
Ötən əsrin son dekadasında müstəqillik əldə edən Ermənistan reallıqda vassal statusundan xilas ola bilməyərək, müxtəlif güc mərkəzlərinin təsir dairəsində qalmaqda davam edib. Məlum həqiqətdir ki, Sovetlər İttifaqının dağılmasından sonra Ermənistan siyasi, təhlükəsizlik və iqtisadi baxımdan Rusiyadan ciddi şəkildə asılı vəziyyətdə olub. İndi də Rusiya bu ölkədə hərbi baza saxlayır, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Bu amillər Rusiyanın Ermənistandakı mövqelərini hələ də möhkəm saxlamasına imkan verir. Digər tərəfdən Rusiya Ermənistan üçün həm də əsas enerji və silah təchizatçısı rolunu oynamaqda davam edir.
Lakin 2018-ci ildə baş vermiş siyasi dəyişikliklərdən sonra Ermənistanın xarici siyasət kursunda Rusiya ilə münasibətdə müəyyən dönüşlər müşahidə olunmağa başladı. Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət Qərblə, xüsusən də Avropa İttifaqı ilə əlaqələri genişləndirməyə maraq göstərdi, bir sıra istiqamətlər üzrə Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirməyə başladı. Avropa İttifaqı isə Ermənistanı Şərq Tərəfdaşlığı proqramı və digər fəaliyyət çərçivəsində özünə yaxınlaşdırmağa çalışır. Bununla yanaşı, qurumun Ermənistandakı təsiri əsasən yumşaq güc vasitələri ilə həyata keçirilir. Maliyyə yardımları, texniki dəstək proqramları, bu siyasətin əsas elementləridir.
Bütün bunlar fonunda erməni cəmiyyətində, siyasi qüvvələr arasında Rusiya və Qərbə münasibətdə artıq bir parçalanma qeydə alınır. Bir hissə Qərbin, digər hissə isə Rusiyanın himayəsində yaşamağa can atır və bu hal gələn il keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca özünü daha qabarıq şəkildə büruzə verir. Mövcud vəziyyətdə xüsusi diqqət çəkən hallardan biri Ermənistan 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərindən əvvəl Avropa İttifaqından kömək istəməsidir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas faktı təsdiq edib və məsələnin qurumun xarici işlər nazirlərinin görüşündə müzakirə olunduğunu bildirib: “Bilirsiniz ki, gələn il Ermənistanda seçkilər olacaq və biz onlara necə kömək edə biləcəyimizi bilməliyik. Ermənilər bizə müraciət edərək, Moldovaya göstərdiyimiz xarici müdaxiləyə qarşı mübarizədə eyni dəstəyi istəyirlər”.
Ermənistan hakimiyyətinin müraciəti, Avropa İttifaqının mövqeyi sözügedən ölkədə əsasən Rusiyayönlü hesab edilən müxalifətin kəskin narzılığına səbəb olub. Xarici İşlər Nazirliyinin sözçüsü buna cavabında bəyan edib ki, Ermənistan-Avropa İttifaqı əməkdaşlığı seçki prosesini də əhatə edir: “Seçki proseslərinin demokratik standartlara uyğun olmasını təmin etmək yolunda mümkün hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün əməkdaşlıq istisna deyil. Proses Avropa İttifaqının dəstəyi, bu qurum və üzv dövlətlərin qeyd olunan istiqamətdəki təcrübəsi və alətləri nəzərə alınmaqla həyata keçirilir. Müvafiq olaraq, bəli, bu istiqamətdə birgə müzakirələr nəticəsində formalaşan təşəbbüslər var və qərarlar qəbul edilərsə, ictimaiyyət lazımi şəkildə məlumatlandırılacaq”. Ani Badalyan söhbət hansı hibrid təhdidlərdən, onların hansı ölkədən və ya ölkələrdən gəldiyini açıqlamayıb. Lakin parlamentin vitse-spikeri Ruben Rubinyan qeyd edir ki, təhdidlər göz qabağındadır: “Məsələn, müəyyən vebsaytlar açılır, onlar vasitəsilə saxta xəbərlər yayılır. Yaxud bu müdaxilə qanunsuz maliyyələşdirmə formasında ola bilər. Əsas sual narahat olub-olmamaqda deyil, müdaxilə cəhdinin olma ehtimalını görürük və bu müdaxilənin qarşısını almaq üçün vasitələrimizi artırırıq”.
