AVROPA SİYASİ BİRLİYİNİN STRATEGİYASINDA AZƏRBAYCAN FAKTORU

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti qitənin geosiyasi xəritəsində mühüm mərhələ kimi yadda qalacaq. Çünki Avropa İttifaqına üzv və qeyri-üzv dövlətlərin liderlərini bir araya gətirən bu platforma qlobal konfiqurasiyanın dəyişdiyi, beynəlxalq münasibətlərdə yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə keçirilir və Avropanın gələcəyini birlikdə formalaşdırmaq məqsədi daşıyır. Bu fonda Avropa Siyasi Birliyinin sammiti artıq sadəcə diplomatik görüş yeri deyil, Avropanın təhlükəsizlik arxitekturasını yenidən qurmağa yönəlmiş geosiyasi laboratoriya rolunu oynayır. Bu baxımdan Azərbaycanın bu tədbirdə iştirakı və bu proseslərdə aktiv mövqeyi mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Avropa Siyasi Birliyi çərçivəsində ilk dəfə 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada keçirilmiş sammitdə iştirak etmişdi. Bu sammit Azərbaycanın beynəlxalq arenada geosiyasi çəkisinin artmasının və Qafqazda regional güc kimi tanınmasının bariz nümunəsi idi. Prezident İlham Əliyevin həmin sammitdəki iştirakı onun uzaqgörən və strateji xarici siyasətinin konkret təzahürü olaraq qiymətləndirilməlidir. O dövrdə bölgədə vəziyyət son dərəcə həssas idi, 44 günlük müharibədən sonra yeni regional düzən qurulurdu, Rusiya sülhməramlıları hələ də Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmişdi və Ermənistan tərəfi destruktiv davranışla prosesləri pozmağa çalışırdı. Məhz belə bir mərhələdə Prezident İlham Əliyevin Praqadakı diplomatik uğuru Azərbaycanın mövqelərini möhkəmləndirdi. Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın Praqadakı görüşündə Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə razılıq əldə edildi. Bu, Ermənistan və Fransanın planlarına ciddi zərbə vurdu. Çünki Makron və Paşinyan müxtəlif beynəlxalq platformalarda Azərbaycanın suverenliyinə qarşı diplomatik hücumlar həyata keçirməyə çalışır, Qarabağda separatçı meyillərə siyasi legitimlik qazandırmaq niyyəti güdürdülər.

Prezident İlham Əliyevin bu prosesdəki mövqeyi bir neçə səbəbdən strateji və çoxgedişli diplomatik kombinasiyanın uğurlu nəticəsi idi. Birincisi, Azərbaycan lideri Qərbin təhlükəsizlik narahatlıqlarını anlayır və Avropanın enerji təminatında ölkəsinin artan rolunu dəqiq dəyərləndirirdi. İkincisi, Prezident İlham Əliyev regional və beynəlxalq oyunçular arasında elə bir balans qurmuşdu ki, heç bir tərəf Azərbaycanla açıq qarşıdurmaya getmək istəmirdi. Bu isə istər Makronu, istərsə də Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və 1991-ci il Alma-Ata bəyannaməsinə istinad etməyə məcbur etməyə imkan verdi.

Əldə olunmuş razılaşma Ermənistanın uzun illər davam etdirdiyi “status” ritorikasına zərbə vurdu və Azərbaycanın suverenliyinə beynəlxalq təsdiqin əsas dayaqlarından birinə çevrildi. Əslində Makron və Paşinyan bu qərara könüllü şəkildə gəlmədilər, onları bu addımı atmağa vadar edən Prezident İlham Əliyevin strateji təzyiq gücü, diplomatik məharəti və beynəlxalq konfiqurasiyanın dəyişməsindən düzgün istifadə bacarığı oldu. Elə buna görədir ki, həmin dövrdən başlayaraq Rusiya ekspertləri, siyasi dairələri və Ermənistandakı revanşist qüvvələr Praqa sammitini hədəfə almağa başladılar. Çünki Praqa razılaşması Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına gedən yolun siyasi-sənəd bazasını yaratdı. Albaniyada keçirilən Avropa Siyasi Birliyinin sammiti isə bu proseslərin davamı və növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Qlobal güc mərkəzlərinin bir-birinə qarşı durduğu, Ukrayna müharibəsinin davam etdiyi və Yaxın Şərqdə vəziyyətin hələ də gərgin olduğu bir dövrdə Azərbaycan Avropa üçün mühüm tərəfdaşa çevrilib. Azərbaycanın enerji daşıyıcıları Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsidir. Bundan əlavə, Bakı regional kommunikasiya layihələrinin mərkəzində dayanır və Avropanın Mərkəzi Asiyaya çıxışında strateji keçid nöqtəsidir.

Azərbaycan liderinin Tirana sammitində iştirakı bir daha sübut edir ki, ölkəmiz artıq təkcə regional deyil, həm də qlobal güc mərkəzlərinin strateji tərəfdaşıdır. Prezident İlham Əliyev bu sammitlərdə yalnız iştirak etməklə kifayətlənmir, proseslərə yön verir. Bu baxımdan Tirana zirvəsi Azərbaycanın 2022-ci ildə Praqada əldə etdiyi siyasi nəticələrin konsolidasiyası mərhələsidir.

MTM Analitik Qrup