Qərb ölkələrinin və təsisatlarının Cənubi Qafqazla bağlı siyasətlərində çoxsaylı yanlışlıqlara yol verməsi, məkrli niyyət və məqsədlərinə çatmaq üçün region ökələrinə münasibətdə ikili standartlar sərgiləməsi artıq sistematik xarakter alıb. Bu kontekstdə son dövrlərdə Azərbaycan və Gürcüstana qarşı Qərbdə böhtan və qarayaxma kampaniyasının yenidən geniş vüsət alması müşahidə edilir. Buna səbəb hər iki ölkənin müstəqil siyasət yürütməsi, zərərli xarakterə malik kənar təsirlərə qarşı qətiyyətlə mübarizə aparmalıdır.
Hadisələrin inkişaf axarı göstərir ki, Azərbaycan və Gürcüstanın mövqeyi Qərbdə müəyyən dairələrin ciddi narahatlıq və narazılığı ilə qaşılanır. O səbəbdən hər iki ölkə əleyhinə genişmiqyaslı kampaniya başlanılıb və müxtəlif Qərb institutlarının bu istiqamətdə əlaqələndirilmiş fəaliyyəti həyata keçirilir. Hazırda belə kampaniyada əsas yer alanlardan biri də korrupsiya və digər qalmaqallarda adı getikcə daha çox hallanan Avropa Parlamentidir. Avropa dəyərlərindən daha çox müxtəlif qüvvələrin maraqlarına xidmət edən bu qurumun bir sıra deputatları onlara verilən sifarişlər əsasında hər cür hədyanlar səsləndirməyə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər. Bu tendensiya indi də davam edir.
Qərbdə bəzi dairələrdə olduğu kimi Avropa Parlamentində də Azərbaycanın İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında birgünlük antiterror tədbirlərindən sonra ərazi bütövlüyünü, suverenliyini bərpa etməsindən pərişan olanların sayı az deyil. Bu mövqedə olanlar yaxşı başa düşürlər ki, Azərbaycanın qazandığı tarixi zəfər təkcə ölkəmizin yox, eyni zamanda Cənubi Qafqazın siyasi-iqtisadi həyatında yeni bir mərhələnin başlanmasına səbəb olub. Bu mərhələdə kənar qüvvələrin regionun taleyinə təsir imkanları daha da azalmağa doğru gedir. Bundan narazı qalanlar reallıqları təhrif etmək, həmçinin, bu məqsədlə qarayaxma kampaniyasından da geniş şəkildə istifadə olunmasına xüsusi diqqət etməkdədirlər.
Avropa Parlamentində Azərbaycandakı vəziyyət, eləcə də Ermənistanla münasibətlərə dair yeni dinləmələrin təşkili istiqamətinə görülən işlər bəhs olunan kampaniyanın tərkib hissəsidir. Azərbaycan həqiqətlərinə qara eynəklə baxmağa adət edən Avropa Parlamentinin müəyyən deputatlarını narahat edən əsas məqamlardan biri Qarabağda mövcud olmuş separatçı rejimin bəzi təmsilçilərinin həbs olunması, onlar barəsində istintaq hərəkətlərinin aparılmasıdır. Onların müdafisəsi istiqamətində xüsusi can-fəşanlıq edən Avropa Parlamentinin deputatları, digər Qərb təsisatlarının təmsilçiləri faktiki olaraq, separatçılığı, terroru himayə edirlər.
Vətən müharibəsi və ondan sonra da Avropa Parlamenti Qarabağda mövcud olmuş separatçı rejimin nümayəndələrinin müdafiəsi məqsədilə genişmiqyaslı fəaliyyət həyata keçirib və indi də keçirməkdədir. Bu zaman onların törətdikləri müharibə cinayətləri görməzlikdən gəlinir. Həmçinin, Avropa Parlamentində Qarabağda yaşamış ermənilərlə bağlı reallıqların təhrif olunması bu gün də davam edir. Avropa Parlamentində anti-Azərbaycan mövqedə olanlar iddia edirlər ki, ölkəmiz guya Qarabağın erməni sakinlərinə təzyiq göstərib, onların bölgəni tərk etməsinə səbəb olub. Halbuki, Vətən müharibəsindən sonra Azərbaycan hakimiyyəti Qarabağın erməni sakinlərinin reinteqrasiya planını açıqlayıb. Separatçı erməni liderlərinin, həmçinin Ermənistanın təsir və təzyiqləri ilə Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısı alınıb. Buna paralel olaraq, separatçıların törətdikləri hərbi təxribatların artması baş verib. Belə təxribatların qarşısının alınması məqsədilə həyata keçirilən aniterror tədbirləri yüksək dəqiqliklə aparılıb, Qarabağın dinc erməni sakinləri heç bir zərər görməyib. Hətta onların qida, geyim, tibbi və digər ehtiyacları təmin olunub. Ancaq bunlara rəğmən, erməni sakinlər Qarabağı könüllü şəkildə tərk ediblər və proses bütün dünyanın gözü qarşısında baş verib. Lakin Avropa Parlamentində bu həqiqətləri qəbul etməyərək, onun təhrifi ilə məşğul olanlar var. Avropa Parlamentinin belə nümayəndələrinin iddialarından biri də Azərbaycanın Ermənistanla münasibətlərində guya aqressiv davranış sərgiləməsidir. Halbuki, İkinci Qarabağ müharibəsindən dərhal sonra məhz Azərbaycan Ermənistana sülh sazişinin imzalanması, əməkdaşlıq münasibətlərinin qurulması üçün təkliflər göndərib. Lakin bu təkliflərə Ermənistanın adekvat reaksiya sərgiləməməsi, əksinə, Azərbaycana qarşı konstitusiyasında və digər qanunvericilik aktlarında ərazi iddiaların davam etdirməsi hələ də sülh müqaviləsinin imzalanmasını, əməkdaşlıq münasibətlərinin qurulmasını ləngidir. Ermənistanın bu davranışını həmişəki kimi Avropa Parlamentində görməzlikdən gəlirlər.
Azərbaycanda insan haqları və digər sferalarda vəziyyətlə bağlı da bu vaxta qədər Avropa Parlamentində çoxsaylı böhtanlar səsləndirilib, kağız parçası olmaqdan o tərəfə keçməyən bir neçə qətnamə qəbul olunub. Bütün bunlar həm də sözügedən qurumun Azərbaycana qarşı qərəzli və selektiv mövqe tutmasından irəli gəlib. Görünən odur ki, ölkəmizə münasibətdə Avropa Parlamenti bu siyasətini davam etdirəcək. Eyni zamanda qonşu Gürcüstanın da müstəqil siyasəti bu ölkənin Avropa Parlamentinin, Avropa İttifaqının qəzəbinə tuş gəlməsinə səbəb olub. Gürcüstanın Qərb təsisatlarının ölkənin daxili işlərinə müdaxiləsinin qarşısının alınması üçün atdığı addımlar Avropa Parlamentində də böyük narazılıq yaradıb. Artıq Avropa Parlamenti Gürcüstana qarşı sanksiyaların tətbiqi, maliyyə yardımlarının dayandırılması, ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin dondurulması və digər bu qəbildən olan çağırışlarla çıxış edib. Lakin Avropa Parlamentinin və digər Qərb institutlarının istər Gürcüstana, istərsə də Azərbaycana yanaşmasında tutduğu mövqe, bu ölkələrin siyasi iradəsinə təsir etmək cəhdləri əbəsdir. Belə hal daha çox Qərbin özünə, onun regionda mövqelərinə sarsıdıcı zərbə vurur.
MTM Analitik Qrup