
Cari ilin iyun ayında Ermənistanda baş tutacaq parlament seçkilərinin geosiyasi aspektləri getdikcə özünü daha qabarıq şəkildə büruzə verir. Xüsusən də o kontekstdə ki, Avropa İttifaqı (Aİ) seçkilərə kənardan, konkret halda Rusiyadan olan müdaxilələrin qarşısının alınması üçün Ermənistanda hərəkətə keçir. Bu da Rusiyada ciddi narazılıqla qarşılanır.
Əslində, sözügedən məsələ hələ ötən ilin dekabrıında gündəmə gəlib. Həmin vaxt Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirmişdi ki, Ermənistan parlament seçkilərindən əvvəl onun təmsil etdiyi qurumdan kömək istəyib. O, hətta məsələnin qurumun xarici işlər nazirlərinin görüşündə müzakirə olunduğunu da bildirib: “…Ermənistanda seçkilər olacaq və biz onlara necə kömək edə biləcəyimizi bilməliyik. Ermənilər bizə müraciət edərək, Moldovaya göstərdiyimiz xarici müdaxiləyə qarşı mübarizədə eyni dəstəyi istəyirlər”. Həmin vaxt Kaya Kallas Avropa İttifaqının Ermənistana ölkənin dayanıqlığını gücləndirmək və sülh layihələrinə dəstək vermək üçün 15 milyon avro ayıracağını da açıqlamışdı.
Bütün bunların ardınca bəlli olub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament seçkilərinə Rusiyanın mümkün müdaxiləsinin və dezinformasiya kampaniyasının qarşısının alınması üçün ölkəyə çevik hibrid reaksiya qrupunun göndərilməsi xahişi ilə Avropa İttifaqına müraciət ünvanlayıb. “Azatutyun” radiosu Ermənistan xarici işlər nazirinin Brüsselə göndərdiyi məktubun surətini əldə edib. Məktubunda Ararat Mirzoya qurumdan İrəvana barəsində bəhs olunan reaksiya qrupunun göndərilməsini xahiş etdiyi bildirilir. Avropa İttifaqı ötənilki parlament seçkiləri zamanı Moldova hakimiyyətinə Rusiyadan qaynaqlanan və əsasən, sosial mediada yayılan dezinformasiyanın erkən aşkarlanması və qarşısının alınmasında kömək etmək üçün Kişinyova 20 nəfərdən ibarət oxşar qrup göndərib. Həm Brüssel, həm də Kişinyov layihəni uğurlu hesab edib və Avropa İttifaqı indi Rusiyanın təsir göstərməyə çalışacağı gözlənilən həlledici seçkilər ərəfəsində Ermənistan üçün də eyni yardımı göstərmək istəyir. Brüsseldəki müzakirələrdən əldə edilən diplomatik qeydlərə əsasən, Aİ “həm 2026-cı ilin iyun seçkilərindən əvvəl, həm də Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesi zamanı Ermənistanın demokratik dayanıqlığının və informasiya bütövlüyünün gücləndirilməsinə dəstəyini ifadə etmək” niyyətindədir. O da vurğulanır ki, Ermənistana təklif olunan dəstək açıq şəkildə Rusiyanın sabitliyi pozan fəaliyyətlərinin azaldılmasına və nəticələrinin yumşaldılmasına yönəlməlidir.
Bundan əlavə, “Azatutyun” radiosu qeyd edir ki, Aİ-yə üzv dövlətlər qurumun diplomatik korpusuna, xarici işlər xidmətinə də müraciət edərək, onları “Aİ-nin Ermənistana dəstəyinin məqsədini izah edərək və sülh prosesinə mənfi təsirlərdən qaçınmağın vacibliyini vurğulayaraq Azərbaycanla əlaqə saxlamağa” çağırıblar. Xatırlanır ki, rəsmi Bakı həm son illərdə Aİ-nin Ermənistana göstərdiyi hərbi yardım, həm də 2023-cü ildən bəri Azərbaycanla sərhədin Ermənistan tərəfində etimad yaratmaq və vəziyyəti izləmək mandatı ilə fəaliyyət göstərən hazırkı Aİ Monitorinq Missiyası ilə bağlı narahatlıqlarını ifadə edib. Yeni missiyanın göndərilməsi təsdiqlənərsə, o, daha çox hibrid təhdidlərə, o cümlədən seçki prosesinə, eləcə də bundan sonra keçiriləcək mümkün konstitusiya referendumuna diqqət yetirəcək. “Azatutyun” radiosuna açıqlama verən bir neçə Aİ diplomatının sözlərinə görə, tərəflər missiyanı mayın 4-də İrəvanda keçiriləcək Aİ-Ermənistan sammitinə qədər başlatmağı hədəfləyirlər.