Hökumət konkret olaraq Rusiyadan təhdidlər görürmü? Bu suala cavabda Ruben Rubinyan hansısa bir ölkənin adını çəkməkdən imtina edib. Amma Avropa İttifaqı bu məsələdə məhz Rusiyanın adını qabardır. Kaya Kallas qeyd olunan xüsusda bildirir: “Rusiya və onun təmsilçiləri gələnilki parlament seçkilərindən əvvəl Ermənistanda dezinformasiya kampaniyalarını artıq aktivləşdirirlər. Moldovada gördüyümüz eyni şəbəkələri görürük, yəni əl yazısı eynidir. Avropa İttifaqının Ermənistanı maliyyələşdirilməsinə xarici müdaxilənin aşkarlanması, təhlili və cavabı da daxil olacaq”. Sabiq prezident Serj Sarkisyanın liderlik etdiyi müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan isə Avropa İttifaqının və Paşinyan hakimiyyətinin iddialarını rədd edir. Hayk Mamicanyan bildirib ki, onun fraksiyası bunu Avropa İttifaqı tərəfindən ölkənin daxili işlərinə birbaşa müdaxilə hesab edir: “Seçki prosesi üçün anlaşılmaz məntiqdir. Hansı hibrid müharibə, hansı xarici təsir var? Əgər xarici təsir dedikdə, Ermənistandakı seçkilərin Azərbaycan və Türkiyənin istədiyini yerinə yetriən bir şəxs, yəni Paşinyan tərəfindən təşkil olunduğunu nəzərdə tuturlarsa, bəli, bu məntiqdə Ermənistanda xarici təsir var. Başqa heç bir məntiqi başa düşmürəm”. Buna cavabında “Vətəndaş Müqaviləsi” Partiyasından olan millət vəkili Sarqis Xandanyan qeyd edib: “Ermənistan Respublikasının daxili işlərinə müdaxilədən söhbət gedə bilməz, çünki bu, təcrübə mübadiləsi çərçivəsində baş verir və daxili müdaxilə baxımından müxalifət həmkarlarınızdan, məsələn, rusiyalı oliqarxın Ermənistanın daxili siyasi həyatına müdaxiləsinə hansı qiymət verəcəyini soruşmağınızı istərdim”.
Parlamentdənkənar müxalifəti təmsil edən Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan iddia edib ki, baş nazir Nikol Paşinyan Ermənistanı “vəkalətnamə” müharibəsinə sürükləyir: “Paşinyan, əslində, bütün rəqiblərini Rusiyanın apardığı “hibrid” müharibənin əsgərləri elan edir və Avropadan antidemokratik hərəkətlərinə dəstək istəyir. Bu, dövlətə xəyanət olmasa belə, misli görünməmiş bir rüsvayçılıqdır”. Zurabyanın sözlərinə görə, Nikol Paşinyan müxalifətə qarşı yalan ittihamlar irəli sürməklə, seçki nəticələrini saxtalaşdırmaq planını həyata keçirmək üçün Avropa İttiafqından “yaşıl işıq” gözləyir. Hayk Mamicanyan da oxşar fikirdədir: “Ermənistanda təxminən 50 siyasi məhbus var və onlar bizi də daxil olmaqla, daim hansısa xarici əlaqələrdə ittiham etməyə çalışırlar. Lakin qanunsuz həbsdə olanlara qarşı müvafiq maddə irəli ittiham sürülməyib, hətta onlar üçün başqa maddələrlə iş açılıb. Paşinyan isə hələ də artıq pula çalışan redaktor olmadığını başa düşmür”.
Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistan Avropa İttifaqı ilə Rusiya arasında gedən geosiyasi mübarizənin mərkəzində qalmaqda davam edir. Bu mübarizə ölkənin daxili siyasi proseslərinə, iqtisadi inkişaf perspektivlərinə və regional mövqeyinə birbaşa təsir göstərir. Ölkənin yeganə xilas yolu isə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırıb, sülh, əməkdaşlıq şəraitində yaşamaqdan keçir.
MTM Analitik Qrup
