AVROPA PARLAMENTİ CƏNUBİ QAFQAZDA SÜLH PROSESİNİ BALTALAMAĞA CAN ATIR

Cənubi Qafqazda uzun illər davam etmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapmasından sonra region üçün real sülh imkanları yaranıb. Xüsusən də son aylarda atılan addımlar artıq iki ölkənin əməkdaşlıq istiqamətində  də yeni səhifə açmağa hazır olduğunu göstərir. Digər tərəfdən o da faktdır ki, Cənubi Qafqazın əməkdaşlıq və inkişaf məkanına çevrilməsində regionun lider ölkəsi kimi Azərbaycan müvafiq addımlar atır və bütün bunlar Ermənistan tərəfindən də dəstəklənir. Amma belə bir vaxtda müəyyən kənar qüvvələrin sülh və əməkdaşlığa xələl gətirməyə çalışması da diqqətdən yayınmır. Bu xüsusda Avropa Parlamenti yenə xüsusi can-fəşanlığı ilə seçilir.

Ümumiyyətlə, 2020-ci ilin Vətən müharibəsindən və 2023-cü ildə Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra sülh gündəliyi Cənubi Qafqazda regional və beynəlxalq səviyyədə əsas müzakirə mövzularından birinə çevrilib. Eyni zamanda sözügedən istiqamətdə Azərbaycanın atdığı addımlar dünya miqyasında mütləq əksəriyyət tərəfindən təqdir edilir. Amma ali məqsədlərindən tamamilə uzaq düşən, korrupsiya girdabında boğulan Avropa Parlamentinin qəbul etdiyi qərəzli və balanssız qətnamələr sülh səylərinə ciddi zərbə vurur. Yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi bunun daha bir təzahürüdür. Hətta iş o yerə çatıb ki, Avropa Parlamentinin özündə belə bir sıra deputatlar qurumun qərəzli yanaşmasına etiraz edirlər. Onlardan biri olan deputat Tyerri Mariani Azərbaycan və Ermənistanın sülh sazişi imzalamağa hazırlaşdığı bir vaxtda Avropa Parlamentinin mövqeyini kəskin tənqid edib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan uzun illər münaqişə vəziyyətində olsalar da, son beş ildə fəal sülh danışıqları aparılır və bu proses artıq yekun mərhələyə yaxınlaşıb: “Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birgə bəyannamə imzalayıblar. Donald Trampın vasitəçiliyi ilə mümkün olan bu diplomatik addım real nəticələr verib. Ermənistan yaxın günlərdə 30 ildən çox fasilədən sonra ilk dəfə Azərbaycandan neft tədarükü alır. Gürcüstan isə bu normallaşmanı dəstəklədiyini bildirərək, neftin öz ərazisindən ödənişsiz tranzitinə razılıq verib”.

Deputat qeyd edib ki, Bakı və İrəvan Avrasiya məkanında nəqliyyat və ticarət əlaqələrini köklü şəkildə dəyişdirəcək yeni iqtisadi dəhlizin yaradılması barədə razılığa gəliblər. 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək seçkilər ərəfəsində bu vəziyyətin sabitləşməsi və iqtisadi dirçəliş perspektivləri ölkə və region əhalisi üçün müsbət qiymətləndirilir. Tyerri Marianinin fikrincə, məhz belə bir sülh şəraitində Avropa Parlamentinin Azərbaycana qarşı 14-cü tənqidi qətnaməni qəbul etməsi tarixi prosesə ziddir və qurumun etibarlılığına zərər vura bilər. O hesab edir ki, Avropa Parlamenti revanş yox, barış və inkişaf yolunu seçən Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın cəsarətli səylərini dəstəkləməlidir. Deputatın sözlərinə görə, parlamentin əsas məqsədi Cənubi Qafqazda uzun illər davam etmiş münaqişənin bağlanmasına və regionun sabit inkişafına töhfə vermək olmalıdır. Daha bir neçə deputat da eyni mövqedədir. Amma Avropa Parlamenti reallığı qəbul etmir, qərəzli yanaşmaları ilə Cənubi Qafqazda sülh prosesini də baltalamağa çalışır.

