AVROPA İTTİFAQI TÜRKİYƏNİN QLOBAL LİDERLİYİ İLƏ HESABLAŞMAĞA BAŞLAYIB

Avropa İttifaqının altı ildən sonra Türkiyə ilə iqtisadi görüşlərə başlaması barədə xəbərlərin yayılması həm təəccüb, həm də ikrah doğurur. Lakin uzun illərdir Avropa İttifaqına üzv olmaqla bağlı proses yürütsə də müxtəlif bəhanələrlə kənarda qoyulan Türkiyənin bu günlərdə yenidən Avropa İttifaqının diqqət mərkəzinə düşməsi təsadüfi deyil. İlk növbədə bu, Türkiyənin regional və qlobal miqyasda öz mövqelərini gücləndirməsi ilə bağlıdır. Türkiyə artıq yerləşdiyi regionda əsas söz sahibidir və bu regionda icrası nəzərdə tutulan, yaxud da planlaşdırılan heç bir layihə Türkiyənin iştirakı olmadan reallaşdırıla bilməz. Artıq bu reallığı Brüsseldə də başa düşüblər.

Qeyd etməliyik ki, Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlər çox vaxt siyasi gərginliklərdən əziyyət çəkib. Avropa İttifaqı Türkiyənin demokratik islahatlar sahəsindəki irəliləyişlərini bəzən görməzdən gəlib, onları layiqincə qiymətləndirməyib, bəzi məsələlərdə ədalətsiz yanaşma nümayiş etdirib. Məsələn, insan haqları, mətbuat azadlığı və siyasi azadlıqlarla bağlı Avropa İttifaqının vaxtaşırı Ankaranın ünvanına səsləndirdiyi tənqidlər Türkiyədə ədalətsiz və müdaxiləli yanaşmalar kimi qiymətləndirilib. Türkiyənin Avropa İttifaqına üzv olmaqla bağlı etdiyi müraciətlərin uzun illər nəticəsiz qalmasının arxasında din amilinin əhəmiyyətli rol oynamasına dair ölkə ictimaiyyətində dərin təsəvvür yaranıb. Türklər “xristian klubu”nda bütün hallarda bir müsəlman dövlətinə yer olmadığı qənaətinə gəliblər. Təbii ki, proses hər dəfə Ankaradan deyil, Brüsseldən əngəllənirdi və münasibətlərdə yaşanan daimi böhranların təməlində Avropa İttifaqının Türkiyəyə qarşı ikili standartları özünü daha qabarıq biruzə verirdi. Ona görə də Türkiyə son illərdə öz xarici siyasətində bir sıra dəyişikliklərə getməyə məcbur oldu. Yeni tərəfdaşlar axtaran Ankara Bakı, Moskva, Pekin, İslamabad, həmçinin Mərkəzi Asiya paytaxtları ilə siyasi-iqtisadi əlaqələri gücləndirdi. Təkcə əlaqələr güclənmədi, həmçinin nüfuzetmə imkanları genişləndi, böyük coğrafiyada Ankaranın səsi daha gur eşidilməyə başladı. Son illərdə Türkiyənin ərəb dünyasında, xüsusilə də Yaxın Şərqdə oynadığı rol onu qlobal siyasətin əsas fiqurlarından birinə çevirdi.

Ötən ay 13 il davam edən Suriya münaqişəsinə son qoyulması və bu məsələdə Türkiyənin həyati əhəmiyyətli rol oynaması tarixi hadisə idi. Türkiyə lap münaqişənin əvvəlindən bölgədə yaranmış humanitar böhranın aradan qaldırılmasında açar dövlət rolunu oynayırdı. Müharibə nəticəsində öz torpaqlarından qaçqın düşən milyonlarla insana qucaq açan Türkiyə 13 il ərzində onlara vətən oldu, hər şeyini itirən insanların həyat şəraitinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynadı. Türkiyə həm də Suriya qaçqınlarının Avropaya miqrasiyasının qarşısının alınmasında lazımi tədbirlər gördü. Bu addımlar Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirilsə də onlar qaçqınların saxlanması üçün Türkiyə hökumətinə vəd etdikləri vəsaitin çatdırılmasında Ankara qədər qətiyyətli olmadılar. İndi isə vəziyyət dəyişib. Suriya böhranı həll olunub və hazırda Türkiyə Suriyanın yeni adminstrasiyasının fəaliyyətinə dəstək verir, regionda sülhün və təhlükəsizliyin qorunub saxlanmasında müstəsna işlər görür. Bu isə Avropa İttifaqını Türkiyənin regional və qlobal liderliyini tanımaqla bağlı siyasət yürütməyə vadar edir. Xeyli vaxtdan sonra Türkiyə ilə iqtisadi görüşlərə başlamaqla bağlı qərarın verilməsi də bu məcburiyyətin nəticəsidir. Təbii ki, Türkiyə Avropa İttifaqının əsas iqtisadi tərəfdaşlarından biri olma potensialına malikdir. Türkiyənin çoxşaxəli iqtisadiyyatı, xüsusilə gənc və dinamizmi ilə fərqlənən əhalisi, böyük bazar potensialı və strateji coğrafi mövqeyi onu Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevirir. Türkiyə həmçinin Avropanın enerji ehtiyaclarını təmin edən mühüm tranzit ölkəsidir. Ona görə də yenidən canlanan əlaqələr fonunda qazanan təkcə Türkiyə olmayacaq. Avropa İttifaqının da bu prosesdən yararlanması üçün xeyli imkanlar var. Ancaq prosesin önündə nəvaxtsa yenidən divarlar əmələ gəlsə o zaman itirən yenə də Avropa İttifaqı olacaq.

MTM Analitik Qrup