
Son illərdə beynəlxalq münasibətlərdə və iqtisadi əməkdaşlıq sahəsində yeni istiqamətlərin ortaya çıxması dünya güclərinin strateji hədəflərinin formalaşmasına getdikcə daha çox təsir edir. Avropa İttifaqının təqdim etdiyi “Global Gateway” təşəbbüsü də məhz belə strateji hədəflər sırasında yer alır. Qeyd edilməlidir ki, sözügedən təşəbbüs Avropanın xarici siyasətində, iqtisadi diplomatiyasında və qlobal nüfuzunun möhkəmlənməsində yeni bir mərhələ hesab olunur. “Global Gateway” 2021-ci ildə Avropa Komissiyası tərəfindən elan edilib, əsasən infrastruktur, enerji, rəqəmsal texnologiyalar, nəqliyyat və təhsil sahələrində investisiya proqramlarını özündə ehtiva edən genişmiqyaslı plan hesab olunur.
“Global Gateway” təşəbbüsünün əsas məqsədi Avropa İttifaqının qlobal səviyyədə etibarlı tərəfdaş kimi çıxış etməsi, inkişaf etməkdə olan ölkələrlə davamlı və qarşılıqlı faydalı əməkdaşlıq yaratmasıdır. Burada xüsusi diqqət iqtisadi imkanların artırılmasına, dayanıqlı inkişaf hədəflərinin dəstəklənməsinə və tərəfdaş ölkələrin modernləşmə prosesinə yardımçı olmağa yönəldilib. Avropa İttifaqı sosial və ekoloji standartlara cavab verən davamlı, yüksək keyfiyyətli infrastrukturun maliyyələşdirilməsini dəstəkləmək üçün 2027-ci ilə qədər bu təşəbbüs çərçivəsində 300 milyard avro istifadə etməyi planlaşdırır. Qeyd edilən müddətə kimi Afrika ayrılan maliyyənin yarısını, yəni 150 milyard avronu alacaq. Strategiya həmçinin Qərbi Balkanlar və Ukraynaya, eləcə də Asiya, Latın Amerikası və Karib hövzəsinə xüsusi maraq göstərir. “Global Gateway” təşəbbüsü Avropa Komissiyasını, Avropa İttifaqına üzv dövlətləri, eləcə də Avropanın əsas donorlarını, xüsusən də Avropa İnvestisiya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, həmçinin digər Avropa maliyyə institutlarını özündə birləşdirir.
“Global Gateway” təşəbbüsünün ən strateji hədəf məkanlarından biri kimi Mərkəzi Asiya və Cənubi Qafqaz regionları artıq ön planda yer alır. Sözügedən regionlar Asiyanı Avropa ilə birləşdirən əsas körpü rolunu oynayır, onlar həm zəngin enerji resurslarına, həm də mühüm nəqliyyat-kommunikasiya yollarına malikdirlər. Qlobal enerji təhlükəsizliyi, beynəlxalq ticarət marşrutları və strateji sabitlik baxımından bu məkanlar Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Avropa, Çin və Rusiya arasında gedən geosiyasi rəqabətdə Mərkəzi Asiya və Cənubi Qafqaz mühüm həlqəyə çevrilib. Belə bir vəziyyətdə Avropa İttifaqı “Global Gateway” təşəbbüsü ilə region ölkələrinə yeni alternativ təqdim etməklə onların iqtisadi və siyasi seçim imkanlarını genişləndirməyə can atır. Ümumiyyətlə, Mərkəzi Asiya və Cənubi Qafqaz kontekstində “Global Gateway” transsərhəd ticarətin səmərəliliyini artırmaq və beləliklə, ölkələr arasında ticarəti asanlaşdırmaq üçün nəqliyyat marşrutlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməyə yönəlmiş məqsədyönlü təşəbbüsləri həyata keçirməyi hədəfləyir. Bundan əlavə, o, regional inteqrasiya və inkişafa tarixən mane olan mövcud əlaqə boşluqlarını effektiv şəkildə aradan qaldırmaq üçün rəqəmsal infrastrukturu genişləndirmək məqsədi daşıyır.
