
Lüksemburq Böyük Hersoqluğunun təşkilatçılığı ilə keçirilən 62-ci Beynəlxalq Lüksemburq Bazarında Azərbaycan da iştirak edəcək.
Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının birgə təşkilatçılığı ilə ölkəmiz üç gün davam edəcək ənənəvi xeyriyyə bazarında böyük stendlə təmsil olunacaq. Lüksemburq hersoqinyasının hər il olduğu kimi, bu il də beynəlxalq xeyriyyə bazarını, o cümlədən Azərbaycan stendini ziyarət edəcəyi gözlənilir.
Lüksemburq Böyük Hersoqluğunun təşkilatçılığı ilə keçirilən və 48 ölkənin iştirak etdiyi 62-ci xeyriyyə bazarına qonşu ölkələrdən minlərlə ziyarətçi gəlir.
Beynəlxalq bazar çərçivəsində Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nümayiş olunan nəşrləri lüksemburqlulara və turistlərə ölkəmizlə yaxından tanış olmaq imkanı verəcək.
Azərbaycan stendində “Azərsun”, “Azərİpək”, “Gilan Holding”, “Aspi”, “Viva”, “iLoveBaku” şirkətlərinin məhsulları da təqdim olunacaq. Stendin ziyarətçiləri Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadmaq imkanı qazanacaqlar.