Faktdır ki, sülh danışıqlarının əsas prinsiplərindən biri qarşılıqlı etimadın formalaşdırılmasıdır. Avropa Parlamentinin birtərəfli ittihamlarla çıxış etməsi və Azərbaycanın legitim addımlarını təzyiq dili ilə qiymətləndirməsi bu etimadı sarsıdır. Qurumun belə qərəzli mövqeyi Ermənistan cəmiyyətində də yanlış gözləntilər formalaşdırır. Qətnamələr Ermənistanda revanşist qüvvələri sülh prosesinə qarşı aktiv fəaliyyətə sövq edir. Bu isə ümumi erməni cəmiyyətinin konstruktiv mövqe tutmaq əvəzinə, burada bəzi təbəqələrin revanşist yanaşmanı davam etdirməsinə şərait yaradır. Nəticədə sülh prosesinə xələl gəlir, barış və əməkdaşlıq perspektivi, regionda sabitlik risk altına düşür. Bu fonda Avropa Parlamentinin sülhə töhfə vermək istəyi realdırsa, o zaman birtərəfli bəyanatlardan imtina etməli, region ölkələrinin legitim maraqlarını nəzərə almalıdır. Əks halda, bu cür qətnamələr sülh prosesinə yardım etmək əvəzinə, onu ləngidən və mürəkkəbləşdirən faktora çevrilir.

Qeyd olunanlar kontekstində Milli Məclisin Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar yaydığı bəyanatda maraqlı bir nüansa diqqət çəkilir ki, Avropa Parlamentində qətnamələrin qəbulu prosesi konkret maraq qrupları tərəfindən məqsədli şəkildə idarə edilir: “Müşahidələr göstərir ki, Avropa Parlamenti üzvlərinin əksəriyyətinin səs verdikləri qətnamə layihələrinin nəinki mahiyyəti, hətta mətni barədə heç bir anlayışı olmur. Bu isə Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir”. Belə bir maraqlı məqama da diqqət edilir ki, müxtəlif maraq dairələrinə ödənişli xidmətlər göstərən Avropa Parlamentinin qətnamələri də, bir qayda olaraq, əldə edilən maddi mənfəətin əvəzi rolunu oynayır. Ötən illər ərzində bununla bağlı ortaya çoxsaylı sübutlar qoyulub, cinayət işləri açılıb.

Indi də görünən odur ki, konkret sifarişlər əsasında fəaliyyət göstərən Avropa Parlamenti aldığı yeni tapşırıqlara müvafiq olaraq Qafqazda sülhə əngəl olmağa can atır. Bu xüsusda Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin sədri Səməd Seyidovun səsləndirdiyi fikirlər də ayrıca diqqət cəlb edir. O vurğulayır ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə əvvəlcədən hazırlanmış və müəyyən məqsədlər üçün hazırlanmış sənəddir: “Avropa Parlamentindən mənə zəng gəldi. Bəlli oldu ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə əvvəlcədən hazırlanmış bir sənəddir. Həmin şəxs mənə dedi ki, onlar başqa məqsədlə bu məsələni gündəmə gətirirlər”. Deputat bildirib ki, Vaşinqtonda 8 avqustda keçirilmiş görüş və əldə olunmuş razılaşma da regionda sülh üçün mühüm dönüş nöqtəsi oldu, amma Avropa Parlamenti bu barədə susur, heç bir obyektiv münasibət bildirmir: “Onlar Cənubi Qafqazda illərlə gözlənilən sülh prosesinə töhfə verməlidirlər. Bizimlə dialoqa dəvət etməli, obyektiv yanaşmalı və konstruktiv əməkdaşlıq qurmalıdırlar. Lakin təəssüf ki, Avropa Parlamenti tamam başqa bir mövqedən çıxış edir. Bu qurum, əslində, Avropanın bu gün düşdüyü dərin böhranın bir güzgüsüdür”.

Avropa Parlamenti qəbul etməlidir ki, mövcud Azərbaycan-Ermənistan sülh prosesi tarixi bir fürsətdir. Bu fürsətin reallaşması region ölkələrinin siyasi iradəsi ilə yanaşı, beynəlxalq aktorların məsuliyyətli davranışından da asılıdır. Avropa Parlamenti qərəzli yanaşmasını davam etdirdiyi halda, sülhə töhfə verən deyil, ona zərbə vuran tərəf kimi yadda qalır. Dayanıqlı sülh üçün isə ədalətli, balanslı və beynəlxalq hüquqa əsaslanan yanaşma alternativsizdir.

MTM Analitik Qrup