Qeyd edildiyi kimi, Cənubi Qafqaz və Mərkəzi Asiya Avropa üçün enerji baxımından böyük potensiala malikdir. Xəzər hövzəsi dünyanın ən mühüm qaz və neft yataqlarından birini təşkil edir. Azərbaycan, Türkmənistan və Qazaxıstanın enerji ehtiyatları Avropa bazarı üçün strateji əhəmiyyət daşıyır. “Global Gateway” təşəbbüsü çərçivəsində Avropa İttifaqı bu regionda bərpa olunan enerji layihələrinin dəstəklənməsini, qaz kəmərlərinin modernləşdirilməsini və enerji nəqli marşrutlarının şaxələndirilməsini nəzərdə tutur. Bu, bir tərəfdən Avropanın Rusiya qazından asılılığını azaltmağa xidmət edir, digər tərəfdən isə region ölkələrinin enerji ixracı imkanlarını genişləndirir. Azərbaycan bu baxımdan xüsusi rol oynayır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edən Azərbaycan həm Mərkəzi Asiya ölkələri üçün tranzit platforma, həm də Avropa üçün etibarlı tərəfdaş hesab olunur. Avropa İttifaqının “Global Gateway” təşəbbüsü də məhz bu enerji əməkdaşlığının daha da dərinləşdirilməsini hədəfləyir.
Regionun digər önəmli istiqaməti nəqliyyat dəhlizləridir. Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz Çindən Avropaya ən qısa və etibarlı yollarından biridir. Avropa İttifaqı bu marşrutun inkişafında maraqlıdır, çünki Orta Dəhliz həm Rusiyadan, həm də İran üzərindən keçən alternativ yollarla müqayisədə daha təhlükəsiz və siyasi cəhətdən az risklidir. “Global Gateway” təşəbbüsü ilə Avropa İttifaqı bu dəhlizin infrastrukturuna investisiya yatırmaq, dəmir yollarını, limanları və logistika mərkəzlərini modernləşdirmək niyyətindədir. Azərbaycanın Zəngəzur dəhlizi təşəbbüsü, Gürcüstan limanlarının modernləşdirilməsi və Qazaxıstanla Türkmənistanın dəmir yolu şəbəkələrinin gücləndirilməsi bu prosesin yeni tərkib hissəsi ola bilər. Beləliklə, region həm Avropa, həm də Asiya üçün əsas tranzit körpüsü statusunu daha da gücləndirəcək. Bu mənada Azərbaycanın, Türkmənistanın və Özbəkistanın nəqliyyat, logistika infrastrukturunu inkişaf etdirmək üçün yeni regional ittifaq yaratmaq məqsədilə güclərini birləşdirməsi Avropa İttifaqının “Global Gateway” təşəbbüsü üçün də müstəsna önəmə malikdir. Türk ölkələrinin bu addımı təkcə regional inteqrasiya ilə bağlı deyil, həm də Avropanın Mərkəzi Asiya və Əfqanıstanın xammallarına çıxışı nəzərdə tutan strateji “Global Gateway” təşəbbüsünə uyğundur.
Məlumdur ki, bu günlərdə Türkmənistan, Azərbaycan və Özbəkistan liderləri ölkələr arasında dostluq, əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün Türkmənbaşı şəhərindəki Avaza milli turizm zonasında görüş keçiriblər. Hələ avqustun əvvəlində BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə III konfransı çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistan yeni regional ittifaqın yarandığını elan ediblər. Burada ona xüsusi diqqət olunur ki, hər üç ölkənin böyük tranzit potensialı var. Mövcud və yeni nəqliyyat dəhlizlərini birləşdirməklə, Özbəkistan, Türkmənistan və Azərbaycan ərazilərindən keçməklə Çini Cənubi Asiya, Yaxın Şərq və Avropa ilə birləşdirəcək etibarlı və səmərəli marşrut yaratmaq bu fonda xüsusi diqqət cəlb edir.