Ona da diqqət çəkilir ki, Aİ üzv dövlətləri iki qərar qəbul etməlidirlər: biri məsələni texniki olaraq təsdiqləmək, digəri isə faktiki olaraq həyata keçirmək. Eyni zamanda Brüsseldəki diplomatik dəhlizlərdə ümid var ki, bu dəfə Azərbaycan Ermənistandakı yeni Aİ missiyasına daha müsbət yanaşa bilər, çünki bu, ABŞ-ın rəhbərlik etdiyi sülh prosesi və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dəstək ilə əlaqələndiriləcək. Ancaq təbii ki, Azərbaycan üçün əsas məsələ “binokl diplomatiyası” ilə məşğul olan Aİ Monitorinq Missiyasının fəaliyyətinin dayandırlmasıdır. Yenə “Azatutyun” radiosunun məlumatına görə, təsdiqlənərsə, Ermənistandakı yeni Aİ missiyasının heyət tərkibi kiçik olacaq və əsas komanda bir neçə mütəxəssisdən təşkil ediləcək. Heyətin əksəriyyəti isə sərhəd əraziləri izləyən Aİ missiyasından köçürülmüş və həmin mütəxəssislərə dəstək verəcək işçilər olacaq.
Aİ-nin Ermənistanda belə fəallığı, Rusiyanın hədəf kimi göstərilməsi təbii olaraq, Moskvada xoş qarşılanmır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, ölkəsi tərəfindən Ermənistana qarşı hibrid hücumlar iddiaları, ən azından, qəribədir. Rusiya diplomatiyasının rəhbəri hələ fevralın əvvəlində Moskvada Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü fonunda sözügedən xüsusda bildirib: “Şimaldan Ermənistana qarşı mifik hücumların hazırlanması ilə bağlı vaxtaşırı açıqlamaları eşitmək qəribədir. Ölkənizdə parlament seçkiləri kampaniyası artıq başlayır. Sizi əmin edə bilərəm ki, xaricdən, açıq şəkildə Rusiyaya istinad edən siqnallar eşidiləndə, kiminsə seçkilərə müdaxilə etməyə hazırlaşdığı, İrəvandan Avropa ittifaqına bu müdaxiləyə yol verməmək üçün çağırışlar ediləndə bütün bunlar bizim üçün qəribə görünür. İnanırıq ki, İrəvandakı məsuliyyətli siyasətçilər bu cür addımların açıq-aşkar təxribat məqsədləri ilə atıldığını başa düşürlər”. Rusiya xarici işlər naziri bir daha Moskvanın son zamanlar müntəzəm olaraq səsləndirdiyi iddianı da təkrarlayıb. Qeyd edib ki, İrəvan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməklə bunun nəticələrini aydın şəkildə anlamaldır: “Avrasiya İqtisadi Birliyinə üzvlük Aİ ilə əməkdaşlığın, xüsusən də üzvlüyün əsasını təşkil edən prinsiplərlə bir araya sığmır. Seçim sizindir və biz buna tam hörmətlə yanaşacağıq. Lakin biz gözləyirik ki, bu proses zamanı Ermənistan AİB-in tamhüquqlu üzvü olduqdan sonra son on ildə əldə etdiyi nəticələr nəzərə alınacaq. 2015-ci ildə Ermənistanın ÜDM-i 10,5 milyard dollar idisə, bu gün 26 milyard dollardır. Göstərici iki yarım dəfə artıb. Bu, şərhə belə ehtiyac olmayan bir faktdır”. Lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, İrəvan Avropa İttifaqından parlament seçkiləri prosesinə Rusiyanın mümkün müdaxiləsindən və dezinformasiyadan qorunmaqda kömək etməsi üçün ölkəyə çevik hibrid reaksiya qrupunun göndərilməsini xahiş edib. Təbii ki, bu da Rusiyanı və Ermənistanda Moskvaya bağlı siyasi qüvvələri narazı salır. Elə bu kontekstdə Moskvanın cavab tədbirləri görməsi gözləniləndir və bu da Ermənistanı yenə müxtəlif kənar güclərin çəkişmə meydanına çevirir.
MTM Analitik Qrupu
