Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək.
Millimiz səfərdə Avstriya yığmasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:25-də başlayacaq.
Hazırda 9 xalla D qrupunda ikinci pillədə yer alan yığmamız final mərhələsinə vəsiqə əldə etmək üçün mütləq qələbə qazanmalıdır. Avstriya seçməsi Azərbaycandan 2 xal geri qalır.
Bakıda keçirilən matçda Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibi 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi “Avro-2023”ün final mərhələsinə yüksələcəklər. D qrupundan Sloveniya artıq vəsiqəni təmin edib.

