Rəsmi İrəvanın qeyri-adekvat davranışları danışıqlar prosesinin sürətlənməsinə və məntiqi sonluqla yekunlaşmasına mane olur. Ermənistanın üç il ərazisində yerləşdirilmiş Avropa İttifaqı mülki missiyasının (EUMA) fəaliyyət müddətinin uzadılması hazırda iki ölkə arasında etimad mühitinin möhkəmlənməsinə mane olan, regionda sabitliyi təhdid edən əsas maneələrdən birinə çevrilib.
Xatırlatmaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2022-ci ilin oktyabrında Praqada keçirilmiş görüşdə həmin missiyanın Ermənistanda iki ay müddətində olmasına dair əldə olunan razılaşmaya sonradan əməl edilməyib. Rəsmi İrəvanın himayədarı Fransanın dəstəyi ilə müşahidə missiyasını tədricən hərbi kontingentə çevirməsi, şərti sərhəd ərazilərdə mövqelərimizin müntəzəm izlənilməsi, icazəsiz müşahidələrin aparılması rəsmi Bakıda haqlı olaraq ciddi narazılıq yaradır.
Avropa İttifaqı iddia edir ki, EUMA-nın vəzifəsi guya regiondakı vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişənin təsirinə məruz qalmış ərazilərdə insan təhlükəsizliyinə töhfə vermək, Ermənistan və Azərbaycan arasında etimadın yaranmasını dəstəkləməkdir. Missiyanın məqsədinin “regionda sülh və sabitliyi dəstəkləməkdən ibarət olması ilə iddiaların reallıqla uzlaşmadığını, Ermənistanın məkrli hərbi-siyasi niyyətlərinə xidmət etdiyini postmüharibə dövründə cərəyan edən hadisələr fonunda əminliklə söyləmək mümkündür. Fransanın siyasi təsiri altında olan Avropa İttifaqının ölkəmizə qarşı son illərdəki qərəzli davranışları kontekstində missiyanın fəaliyyəti ilə bağlı etimadsızlıq tamamilə təbiidir. Həm də ona görə ki, EUMA-nın fəaliyyəti rəsmi Bakının razılığı olmadan daha iki müddətinə uzadılıb.
Avropa Parlamenti Ermənistanda yerləşdirilmiş missiya çərçivəsində ekspertlərin sayının artırılmasını, onun potensialının gücləndirilməsini və yerləşdirilmə müddətinin daha beş il uzadılmasını, coğrafi əhatə dairəsinin Ermənistan-Türkiyə sərhədinə qədər genişləndirilməsini istəyib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yanvarın əvvəlində bildirib ki, Avropa İttifaqı mülki missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirməlidir. Sərhədlərin delimitasiya və demarkasiyası isə uzun sürən, mürəkkəb prosesdir və hətta mümkün sülh sazişindən sonrakı mərhələdə də davam etdirilə bilər.
A.Mirzoyanın sözlərindən belə anlaşılır ki, rəsmi İrəvan faktiki olaraq Avropa İttifaqı missiyasınnın hələ uzun illər ərazisində qalmasında maraqlıdır. Eyni zamanda, Ermənistan mülki ad altında hərbiləşdirilən bu destruktiv missiyanın fəaliyyətinə artıq “təhlükəsizlik çətiri” kimi yanaşmağa başlayıb. Odur ki, Azərbaycanın guya bu ölkəyə qarşı hər hərbi eskalasiyaya başlayacağı barədə səsləndirilən əsassız mülahizələr süni şəkildə gündəmdə saxlanılır. Rəsmi İrəvan ərazisində başqa təşkilat və ölkələrin hərbi qüvvələrini yerləşdirilməsinə guya “bəraət qazandırmaq” istəyir. Faktiki olaraq, Azərbaycanla sərhədin qorunması üçün EUMA-dan yardım istəyir.
Son günlərdə EUMA Azərbaycana yaxın ərazilərdə destruktiv fəaliyyətini xeyli genişəndirib. Yanvarın 28-də sosial şəbəkələrdə “müşahidəçilər”in Azərbaycan sərhədi boyunca hərəkətini əks etdirən görüntülər yayılıb. Fevralın 4-də isə missiyanın digər qrupu Qazax rayonu istiqamətinə gəlib, yaxıngörmə cihazları ilə ərazilərimizi, hərbi mövqelərimizi müşahidə ediblər. Bu və digər missiya üzvlərinin əldə etdikləri hərbi xarakterli məlumatları Ermənistan silahlı qüvvələrinə ötürdükləri, casusluq fəaliyyəti ilə məşğul olduqlarına da heç bir şübhə yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bununla bağlı ölkəsinin narahatlğını ifadə edib. O bildirib ki, Rusiya Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının neqativ münasibətindən və konfrontasiya mahiyyətindən xəbərdardır. “Bu missiyanın anti-Azərbaycan, anti-Rusiya, anti-İran məqsədləri aşkardır. Xüsusilə NATO ölkələri də buna qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə olunan geosiyasi layihədir. Onun vəzifələri bizə yaxşı məlumdur: vəziyyətin sabitliyinin pozulması və bundan Cənubi Qafqaz xalqlarına qarşı istifadə edilməsi”, – deyə o bildirib.
Qeyd edilənlər göstərir ki, rəsmi Bakı haqlı olaraq təxribatçı missiyanın fəaliyyətinə son qoyulmasını tələb edir. Ermənistanda regiondan kənar qüvvələrin hərbi kontingentinin mövcudluğu Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma meydanına çevirir. Bu vəziyyət həm də şərti sərhəd ərazilərdə hərbi gərginliyin artmasını tətikləyir, delimitasiya prosesinin normal aparılmasına mane olur. İki ölkə arasında qarşılıqlı anlaşma şəraitində delimitasiya və demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olması, onun tərkibinin hərbi xarakterli qüvvələrlə zənginləşdirilməsi sadəcə pozuculuq fəaliyyətinə xidmət edir. Üçüncü ölkənin sərhəddə yerləşdirilməsi etimadsızlığın yaranmasına, Avropa İttifaqının Cənubi Qafqazda təhlükəsizlik və hərbi faktor kimi ortaya çıxmasına səbəb olur.
Prezident İlham Əliyev hələ “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində bununla bağlı ölkəmizin əsaslı şərtini bir daha diqqətə çatdırmışdı: “Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb”.
Rəsmi Bakının tələbi həm də Avropada region ölkələrinə münasibətdə hökm sürən ikili standartlarla şərtlənir. Fransanın siyasi təsirinin daha çox hiss olunduğu Avropa İttifaqının proseslərə qərəzli yanaşması, açıq tərəf tutması Ermənistanı sülh masası ətrafında konstruktivlik nümayiş etdirməsinə mane olur. Belə olan halda, təşkilatın mülki missiyasının da obyektiv və qərəzsiz fəaliyyətinə heç bir təminat yoxdur.
MTM Analitik Qrup