AVROPANIN LİDER BÖHRANI “KÖHNƏ QİTƏ”NİN BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNDƏ ROLUNU SARSIDIR

Müasir dövrdə qlobal siyasətin ən mühüm problemlərindən biri də liderlik böhranıdır. Bu problem xüsusilə Avropada daha qabarıq şəkildə özünü göstərir. Son onilliklərdə Avropa qitəsi siyasi, iqtisadi və sosial baxımdan ciddi sınaqlarla üzləşsə də, bunların həlli istiqamətində müvafiq addım ata biləcək güclü liderlərin çatışmazlığı Avropa İttifaqının və ayrı-ayrı dövlətlərin qərar qəbul etmə mexanizmlərində çoxsaylı qüsurlar, zəifliklər yaradıb. Lider böhranı Avropanın həm daxili, həm də xarici siyasətində mühüm nəticələr doğurur. Hətta bəzən absurd bir durumun yaranmasına gətirib çıxarır.

Azərbaycanla münasibətdə bəzi Avropa ölkələrinin, məsələn, Fransanın son illərdə yol verdiyi çoxsaylı qüsurlar həm də lider böhranından qaynaqlanır.  Nəticə Avropanın özü üçün problemlərə gətirib çıxarır. Elə yenə Fransanın timsalında bunu konkret şəkildə görmək mümkündür. Məhz yanlış siyasəti sayəsində Fransa bu gün Cənubi Qafqazda nüfuz və mövqe itkisi ilə üzləşib. Yaxud Gürcüstana münasibətdə Avropanın indiki liderləri çox ciddi xətalara yol verirlər. Bunu sözügedən ölkənin baş naziri İrakli Kobaxidzenin açıqlamalarından da görmək mümkündür. Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanı 2022-ci ildə Rusiyaya qarşı hərbi münaqişəyə qoşulmaqdan imtina etdikdən sonra şantaj etməyə başlayıb: “2022-ci ildə biz müharibəyə girməkdən imtina etdik və bundan sonra tamamilə eşidilməmiş şantaj başladı. Əvvəlcə bizə heç bir əsas olmadan namizəd statusu verilmədi və bundan sonra Gürcüstanın bütün namizəd ölkələr arasında lider olduğu dəfələrlə tanındı”.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan Rusiya məsələsində Avropa İttifaqının tələblərini yerinə yetirməkdən imtina edib. Elə  bundan sonra Avropa bürokratiyası gürcü xalqını və Gürcüstan hökumətini şantaj etməyə başlayıb. Bu və digər misallar Avropada bir daha geniş baxışa malik liderlərlə bağlı problemin olmasının təzahürü kimi özünü göstərir. Bu vəziyyətdə beynəlxalq aləmdə baş verən silsilə hadisələr Avropa İttifaqının institusional strukturunu tənqid edən, onu müasir çağırışlara cavab verməyən, köhnəlmiş qarşılıqlı fəaliyyət formatı hesab edən avroskeptiklərin mövqelərinin təbii olaraq möhkəmlənməsinə gətirib çıxarır. Bu fonda o da xüsusi qeyd olunmalıdır ki, məlum “Ərəb baharı” hadisələrinin yaratdığı miqrasiya böhranı, Böyük Britaniyanın 2016-cı ildə Avropa İttifaqından çıxması, bir neçə il davam edən COVID -19 pandemiyası parçalanma prosesləri üçün katalizator rolunu oynayıb və oynamaqda da davam edir. Böhranların hər biri bu və ya digər şəkildə Avropa İttifaqının iqtisadi sabitliyinə mənfi təsir göstərib, ictimaiyyətin təşkilatın ayrı-ayrı institutlarına inamını sarsıdıb, həmçinin, xüsusilə çətin tarixi dövrlərdə kollektiv qərarlar qəbul etmək  bacarığını şübhə altına alıb. Bunun əyani nümunəsini Avropanın Ukraynada davam edən münaqişəyə yanaşmasında görmək mümkündür.

Əvvəla, Rusiya-Ukrayna münaqişəsinin həllinə yanaşmada Avropada vahid mövqe yoxdur. Bu hal Avropa İttifaqının daxilində belə özünü qabarıq şəkildə büruzə verir. İkinci bir tərəfdən Avropa İttifaqı ABŞ-siz Ukrayna məsələsində hansısa taleyüklü qərar qəbul edib müvafiq addımlar atmaq iqtidarında olmadığını da fəaliyyəti ilə nümayiş etdirir. Bir neçə Avropa liderinin avqustun 18-də Vaşinqtonda Prezident Donald Tramp tərəfindən qəbulu və bu zaman çəkilən fotolar isə olduqca maraqlı bir mənzərəni üzə çıxarır. Burada Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Ciorcia Meloni, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Finlandiya Prezidenti Aleksandr Stub, NATO-nun Baş katibi Mark Rutte Donald Trampın qarşısında bir cərgədə oturub ABŞ dövlət başçısının belə demək olarsa, təlimatlarına qulaq asırlar. Elə bundan irəli gəlir ki, sözügedən mənzərə Avropa cəmiyyətlərində kəskin tənqidlə qarşılanır.

