
Azərbaycan-ABŞ münasibətlərində son dövrlərdə müşahidə olunan yeni yüksəliş mərhələsinin cari il ərzində daha zəngin xarakterə malik olacağı, ölkələr arasında strateji tərəfdaşlığın daha da dərinləşəcəyi proqnozlaşdırılır. Ümumiyyətlə, bu il ərzində sözügedən münasibətlərin inkişaf perspektivləri həm regional, həm də qlobal geosiyasi proseslər fonunda xüsusi aktuallıq kəsb edir. Qlobal təhlükəsizlik çağırışları, enerji bazarındakı dəyişikliklər, Cənubi Qafqazdakı yeni reallıqlar və Azərbaycanın artan beynəlxalq rolu Bakı-Vaşinqton xəttində əməkdaşlığın daha da dərinləşdirilməsini zəruri edir. Bütün bunlar Prezident İlham Əliyevin ABŞ nümayəndə heyətini qəbul edərkən bir daha diqqət mərkəzində olub.
Xatırlatmaq lazım gəlir ki, nümayəndə heyətində ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta yer alıb. Qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıblar. Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən Prezident İlham Əliyev bu məsələdə ABŞ-dən olan həmkarı Donald Trampın rolunu xüsusi vurğulayıb. Dövlət başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirib. Dövlət başçısı “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bugünkü inkişafının mahiyyətinə uyğun olmadığını qeyd edib. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində Konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. O da məlumdur ki, “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişin birdəfəlik ləğvi məqsədilə artıq ABŞ konqresinə müvafiq qanun layihəsi təqdim olunub. Cari il ərzində qanun layihəsinin qəbulu gözlənilir və bu da Azərbaycan-ABŞ münasibətlərində qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə yeni təkan verəcək.
Azərbaycan ABŞ üçün ilk növbədə etibarlı enerji tərəfdaşı kimi strateji əhəmiyyətə malikdir. Xəzər hövzəsinin zəngin enerji resurslarının dünya bazarlarına çıxarılmasında Azərbaycanın oynadığı rol, xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təminində əvəzsizdir. Cari il ərzində də ABŞ-nin enerji təhlükəsizliyi siyasətində Azərbaycanın önəmi artan xətt üzrə inkişaf edəcək. Qlobal enerji bazarında qeyri-sabitlik, alternativ enerji mənbələrinə keçid prosesinin mərhələli xarakter daşıması Azərbaycanın neft və qaz ehtiyatlarını orta perspektivdə mühüm faktor olaraq saxlayır. Bu kontekstdə ABŞ şirkətlərinin Azərbaycanın enerji layihələrində iştirakı və yeni investisiya imkanlarının müzakirəsi münasibətlərin iqtisadi dayaqlarını gücləndirəcək. Xatırladaq ki, ötən il avqustun 7-də Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkofun iştirakı ilə Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Bundan əlavə, “SOCAR Trading”in Hyustonda çoxşaxəli fəaliyyəti nəzərdən keçirilib. Enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və enerji əməkdaşlığının əhatəli yol xəritəsinin hazırlanması istiqamətində də müvafiq addımlar atılır.
Azərbaycanla ABŞ arasında hazırlanan Strateji Tərəfdaşlıq Xartiyasının ruhuna uyğun olaraq da mühüm fəaliyyət həyata keçrilir. Ötən il dekabrın 19-da Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib. İclas zamanı avqustun 8-də Vaşinqton Sülh Sammiti çərçivəsində iki dövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elan edilmiş enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Bu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının mətni üzrə fikir mübadiləsi aparılıb və sənədin qısa müddət ərzində razılaşdırılmasının əhəmiyyəti vurğulanıb.
İqtisadi münasibətlərin şaxələndirilməsi bu ilin əsas gündəm mövzularından biridir. İndiyədək Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı əsasən enerji sektoru üzərində qurulsa da, hazırda qeyri-neft sahələrinə maraq artmaqdadır. Rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat-logistika və yaşıl enerji sahələri ABŞ investorları üçün cəlbedici istiqamətlər kimi ön plana çıxır. Azərbaycanın bərpa olunan enerji potensialı və bu sahədə irəli sürdüyü strateji hədəflər ABŞ ilə yeni əməkdaşlıq imkanları yaradır. Cari il ərzində bu sahədə ilkin razılaşmaların və birgə layihələrin gündəmə gəlməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yarada bilər.
Zəngəzur dəhlizi ilə bağlı proseslərin Ermənistan ərazisində bu il praktik mərhələyə daxil olacağı fonunda Azərbaycan-ABŞ münasibətlərinin iqtisadi, geosiyasi aspektlərinin daha da dərinləşməsi proqnozlaşdırılır. Bu xüsusda Türkiyənin “Anadolu” agentliyində dərc olunan təhlildə qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin iqtisadi və infrastruktur ölçüsündə Zəngəzur dəhlizi kimi də tanınan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi ön plana çıxıb: “Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirməyi, regional nəqliyyat və ticarət əlaqələrini gücləndirməyi hədəfləyən TRIPP layihəsinin 2026-cı ildə Ermənistan ərazisində tikinti mərhələsinə keçməsi nəzərdə tutulur”.
Təhlükəsizlik və regional sabitlik məsələləri də cari il ərzində Azərbaycan-ABŞ münasibətlərinin digər əsas sütununu təşkil edəcək. Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyini irəli aparan əsas aktorlardan biridir. Ermənistanla münasibətlərin normallaşdırılması və uzunmüddətli sülh sazişinə doğru atılan addımlar ABŞ tərəfindən diqqətlə izlənilir. Cari il ərzində Vaşinqtonun regionda dayanıqlı sülhün bərqərar olunmasına daha məhsuldar yanaşma nümayiş etdirməsi gözlənilir. ABŞ üçün əsas prioritetlərdən biri regionun yeni qarşıdurma ocağına çevrilməsinin qarşısını almaqdır və bu baxımdan Azərbaycanın təşəbbüsləri mühüm əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan və ABŞ arasında cari il ərzində münasibətlərin daha da dərinləşməsi və tərəflərin hər ikisinin bundan böyük fayda götürəcəyi proqnozlaşdırılır.
MTM Analitik Qrupu
