
Bu gün Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına Avropa İttifaqının daha böyük əngəl yaratması getdikcə daha açıq şəkildə müşahidə olunmaqdadır. Qurumun fəaliyyəti artıq birmənalı şəkildə ona yönəlib ki, bu iki Cənubi Qafqaz ölkəsi arasında sülh və əməkdaşlıq müasibətləri bərqərar olmasın. Əks halda Avropa İttifaqı, xüsusən də onun üzvü olan Fransa sülh əleyhinə fəaliyyət göstərməz, Ermənistanı silahlandırmaz, onu revanşizmə təhrik etməzdi.
Real vəziyyət onu göstərir ki, Avropa İttifaqı Ermənistan vasitəsilə Cənubi Qafqazda destabil durum yaratmağa can atır. Burada əsas məqsəd heç şübhəsiz ki, bu yolla Azərbaycana təsir göstərmək, Rusiyaya qarşı regionda ikinci cəbhənin açılmasına nail olmaq, İranla bağlı daha yaxın məsafədən kəşfiyyat məlumatlarının toplanmasını təmin etmək, Gürcüstana qarşı Ermənistandan platsdarm kimi istifadə etməkdir. Bütün hallarda Avropa İttifaqı Ermənistanı böyük zərbə altına qoymaq hesabına olsa da, öz məqsədinə çatmaq üçün bu ölkəni fikirləşmədən qurban etməyə hazırdır. Ermənistanın düşünülməmiş və yarıtmaz xarici siyasəti də buna əlverişli zəmin yaradır.
Öz məqsədinə nail olmaq üçün Avropa İttifaqının əsas fəaliyyət istiqamətlərindən biri Ermənistanı silahlandırmaqdır. Elə bundan irəli gəlir ki, yayılan məlumatlara əsasən, Avropa İttifaqı yaxın tezlikdə Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır. Artıq vəsaitin ayrılması ilə bağlı ilkin razılıq var. Məsələ ilə bağlı APA agentliyinə danışan mənbə bildirib: “Bu vəsaitin də Ermənistanın silahlanması üçün istifadə olunacağı şübhə doğurmur”.
Xatırlatmaq yerinə düşərdi ki, Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində ilk yardım paketini ötən il qəbul edib. Bu dəfə də ayrılacaq yardım ən azı ötənilki qədər olması gözlənilir. Keçən il Avropa ittifaqı Şurası iddia edirdi ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin Avropa İttifaqı tərəfindən yerləşdirilən missiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Amma maraqlıdır ki, o vaxt yardımın tərkibinə öldürücü silahlar da daxil edilmişdi və onlar da Ermənistana çatdırılıb. Bu dəfə də belə silahların Ermənistana ediləcək növbəti hərbi yardım paketinin tərkibində yer alacağı şübhəsizdir. Bütün bunlara Azərbaycan haqlı olaraq etiraz edir, baş verənləri regionda sülhə qarşı fəaliyyət kimi qiymətləndirir. Hələ ötən il ayrılan yardım zamanı Azərbaycan bəyan etmişdi ki, bu, yanlış və təhlükəli, regionda gərginliyin artmasına xidmət edən addımdır. Azərbaycan Xarici İşlər Nazirliyinin təmsilçisi Ayxan Hacızadə həmin vaxt qeyd edirdi: “Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür. Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək”.
İndi də eyni yanaşma hakimdir, ancaq təəssüf ki, Avropa İttifaqı həqiqətləri nəzərə almaq istəmir. Əksinə, baş verənlər Ermənistanı təxribatlara, revanşizmə həvəsləndirir, üzərinə götürdüyü öhdəliklərdən yayınmasına xidmət edir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın üçtərəfli razılaşmalar əsasında üzərinə götürdüyü bir sıra öhdəliklərdən, o cümlədən Zəngəzur dəhlizinin açılmasından imtina etməsi məhz kənardan olan yardımların, edilən diqtələrin nəticəsidir. Belə vəziyyət regionda yeni qarşıdurma ehtimalını artırır, Ermənistanı yeni savaşa sürükləyir. Beləliklə, Ermənistan və havadarları Cənubi Qafqazda yeni müharibə ocağı yaratmaq niyyətlərindən hələ ki, əl çəkmirlər. Elə bu səbəbdən də regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın, onun himayədarlarının üzərinə düşür.
Ermənistanın militarizasiya siyasətinin davam etdirilməsi fonunda Azərbaycan adekvat tədbirlər görməyə, hərbi qüdrətini davamlı olaraq artırmağa məcburdur. İstənilən halda ölkəmiz Ermənistan da daxil olmaqla yaranacaq hər hansı təhdidi yerindəcə məhv etmək hüququnu özündə saxlayır və bunun nəzərə alınması qarşı tərəf üçün çox vacibdir. Hazırda baş verənlər isə ona gətirib çıxarır ki, Ermənistan yardım adı altında aldığı hərbi dəstəklə arxayınlaşır, sülhdən yayınma siyasəti yürüdür. Avropa İttifaqının monitorinq missiyasının fəaliyyətinin də daha iki il Ermənistan ərazisində davam etdirilməsi barədə qəbul edilmiş qərar vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev hələ cari il yanvarın 7-də yerli televiziyalara müsahibəsində Avropa İttifaqının missiyasının müddətinin uzadılmasının etimadı möhkəmləndirmədiyini, əksinə, sarsıtdığını bir daha diqqətə çatdırıb: “Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər”.
Bütün bunlar bir daha Avropa İttifaqının regionda destruktiv bir fəaliyyətlə məşğul olduğunu, sülh prosesinə zərbə vurduğunu açıq şəkildə nümayiş etdirir. Lakin proseslərdən görünən həm də odur ki, Avropa İttifaqının belə fəaliyyətindən ən çox zərər görən ölkə Ermənistan olacaq.
MTM Analitik Qrup