AVROPA İTTİFAQI 12 YENİ YANĞINSÖNDÜRƏN TƏYYARƏ ALACAQ

Avropa İttifaqı hər il daha da güclənən meşə yanğınları ilə mübarizə qabiliyyətini artırmaq niyyətindədir. Brüssel bu məqsədlə 12 ədəd yeni yanğınsöndürən təyyarə almağı planlaşdırır.

Associated Press agentliyi xəbər verir ki, yeni təyyarələr Yunanıstan, Xorvatiya, Fransa, İtaliya, İspaniya və Portuqaliyaya yerləşdiriləcək. Qitədəki yanğınsöndürmə əməliyyatları Brüssel tərəfindən koordinasiya ediləcək.

Avropa İttifaqı ötən yay mövsümündə Cənubi Avropada baş verən güclü yanğınlardan sonra ehtiyat parkını iki dəfə artırıb. Buna baxmayaraq, Aİ istənilən qaynar nöqtəyə operativ yetişmək üçün helikopterlərin də daxil olduğu yanğınsöndürmə aviaparkını yenidən genişləndirmək istəyir. Lakin yanğına qarşı bəzi uçuş aparatlarının istehsalı dayandığı üçün buna xeyli vaxt lazım gələcək.

Brüsselin məlumatına görə, Kanadanın “De Haviland” kompaniyası Avropa İttifaqından sifariş alacaqları təqdirdə “Canadair” yanğınsöndürən təyyarələrinin istehsalını bərpa etməyə razılıq verib. Aİ üçün 12 təyyarədən ibarət partiya 23 milyon avroya başa gələcək.