AVTOMOBİL YOLLARINDA TƏHLÜKƏ TÖRƏDƏN QURUMUŞ BUDAQ VƏ AĞACLARIN KƏSİLMƏSİ PROSESİNƏ BAŞLANILIB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xaçmaz-Xudat, Quba-Xaçmaz, Xudat-Nabran və Gəndob-Quba avtomobil yollarının mühafizə zolaqlarında uzun illər ərzində quruyaraq insan həyatı və ətraf mühitə təhlükə törədən ağacların, ağacların qurumuş budaqlarının kəsilməsi və həmin ərazilərin təmizlənməsi işləri aparılır.

Agentlikdən bildirilib ki, budanma və təmizlik işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin çoxsaylı işçi qüvvəsi tərəfindən təmin edilir.

Qeyd olunub ki, təhlükə törədən ağacların və ağacların qurumuş budaqlarının kəsilməsi və həmin ərazilərin təmizlənməsi işləri zəruri ərazilərdə mərhələli şəkildə davam etdirilir. Kəsilmiş ağacların yerində payız mövsümündə yeni ağaclar əkilməsi nəzərdə tutulub.

Təhlükəsizlik qaydalarına riayət edilərək kəsilən ağaclar təyin olunan əraziyə daşınır və onlardan qışa hazırlıq məqsədilə odun tədarükü olunur. Daha sonra bu odunlar “Qarabağ Qaziləri” İctimai Birliyinə, Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə təqdim ediləcək.