AVQUSTUN 16-DA BƏZİ RAYONLARDA HAVA YAĞINTILI OLACAQ

Azərbaycanda avqustun 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 35-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-26°, gündüz 36-41° isti, dağlarda gecə 16-21°, gündüz 26-31° isti olacağı ehtimal edilir.