Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1 millimetrədək, Gəncədə 6, Daşkəsəndə 5, Gədəbəy, Qobustan, Şahbuz, Göygöl, Göyçay, Naxçıvan, Naftalan, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Kürdəmir, Ağdam, Bərdə, Şamaxı, İsmayıllıda 4 millimetrədək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32°, Naxçıvan Muxtar Respublikasında 32-36°, Aran rayonlarında 30-36°, dağlıq rayonlarda 20-25° isti olub.
Avqustun 29-u şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək.
Bakıda və Abşeron yarımadasında da avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, gecəyə doğru arabir 20-23 metrədək güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır.