
Beynəlxalq münasibətlər sistemində getdikcə daha aktiv şəkildə rol alan Azərbaycanın Afrika ölkələri ilə əlaqələrində son illər ərzində dinamik yüksəliş qeydə alınır. Bu gün müşahidə olunan real vəziyyət ondan ibarətdir ki, müxtəlif Afrika ölkələri Azərbaycanla münasibətlərinin intensiv inkişafında maraqlıdırlar və bu istiqamətdə indi olduqca fəal siyasət yürüdürlər. Eyni zamanda Azərbaycan da həmin ölkələrlə əlaqələrinin genişləndirilməsini xarici siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Afrika ölkələrinin Azərbaycana, ölkəmizin onlara marağının artan xətt üzrə inkişafı heç də təsadüfi xarakter daşımır.
Sözügedən qitə ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinin yüksək əhəmiyyəti, eləcə də qarşılıqlı fəaliyyətin qurulmasına sistemli yanaşmanın zəruriliyini şərtləndirən çoxsaylı səbəblər mövcuddur. Bu səbəblər eyni zamanda Afrikada Azərbaycana, ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə marağı sürətlə artırır. O da mühüm faktdır ki, Azərbaycanın yeni müstəqillik tarixində əldə etdiyi uğurlar Afrika ölkələri tərəfindən uğur nümunəsi kimi qəbul olunur. Azərbaycan xarici siyasətində Afrika dövlətlərinin suverenliyinin və müstəqilliyinin təmin edilməsinə ən fəal dəstək verən ölkələrdən biridir. Eyni zamanda ölkəmiz Afrikadakı münaqişələrin və onların nəticələrinin həllinə köməklik göstərilməsi istiqamətində də beynəlxalq tribunalarda fəal mövqe sərgiləyir. Bununla yanaşı, Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığının genişləndirilməsi də xüsusi diqqət mərkəzində yer alır. Tərəflərin ticarət və investisiya əməkdaşlığının inkişafı istiqamətində atdığı addımlar çoxsaylı qarşılıqlı dividendlər əldə edilməsinə gətirib çıxarır. Humanitar sferada da əməkdaşlıq özünün sürətli yüksəliş dövrünü yaşayır.
O da xüsusi vurğulanmalıdır ki, Azərbaycan ilə Afrika dövlətləri arasında əlaqələrin yeni mərhələsinin başlanması ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edib. Qoşulmama Hərəkatı çərçivəsində Afrika ölkələrinin üzləşdiyi problemlərin dünyanın gündəminə əsas məsələlərdən biri kimi daxil edilməsi, onların həlli istiqamətində konkret təşəbbüslərin irəli sürülməsi “qara qitə”də Azərbaycana xüsusi maraq və diqqət yaratdı. Bu gün də Afrikada yaşanan bir çox problemlər Azərbaycan vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Məsələn, Fransanın burada törətdiyi çoxsaylı cinayətlər, davam edən müstəmləkəçilik siyasətinin ağır fəsadları Azərbaycan sayəsində dünyada geniş müzakirə predmeti olaraq qalır. Bakı Təşəbbüs Qrupunun sözügedən istiqamətdə gördüyü işlər Fransa əsarətindən əziyyət çəkməkdə davam edən Afrika xalqları üçün də indi ümid yerinə çevrilib.
Ölkəmizin uğurla ev sahibliyi etdiyi və möhtəşəm nəticələrin əldə edilməsi ilə yadda qalan COP29 da Afrika ölkələrinin iqlim dəyişmələri nəticəsində üzləşdiyi problemlərin həllinə çoxsaylı töhfələr verdi. Təsadüfi deyil ki, bu tədbirdə xeyli sayda Afrika ölkəsinin təmsilçiləri, xüsusən də dövlət və hökumət başçıları iştirak etdi. Qeyd edilənlərə bərabər, Azərbaycan Afrikanın iqtisadi və sosial tərəqqisinə də getdikcə daha böyük töhfələr verir. Proseslərin gedişi Azərbaycanın bundan sonra da sözügedən müstəvidə Afrikaya verdiyi töhfələrin miqyasının genişlənəcəyini göstərir. Prezident İlham Əliyev Qvineya-Bisaudan olan həmkarı Umaru Sisoku Embalo ilə mətbuata birgə bəyanatında bu xüsusda bildirib: “Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin. Əminəm ki, beləliklə, biz ümumi məxrəcə gəlib çıxacağıq. Çünki biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq. Əlbəttə, biz məmnun olardıq ki, konkret layihələr fürsətini nəzərdən keçirək. Biz, həmçinin hesab edirik ki, bu, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradır”.
Enerji sektoru, müdafiə sənayesi, mədənçilik, təhsil sahəsində Azərbycanla Afrika ölkələri arasında münasibətlər indi dinamik şəkildə genişlənir. Ölkəmizin “ASAN xidmət” modelinin Afrika dövlətlərində tətbiqinə də böyük maraq var. Bundan başqa, Azərbaycanın investor kimi də Afrikada fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Afrikaya sərmayə qoyuluşlarının artımına indi dünyada xüsusi diqqət edilir və ABŞ, Çin, Rusiya, Türkiyə, bir çox Avropa ölkəsi bu istiqamətdə fəaliyyətlərini genişləndirir. Azərbaycan da həmin dövlətlərin sırasında yer alır.
Afrikaya iqtisadi müstəvidə artan maraq heç də təsadüfi xarakter daşımır. Nəzərə alınmalıdır ki, Afrika Avrasiyadan sonra əhalisinin sayına görə ikinci qitədir. Burada 1,5 milyarda yaxın insan yaşayır. Mütəxəssislərin fikrincə, qitə dünya neft ehtiyatlarının 12 faizini, qızıl yataqlarının 42 faizini, manqan filizlərinin 60 faizini, uranın 19 faizini, xromun 48,4 faizini, titanın 44,6 faizini, boksitlərin 42,6 faizini özündə cəmləşdirir. Hazırda dünyanın platin və almaz ehtiyacının 90 faizini yenə Afrika ölkələri təmin edir. Buradakı ölkələr həmçinin, dünyadakı vanadiumun 36 faizini və kobaltın 42 faizini istehsal edir. Bununla belə, Dünya Bankının məlumatına görə, Afrikanın qlobal sənaye istehsalında və istehsal olunan məhsulların ixracında payı 3 faizdən də azdır. Qitə ölkələri kənd təsərrüfatından və xammalın, ilk növbədə mineralların ixracından ciddi şəkildə asılı olaraq qalır. Bunun aradan qaldırılması üçün Afrikanın böyük investisiyalara, qabaqcıl təcrübələrin tətbiqinə ciddi ehtiyacı var. Bunları Afrika üçün təmin edəcək ölkələrdən biri də məhz Azərbaycandır. Afrikada da bunu yaxşı bilirlər.
Azərbaycanda müdafiə sənaeysinin sürətli inkişafı da Afrika ölkələrinin diqqətindən yayınmır. Müdafiə təyinatlı məhsulların sərfəli qiymətlər və şərtlərlə Azərbaycandan idxalı bu gün Afrikanın bir çox dövlətinin maraq dairəsində yer alır. Bu istıqamətdə də qarşılıqlı əməkdaşlığın dərinləşməsi, geniş miqyas alması proqnozlaşdırılır. Azərbaycan müdafiə sənayesinin məhsulları yaxşı keyfiyyətə malikdir və bu, qlobal səviyyədə qəbul edilir. Bundan əlavə, onlar ucuzdur. Bu mənada Afrika ölkələrinin onların alınmasına marağı həm də təbii xarakterə malikdir.
Digər istiqamətlərdə də münasibətlərin inkişafına yüksək dinamika qeydə alınır. Afrikada Azərbaycanın diplomatik nümayəndəliklərinin sayının artması bu mənada vacib önəm kəsb edir. Daha bir mühüm nüans ondan ibarətdir ki, ölkəmizin Afrika siyasəti qardaş Türkiyənin bu qitədə fəallaşdığı bir dövrə təsadüf edir. Ölkələrimizin Afrikada birgə fəaliyyəti qarşıya qoyulan məqsədlərə daha tez çatmağa imkan verir, maraqların təminində həlledici rol oynayır. Bu mənada Azərbaycan və Türkiyənin Afrikada da bundan sonra birgə fəaliyyətinin daha geniş xarakter alması, nüfuz dairəsinin sürətlə genişlənməsi gözlənilir.
MTM Analitik Qrup