqlı olduqlarını xüsusilə diqqətə çatdırdı. Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olan digər Afrika ölkələrinin də analoji istəkləri var.
Öz növbəsində Azərbaycan da Afrika ölkələri ilə münasibətlərin dərinləşdirilməsində maraqlı tərəfdir. Nəzərə alınır ki, dünyada ikinci ən böyük qitə olan Afrika zəngin təbii ehtiyatları, mədəni müxtəlifliyi, və mövcud potensialına görə qlobal landşaftda mühüm yer tutur. Afrika təkcə qədim sivilizasiyaların evi deyil, həm də müasir geosiyasət, geoiqtisadiyyatda  mühüm bir subyektdir. Afrika texnologiya və enerji kimi sənayelər üçün vacib olan qızıl, almaz, neft və nadir torpaq mineralları da daxil olmaqla təbii ehtiyatların xəzinəsidir. Resurslardan əlavə, Afrikanın kənd təsərrüfatı sektoru dünyanı qidalandırmaqda mühüm rol oynayır. Geniş əkin sahələrinə malik olan qitə qlobal ərzaq səbəti olmaq potensialına malikdir. Afrikanın gənc əhalisi başqa bir strateji varlıqdır. Əhalisinin 60 faizindən çoxu 25 yaşdan aşağı olan qitə qlobal əmək mərkəzinə çevrilir. 
Afrikanın əsas ticarət yollarının kəsişməsində strateji yerləşməsi onu qlobal geosiyasətdə mühüm oyunçu olmasına gətirib çıxarır.  Qitənin sahil xətti beynəlxalq ticarət və enerji daşımaları üçün vacib olan Süveyş kanalı və Cəbəllütariq boğazı kimi həyati əhəmiyyətli su yolları boyunca uzanır. Siyasi baxımdan Afrika beynəlxalq forumlarda artan səsdir.
Böyük potensialına baxmayaraq, Afrika qlobal səhnədəki roluna təsir edən problemlərdən xali deyil.  Yoxsulluq, qeyri-adekvat infrastruktur inkişafa maneə olur. İqlim dəyişikliyi əhəmiyyətli təhlükə yaradır, temperaturun artması və səhralaşma kənd təsərrüfatına və yaşayış vasitələrinə təsir göstərir. Lakin belə çağırışlar həm də innovasiya və əməkdaşlıq imkanları yaradır. Azərbaycanla əməkdaşlıq da bu konketstdə Afrikanın xüsusi maraq dairəsində yer aldığından qarşıdakı dövrdə ölkəmizin qitədə rolunun daha da artacağı gözlənilir.

MTM Analitik Qrup