Qeyd edilməlidir ki, Avropa rəhbərləri ilə görüşdən bir neçə gün əvvəl ABŞ lideri Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Həmin görüş zamanı çəkilən fotolarda, videokadrlarda ABŞ və Azərbaycan liderləri yanaşı oturublar və səmimi bir şəraitdə söhbət edirlər. Bu, Azərbaycan Prezidenti ilə Avropa rəhbərləri arasında xarizma, liderlik fərqinin əyani göstəricisidir. Bu fərqləri ABŞ-də də yaxşı bilirlər.

İndilikdə görünən budur ki, Avropa lider böhranı yaşamaqda davam edəcək və bu hal səbəbsiz də deyil. Hələ 2021-ci ildə Avropa İttifaqı daxili sisteminə zərbə vuran və  Avropa ölkələrinin əhalisi arasında sağçı partiyalara dəstəyin artması üçün katalizatora çevrilən böhran özünü daha qabarıq formada büruzə verməyə başlayıb. Bu, məhz Avroliderlik böhranıdır. Xatırlatmaq lazım gəlir ki, uzun müddət Almaniya kansleri olmuş Angela Merkel Avropada birliyin möhkəmləndirilməsində və çətin siyasi situasiyalarda qərarların qəbulunda əsas rol oynayıb. O, həm Avropa İttifaqına üzv ölkələrin liderləri, həm də bu qurumla ciddi fikir ayrılığı olan ölkələrin rəhbərləri ilə konstruktiv əlaqələr qurmağı bacarıb. Avroatlantik siyasəti Avropada tənqidlə qarşılanan Donald Trampın ilk prezidentlik dönəmində Avropa İttifaqının ABŞ ilə qarşılıqlı əlaqəsi bunun bariz nümunəsidir. Digər bir misal Merkelin təmaslarını davam etdirə bildiyi və əksər məsələlərdə ümumi dil tapdığı Rusiya Prezidenti Vladimir Putinlə dialoqdur. Bu, təkcə Almaniyanın maraqlarını deyil, həm də Avropa İttifaqının sabitliyini və birliyini təmin edərək, müxtəlif güc mərkəzləri arasında tarazlıq saxlamaq qabiliyyətini nümayiş etdirirdi.

Əslində, Merkel Avropa İttifaqı daxilində əsas birləşdirici element rolunu, eləcə də  böhran vəziyyətlərinin həlli prosesində qurumla xarici aktorlar arasında vasitəçi funksiyasını öz üzərinə götürə bilmişdi. Bununla belə, 2021-ci ilin sonunda o, Almaniya kansleri vəzifəsini tərk etdi və varisi Olaf Şolz mühakimələrində daha açıq və qəti, lakin hərəkətlərində daha az ardıcıl oldu. 2021-ci ilin yanvarında Avropaya Amerikanın strateji ambisiyalarının həyata keçirilməsində kiçik tərəfdaş kimi baxan demokrat Co Bayden ABŞ-də hakimiyyətə gəldiyi üçün o, Donald Trampın Avropa məsələlərində sərt mövqeyi ilə məşğul olmaq məcburiyyətində deyildi. Buna baxmayaraq, yeni əlverişli xarici şərtlər Şolzun Almaniyanın Avropa İttifaqının qeyri-rəsmi lideri statusunu saxlamasına imkan vermədi. Fransa rəhbəri Emmanuel Makronun bu istiqamətdə cəhdləri isə daim fiasko ilə nəticələndi. Belə vəziyyət Avropaya inteqrasiyanın davamlılığını effektiv şəkildə təmin edə biləcək yeni lider axtarışları dövrünün başlanğıcını qoydu. Amma hələ bu məsələdə Avropa hansısa uğura imza ata bilməyib.

Mövcud tendensiyalar davam edərsə, Avropa İttifaqı  indiki ilə müqayisədə daha geniş siyasi, iqtisadi böhranla üzləşə bilər. Geosiyasi gərginliyin artması, yeni texnologiyalarda ABŞ və Çinlə rəqabət aparmaq cəhdlərinin istənilən nəticəni verməməsi, xüsusən də Vaşinqtonun təzyiqi altında təşkilatın ödəyə bilməyəcəyi xərclər yeni böhrana gətirib çıxarır. Bu halda Avropa İttifaqında parçalanma prosesləri güclənə bilər. Üzv dövlətlər başa düşürlər ki, onların qlobal siyasi sistemdə çəkisi birlikdən asılıdır. Bununla belə, sözügedən birliyin konkret məsələlərə yanaşmasında fərqlər getdikcə özünü daha qabarıq büruzə verir. Yaranmış durumda Avropa İttifaqını vahid gücə çevirəcək, onun dünya siyasətində rolunu yüksəldəcək lider hələ ki, yoxdur. Nəticədə Avropa İttifaqı, bütünlükdə Avropa beynəlxalq münasibətlər sistemində nüfuz və mövqe itirməkdə davam edir.

MTM Analitik Qrup