
Ukraynada davam edən müharibə, Rusiya-Qərb münasibətlərindəki gərginliyin pik həddə çatması karbohidrogen ehtiyatlarından geosiyasi təzyiq aləti kimi istifadə meyillərini gücləndirib. Bu kontekstdə respublikamızın reallaşdırdığı enerji layihələri beynəlxalq əməkdaşlığın dərinləşməsinə, Azərbaycanın dünya neft-qaz bazarında sanballı yerini tutmasına zəmin yaradıb. Milli mənafelərə əsaslanan bu layihələr Azərbaycanı nəinki yerləşdiyi regionun, Avropa qitəsinin aparıcı təzhizatçılarından birinə çevirib.
Azərbaycanın enerji resurslarının ixracının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin Avropa İttifaqına daxil olan dövlətlər tərəfindən dəstək alması ölkəmizin bu məkanda siyasi dəstək almaq, strateji maraq və mənafelərini təmin etmək imkanlarını genişləndirir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin hərbi-siyasi üstünlüyü ilə Cənubi Qafqazda formalaşmış yeni geosiyasi mühit Avropanın bir sıra aparıcı beynəlxalq təşkilatlarının və dövlətlərinin regiona diqqətini artırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa ölkələrinə reallaşan müntəzəm səfərləri çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, aparılan müzakirələr Avropa İttifaqının ölkəmizlə əlaqələrində müsbət dinamikanı gücləndirib. Fəal diplomatiya yürütməklə erməni diasporunun Avropa ölkələrinə neqativ təsirlərini maksimum dərəcədə neytrallaşdırmağa nail olmuş Prezident İlham Əliyev bu auditoriyada postmünaqişə dövrünün reallıqları ilə bağlı obyektiv təsəvvürlər formalaşdırmağa nail olub. Regionda qarşıdurma səhifəsinin bağlanmasını zəruri hesab edən Avropa İttifaqının əksər ölkələri Azərbaycanın yeni geosiyasi reallığa adekvat şəkildə irəli sürdüyü konstruktiv sülh gündəliyini dəstəkləyir, ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməyə çalışırlar.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın aprelin 2-də Bakıda keçirdiyi səmərəli görüşlər lokal antiterror tədbirlərindən sonra Avropa İttifaqı ilə Azərbaycan arasında yaranmış soyuqluğun geridə qaldığını göstərir. Son illərdə Azərbaycan əleyhinə qərəzli bəyanatlar səsləndirən Fransa, Niderland və digər bir sıra ölkələr hazırda Ermənistanla yekun sülh sazişi üzrə müddəaların razılaşdırılmasını təqdir edirlər. Regionda hərbi-siyasi qarşıdurma səhifəsinin bağlanmasını zəruri hesab edən Avropa İttifaqı ölkələri Azərbaycanın yeni geosiyasi reallığa adekvat şəkildə irəli sürdüyü konstruktiv sülh gündəliyini dəstəkləyir, ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməyə çalışırlar.
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edərkən ikitərəfli əlaqələrin bir sıra istiqamətlər üzrə uğurlu əməkdaşlıq etdiyini, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyib, Cənub Qaz Dəhlizinin fəaliyyətdə olduğu 4 il müddətində Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxunub. Xüsusi vurğulayıb ki, ölkəmiz Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir.
Avropa İttifaqının Azərbaycana etibarlı tərəfdaş kimi yanaşması təkcə enerji təhlükəsizliyi amili ilə məhdudlaşmır. Rəsmi Bakının beynəlxalq bölgədə sabitləşdirici rol oynaması, regionun aparıcı dövlətləri ilə münasibətlərini normal məcrada inkişaf etdirməsi, hərbi-siyasi bloklara qoşulmamaq xətti yürütməsi, və digər mühüm amillər ölkəmizin bu geosiyasi arealda siyasi çəkisini daha da artırıb. Xatırladaq ki, ötən il Avropa parlamentinin qərəzli “boykot” çağırışlarına rəğmən, Avropa ölkələrinin böyük əksəriyyətinin COP29-da fəal iştirakı Azərbaycanın bu geosiyasi arealda enerji təhlükəsizliyinə verdiyi töhfənin yüksək dəyərləndirilməsinin və siyasi nüfuzunun göstəricisi olub.
Azərbaycandan təbii qaz idxalını ilbəil artırmağa çalışan Avropa İttifaqı ölkəmizlə yaşıl enerji sahəsində də sıx əməkdaşlıq etmək niyyətindədir. Son illərdə respublikamızın təşəbbüsü ilə regionda həyata keçirilən yaşıl enerji layihələri ölkəmizin qlobal təchizatda sabitləşdirici rol oynamasına zəmin yaradıb. 2030-cu ilədək yaradılacaq azı 7 QVt yaşıl enerji güclərinin 70 faizindən çoxunun ixraca yönəldilməsi məqsədilə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsi tərtib edilir. Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycan Avropa ölkələrinə ilkin mərhələdə 4 QVt “yaşıl enerji” tədarük etməyi planlayır.
Mərkəzi Asiyada istehsal olunan “yaşıl enerji”nin Azərbaycan üzərindən Avropaya çatdırılması da ikitərəfli əməkdaşlığın mühüm istiqmətlərindən biri ola bilər. Respublikamız Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Transxəzər enerji dəhlizinin inkişafında, Qara dəniz istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan və son dövrlərdə Bolqarıstanın da qoşulduğu “yaşıl enerji” layihələrin reallaşdırılmasında vacib rol oynayır. Qeyd olunanlar yaxın illərdə ölkəmizə Avropanın təkcə qaz deyil, elektrik enerjisi bazarında da möhkəmlənmək imkanı yaradacaq.
MTM Analitik Qrup