AVROPA PARLAMENTİ ERMƏNİPƏRƏST İDDİALARINDAN ƏL ÇƏKMİR

Azərbaycanın dövlət suverenliyini bərpa edərək sülh istiqamətində qətiyyətli addımlar atması Cənubi Qafqazda geosiyasi maraqlarını reallaşdırmağa çalışan müəyyən Qərb dairələrinin qərəzli yanaşmaları ilə müşayiət olunur. Ermənistanın himayədarı kimi çıxış edən Fransanın təsiri altında Avropa İttifaqının son 1 ildə anti-Azərbaycan kampaniyasını genişləndirməsi, son aylarda təşkilatın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin, oktyabrın 2-də isə Avropa komissarı Nikolas Şmitin növbəti qərəzli iddiaları buna əyani sübutdur.

Rəsmi Bakı Qərbin siyasi institutlarının Azərbaycana qarşı reallığı əks etdirməyən yanaşmalarına münasibətdə hər zaman təmkinli, qətiyyətli və prinsipial mövqe tutub, ölkəmizi müstəqil siyasətindən döndərmək cəhdlərinin əhəmiyyətsizliyini vurğulayıb. Prezident İlham Əliyev Avropa parlamentinin Ermənistanın təcavüzkar iddialarının dəstəklənməsinə hesablanmış bir sıra “qətnamə”lərinin rəsmi Bakı üçün əhəmiyyətsiz kağız parçası olduğunu, ölkəmizlə təhdid dilində danışmağın qeyri-mümkünlüyünü dəfələrlə bəyan edib: “Bəzən adama elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir. Avropanın hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbisinin üzvləri arasında əlaqələri araşdırsalar, yaxşı olar”.

Oktyabrın 22-də Avropa Parlamentində Azərbaycandakı vəziyyətə dair keçirilən dinləmələr, habelə Avropa komissarı Nikolas Şmitin səsləndirdiyi əsassız iddialar deməyə əsas verir ki, qurumun erməni lobbisinin təsiri altında olan bir sıra rəsmilərinin anti-Azərbaycan fəaliyyəti səngimir, sadəcə, istinad etdikləri mövzular “dəyişir”. Həmin müzakirələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qərəzli fikirlərin səsləndirilməsi də ölkəmiz üçün yeni hal deyil. Azərbaycan son 20 ildə Avropa İttifaqı, ATƏT, Avropa Şurası kimi təşkilatların ikili standartlardan çıxış etmələrini, təcavüzkar Ermənistanı əsassız şəkildə himayə etmələrini, “media azadlığı”, “siyasi məhbuslar”, “insan hüquqları” kimi mövzularda manipulyasiyaya yol verdiklərini açıq bəyan və tənqid edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin bununla bağlı fikirəri maraq doğurur: “Avropa İttifaqının aidiyyəti qurumlarının Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə, bəzi Aİ ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlərə, artan İslamofobiya və ikrah doğuran neokolonial siyasətə, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər” kimi aksiyalarda həyatlarını itirməsinə, habelə Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara tam etinasızlığı və biganəliyi fonunda, Avropa komissarının Azərbaycanda insan haqları məsələlərindən və Azərbaycan-Ermənistan arasında sülh səylərindən danışmağa mənəvi haqqı yoxdur”.

Hazırda Avropanın bir sıra ölkələrində ksenofobiyaya, dini zəmində qarşıdurmalara geniş rast gəlinir. Fransa, Böyük Britaniya və ABŞ-da radikal-klerikal qrupların 2 il əvvəl Azərbaycan səfirliklərinə və diplomatlarıma hücumları, sui-qəsd cəhdləri bunun əyani təzahürləri kimi qeyd oluna bilər. Bundan başqa, İsveçin paytaxtı Stokholmda və digər ölkələrdə keçirilən etiraz aksiyaları zamanı müsəlmanların müqəddəs dini kitabı olan “Qurani-Kərim”in yandırılması Avropanın dünyaya aşılamaq istədiyi ali dəyərlərin bu məkanda məhz ciddi aşınmaya məruz qaldığını, gərginliklərə səbəb olduğunu göstərir.
Azərbaycanı insan hüquqlarının vəziyyəti mövzusunda tənqid edən Avropa parlamentinin Ermənistanın 30 ilədək işğalda saxladığı ərazilərdə dini-mədəni abidələri vandallıqla dağıtmasına, ekoloji cinayətlərinə göz yumması da aşkar ədalətsizlikdir. Qərbin müəyyən dairələrinin Azərbaycanı əsassız bəhanələrlə günahlandırması, yeni geosiyasi reallıqlarla barışa bilməməsi, əslində, antitürk və islamafob meyillərin təzahürüdür.

Bunlar bir daha göstərir ki, Avropa Parlamentinin regional və qlobal proseslərə münasibətində obyektivlik, ədalət və beynəlxalq hüququn ali prinsipləri deyil, məhz xristian təəssübkeşliyi, habelə ismafobiya əsas amillərə çevrilib. Bu isə sivil dünyanın istinad etdiyi sivilizasiyalararasi dialoq və multikulturalizm ideyaları ilə tamamilə ziddiyyət təşkil edir.

MTM Analitik Qrup