Avstraliyanın “vibemedia.net.au” saytı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını yayıb.
İngilis dilində yayılan bəyanatda 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet İttifaqı rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusunun Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildiyi, bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyi və 744 nəfərin ağır xəsarət aldığı diqqətə çatdırılıb.
Bəyanatda faciədən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədiyi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etməsi əksini tapıb.
Vurğulanıb ki, yalnız ulu öndərin hakimiyyətə qayıdışından sonra, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. Həmin vaxt aparılan müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib.
Bəyanatda xüsusi olaraq qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Hazırda müstəqilliyinin bərpa edilməsinin 31-ci ilini yaşayan Azərbaycan Respublikası dünya birliyinin layiqli və etibarlı üzvü kimi tanınıb.
Bəyanata 20 Yanvar faciəsini, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şəhidlər xiyabanını ziyarət etməsini əks etdirən fotolar da əlavə olunub.