AVROPA PARLAMENTİNİN MÖVQEYİ SÜLHƏ YOX, QARŞIDURMAYA XİDMƏT EDİR

Avropa Parlamentinin Fransadan olan deputatı Natali Luazonun son zamanlarda səsləndirdiyi fikirlər anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Onun xüsusilə Azərbaycan torpaqlarında çoxsaylı müharibə cinayətləri törətmiş və hazırda mühakimə olunan şəxslərin müdafiəsi ilə bağlı nümayiş etdirdiyi canfəşanlıq təsdiq edir ki, Natali Luazo bu kampaniyaya məqsədli şəkildə qoşulub və yalnız ermənilərin və mənsub olduğu ölkənin sifarişlərini yerinə yetirməklə məşğuldur. Deputat cidd-cəhdlə müharibə cinayətlərini törətmiş şəxslərin azadlığa buraxılmasını tələb edir, bununla da 30 il ərzində Qarabağ separatçılarının törətdiyi cinayətləri ört-basdır etmək istəyir. Bu yanaşma münaqişə tərəflərindən birinin, yəni Ermənistanın törətdiyi əməllərin unudulmasına yönəlib və Azərbaycanın öz vətəndaşlarının aqibətini, müharibə zamanı əsir alınan, lakin taleyindən indiyə qədər bir xəbər çıxmayan 4 minə yaxın insanın hüquqlarını arxa plana keçirir. Təsadüfi deyil ki, bir çox beynəlxalq təşkilatlar, xüsusilə də insan hüquqlarının qorunması ilə məşğul olan qurumlar Qarabağ münaqişəsi dövründə mülki azərbaycanlılara qarşı xüsusi amansızlıq aktlarının törədildiyini sənədləşdirib, buna dair çoxlu faktlar var. Lakin nədənsə Luazo yalnız Azərbaycana qarşı ittihamlar irəli sürür, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırmını gözardı edir. Bəlkə də Luazonun imkanı olsaydı hətta Xocalı soyqırımını da danardı. Təbii ki, onun bu qərəzli yanaşması ilk növbədə Avropa Parlamentinin obyektivliyini sual altına alır. Digər tərəfdən onun mənsub olduğu ölkənin, yəni Fransanın son illərdə Azərbaycana qarşı tutduğu ədalətsiz və obyektivlikdən kənar mövqeyi də Luazonun bəyanatlarına təsir edən amillər arasındadır.

Daha bir mühüm məsələ deputat Luazonun azərbaycanların tarixi torpaqlarına qayıdış hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş bəyanatlar verməsidir. Artıq hamıya, hətta onun sifarişlərini yerinə yetirdiyi dairələrə də yaxşı məlumdur ki, indiki Ermənistan tarixi Azərbaycan torpağıdır. Yüzillər ərzində azərbaycanlılar bu torpaqlarda yaşayıb, dəfələrlə ermənilərin amansız soyqırımı siyasətinə məruz qalıb, SSRİ dövründə bir neçə dəfə deportasiya ediliblər. İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqdan irəli gələrək həmin insanların tarixi torpaqlarına qayıdış hüququnun tanınması, Ermənistanın buna dair öhdəlik götürməsi yalnız Azərbaycan dövlətinin deyil, həm də beynəlxalq hüququn tələbidir və təbii ki, bu hüquq da təmin olunmalıdır. Natali Luazonun bu məsələyə qarşı çıxması isə Qərbin ikili standartlarını körükləyir, azərbaycanlıların doğma yurdlarına qayıtması hüququnu şübhə altına salır, beynəlxalq humanitar və hüquqi prinsipləri rədd edir. Bu cür mövqe Avropa Parlamentinin də təşviq etdiyi insan hüquqları və ərazi bütövlüyü prinsiplərinə ziddir və sülhə deyil, qarşıdurmaya xidmət edir.

Natali Luazo yalnız Azərbaycanı qərəzli şəkildə ittiham etməklə kifayətlənmir, həm də iki ölkə arasında sülhə nail olunmasının qarşısını almağa çalışır. Halbuki Azərbaycanla Ermənistanın arasında sülh prosesini dəstəkləmək Avropa Parlamenti də daxil olmaqla bütün beynəlxalq ictimaiyyətin əsas məqsədi olmalıdır. Lakin Natali Luazo Azərbaycanın bu prosesdəki təşəbbüslərinə kölgə salmağa cəhd edir, sülh danışıqlarına mane olmaqla regionu yenidən arzuolunmaz risklərlə üz-üzə qoyur. Luazodan fərqli olaraq Bakıda yaxşı anlayırlar ki, sülh siyasəti bölgədə qarşılıqlı etimadın yaradılması üçün əhəmiyyətli addımdır. Bu baxımdan sülh müqaviləsinin imzalanması hər iki xalqın gələcəyinə firavanlıq gətirəcək. Təəssüf ki, Luazo səsləndirdiyi fikirlərlə bölgədəki münaqişənin uzanmasına və yeni gərginliklərin yaranmasına çalışır.

Heç şübhəsiz ki, Natali Luazonun mövqeyi təkcə onun şəxsi fikirlərini deyil, həm də Avropa Parlamentinin qərəzli mövqeyini əks etdirir. Avropa Parlamentindəki bəzi deputatlar, Azərbaycanı daim tənqid edərək, əslində regionda daha çox gərginlik və qarşıdurma yaratmağa çalışırlar. Azərbaycanın inkişafına və müstəqilliyinə qarşı yönələn bu cür yanaşmalar artıq Avropanın beynəlxalq siyasətdə ikili standartların tətbiqinə geniş imkanlar açdığı qənaətini daha da gücləndirir. Bir tərəfdən Avropa İttifaqı və Avropa Parlamentinin nümayəndələri özlərini beynəlxalq hüququn müdafiəçiləri kimi təqdim edir, digər tərəfdən isə qərəzli və qeyri-obyektiv mövqelər sərgiləyərək ölkələrin daxili işlərinə müdaxilə etməyə çalışır. Bu yanaşmalar, həm də beynəlxalq hüquq və insan haqları prinsiplərinə ziddir. Azərbaycanın müharibə cinayətlərinə dair obyektiv yanaşma tələbi, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtma hüququnun tanınması, sülhə yönələn təşəbbüsləri Avropa Parlamentindən də bu məsələlərə obyektiv yanaşma və regional sülh təşəbbüslərinə fəal dəstək tələb edir.

MTM Analitik Qrup