AZƏRBAYCAN ƏHALİSİ 2022-Cİ İLDƏ MEYVƏ VƏ TƏRƏVƏZLƏRƏ DİGƏR ƏRZAQ MƏHSULLARINDAN DAHA ÇOX PUL XƏRCLƏYİB

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin əsas göstəricilərinin təhlili

Dövlət Statistika Komitəsinin rəsmi saytında yer alan məlumatlara görə, son 5 ildə ölkəmizdə pərakəndə ticarət dövriyyəsinin həcmində artım qeydə alınıb. Son 5 ilin ən yüksək göstəricisi 2022-ci ilə (52 170 960 900 manat) təsadüf edir. Bu da 2021-ci ilin nəticəsindən 18%, 5 il öncəki göstəricidən isə 40,4% çoxdur.

Aparılan təhlil zamanı məlum olub ki, 2022-ci ildə qeydə alınan artım insanların daha çox alış-veriş etməsi ilə deyil, ərzaq məhsulları və qeyri-ərzaq məhsullarının qiymətinin bahalaşmasının nəticəsidir.  

Son 5 ildə ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmində ərzaq məhsullarının payı üstünlük təşkil edib. Belə ki, 2018-ci ildə ərzaq mallarının pərakəndə satış həcmi ümumi pərakəndə satış məbləğinin 50,3%-ni təşkil edirdisə, 2022-ci ildə bu göstərici 56,3%-ə bərabər olub. Qeyri-ərzaq mallarının həcmi isə ümumi dövriyyənin 43,7%-ni, yəni 22 790 829 400 manat təşkil edib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, əhali ərzaq məhsulları üzrə ən çox meyvə-tərəvəz, ət və ət məhsullarına vəsait xərcləyib. Qeyri-ərzaq malları arasında geyimə daha çox vəsait sərf edilib. 2022-ci ildə geyim üzrə pərakəndə satışa 5 994 940 300 manat vəsait xərclənib. Geyimdən sonra ən çox vəsait sərf edilən qeyri-ərzaq məhsulları benzin və dizeldir. 2022-ci ildə benzinə 1 797 319 700 manat, dizelə isə 971 394 000 manat xərclənib.

Son 5 ildə Azərbaycanda əhalinin hər nəfərinə düşən ərzaq və qeyri-ərzaq malları üzrə pərakəndə ticarət dövriyyəsində də artım qeydə alınıb. Belə ki, 2018-ci ildə ölkə əhalisinin hər nəfəri il ərzində vəsaitinin 50,25%-ni ərzaq məhsullarına xərcləyirdisə, 2022-ci ildə bu göstərici 56,31% təşkil edib. Bu da o deməkdir ki, 2022-ci ildə Azərbaycan əhalisinin hər nəfəri ərzaq məhsullarına 2 910 manat, qeyri-ərzaq məhsullarına isə 2 258 manat xərcləyib.

Əhalinin ərzaq məhsullarına xərclədiyi vəsaiti qruplar üzrə bölsək burada meyvə və tərəvəzlərə xərclənən vəsaitin daha çox olduğunu görə bilərik. 2022-ci ildə ölkə əhalisi meyvə və tərəvəzə 9 863 213 300 manat xərcləyib ki, bu da ümumi ərzaq məhsullarının pərakəndə satış həcminin 33,57%-ni təşkil edib. 2021-ci ildə isə bu göstərici 7,27 milyard manat təşkil edib.

Əhalinin il ərzində ən çox vəsait xərclədiyi ikinci ərzaq məhsulu ət və ət məhsullarıdır ki, bu da ümumi pərakəndə ticarət həcminin 15,34%-ni təşkil edir. Belə ki, 2022-ci ildə ölkə əhalisi ət və ət məhsullarına 4,5 milyard manat pul xərcləyib. Bu da 2021-ci il ilə (3,91 mlrd) müqayisədə 15,2% çoxdur.

Ölkə əhalisi il ərzində tütün məmulatlarına da kifayət qədər vəsait (1 607 156 400 manat) xərcləyib. Bu, ümumi pərakəndə ticarət dövriyyəsinin 5,47%-ni təşkil edib. Qeyd olunan göstərici 2021-ci il ilə müqayisədə 5,5% çoxdur.

Pərakəndə ticarətdə əhalinin spirtli içkilərə xərclədiyi vəsait spirtsiz içki və mineral sulara sərf edilən vəsaitdən daha artıqdır. Ötən il spirtli içkilərə 479 184 900 manat, spirtsiz içkilər və mineral sulara isə 369 702 500 manat vəsait xərclənib.

Qeyd edək ki, 2022-ci ildə spirtli içkilərə xərclənən vəsait 2021-ci il ilə müqayisədə 7,6 % çoxdur.

Cənubi Qafqaz ölkələrində pərakəndə ticarət dövriyyəsinin əsas göstəricilərinin təhlili

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi məlumatlarının təhlili göstərir ki, Azərbaycanda illik pərakəndə ticarət dövriyyəsi 30 688 800 529 dollar, Ermənistanda 3 759 191 718 dollar , Gürcüstanda isə 4 552 590 051 dollar təşkil edib.

İl ərzində əhalinin bir nəfərinə düşən illik pərakəndə ticarət dövriyyəsinin həcmində də Azərbaycan digər ölkələri qabaqlayır. Belə ki, 2022-ci ildə Azərbaycanda bu göstərici 3050 dollar, Ermənistanda 1269 dollar, Gürcüstanda isə 1234 dollar olub.

Xatırladaq ki, Azərbaycanda adambaşına düşən pərakəndə ticarət dövriyyəsi həcminin Ermənistan və Gürcüstanla müqayisədə çox olması göstərir ki, ölkəmizdə əhalinin kasıb təbəqəsi Ermənistan və Gürcüstanla müqayisədə daha azdır.