Özbəkistan artıq bu istiqaməti fəal şəkildə inkişaf etdirir: Çin-Özbəkistan dəmir yolunun tikintisinə başlanılıb, Pakistan və Əfqanıstanla Trans-Əfqan dəhlizi haqqında memorandum imzalanıb. Türkmənbaşı şəhərində liderlər həmçinin Zəngəzur dəhlizinin də daxil olduğu Orta Dəhlizin inkişafını müzakirə ediblər. Eləcə də Türkmənbaşı və Bakı limanlarının modernləşdirilməsi – onların keçid qabiliyyətinin artırılması, müasir logistikanın yaradılması, vahid tarif siyasəti, rəqəmsallaşma və yüklərə nəzarət məsələləri müzakirə olunub. Türkmənistanlı ekspert Derya Qarayevin fikrincə, bu sammit Mərkəzi Asiya və Xəzər regionu ölkələrinin xammalına, o cümlədən Əfqanıstana, eləcə də regiondan Çinə tranzit marşrutlarına çıxışı təmin edən mühüm mütərəqqi prosesinin tərkib hissəsi kimi qəbul edilə bilər və edilməlidir: “Real fəaliyyətlərin konsepsiyası və proqramı çoxdan təsvir edilib və “Global Gateway” adlanır. Növbəti addım Mərkəzi Asiya dövlət başçılarının sentyabrda Daşkənddə keçirilməsi planlaşdırılan sammiti olacaq, buraya da Azərbaycan Prezidenti İlham Əliyev artıq dəvət olunub. Dekabrda Aşqabadda Türkmənistanın daimi bitərəfliyinin 30 illiyinə həsr olunmuş “Sülh və Etimad” beynəlxalq forumu keçiriləcək. Artıq demək olar ki, bütün Avropa liderləri “Sülh və Etimad” forumuna dəvət alıblar: Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa Şurasının prezidenti Antonio Kosta, Almaniya, Fransa, İsveçrə Konfederasiyasının prezidentləri, İtaliya və Gürcüstanın baş nazirləri, Monako şahzadəsi, Litva, Estoniya, Latviya, Slovakiya, Çin, İran, Qətər, İraq və Mərkəzi Asiya ölkələrinin liderləri, həmçinin BMT-nin baş katibi Antonio Quterreş və digərləri”.
Bütün bunlar “Global Gateway” təşəbbüsündə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun mühüm önəmini ifadə edir. “Global Gateway” təşəbbüsünün mühüm istiqamətlərindən biri də rəqəmsal transformasiyadır. Avropa İttifaqı tərəfdaş ölkələrdə internet infrastrukturunun inkişafına, elektron hökumət sistemlərinin qurulmasına və rəqəmsal bazarın gücləndirilməsinə dəstək verməyi hədəfləyir. Mərkəzi Asiya ölkələri rəqəmsal sahədə yeni inkişaf mərhələsinə qədəm qoymaq niyyətindədir. Cənubi Qafqazda isə Azərbaycan və Gürcüstan bu sahədə regional lider mövqeyindədir. Nəticə etibarilə, “Global Gateway” təşəbbüsü həm Avropanın özü, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz üçün yeni imkanlar pəncərəsi açır. Bu regionlar Avropaya enerji, nəqliyyat və rəqəmsal əməkdaşlıq baxımından mühüm töhfə vermək iqtidarındadırlar. Eyni zamanda Avropa İttifaqı da həmin regionlara sərmayə yatırmaqla burada iqtisadi tərəqqinin daha dinamik hala gəlməsində rolunu artıracaq.
MTM Analitik Qrup